Masallıda yaşanan hadisə ictimaiyyətdə rezonans doğurub. Belə ki, Qızılağac kənd sakini 26 yaşlı Kamilə Bağışzadə, ağır maddi vəziyyət və ərinin qorxusu ucbatından 1 aylıq oğlunu sirkə turşusu ilə, bir il sonra dünyaya gələn qızını isə cinsiyyətinə görə xəstəxanada boğaraq öldürməkdə təqsirli bilinib.
Diqqətçəkən detallardan biri isə Kamilənin sonuncu uşağını abort elətdirmək istəsə də, həmin vaxt “Məhərrəm ayı” olduğuna görə bunu reallaşdıra bilməməsidir. Buna görə də o, “çıxış yolu” kimi boğmağı seçib. Maraqlıdır ki, Məhərrəm ayı ilə bağlı inanclara görə bu kimi hallar çox baş verir. Həmin dövr ərzində abortdan imtina edilir, əksəriyyət gözəllik prosedurlarını təxirə salır və digər davranışları formalaşadıran yanaşmalar sərgilənir.
Məhərrəm ayında belə qadağalar nə dərəcədə doğrudur? Din bu barədə nə deyir?
Globalinfo.az-a danışan dinşünas Tural İrfan deyib ki, Məhərrəm adi aydır, bu, matəm ayı deyil:
“Bu ayda xüsusi qadağalar yoxdur. İslam hüququnda Məhərrəm ayı matəm ayı kimi qəbul olunmur. Əslində, bu ayda nikahlardan, təmizlikdən çəkinmək günahdır. Vaxtilə farslar İslam dinini təhrif edərək qədim din və ayinlərinə uyğunlaşdırıblar. Tarixi proseslər nəticəsində bu təhriflər bizə də keçib. Bəzən də xurafatçı din xadimləri əhalini istismar edib və nəzir, pul yığmaq üçün əsassız adətlər qondarıblar”.

Tural İrfan
Dinşünas bildirib ki, uşağı abort etdirmək ümumiyyətlə dində qəbul olunmur:
“Yalnız sağlamlıq üçün təhlükə yarandıqda xilas məqsədi ilə buna yol verilə bilər. Lakin sonradan uşağı öldürmək isə cinayətdir. Bu kimi bədbəxt hadisələr xurafatın din kimi təbliğ olunmasından doğur. Məhərrəm ayında Kərbəla şəhidlərini normal qaydada yada salmaq, dua etmək lazımdır. Başqa heç bir qeyri-adi hərəkətə, ayinə ehtiyac yoxdur. Əksinə bu ayda günah işlərdən daha çox çəkinmək lazımdır”.
Qeyd edək ki, bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə 16 iyun, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.