Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) iyunun 12-dən etibarən Ermənistandan gətirilən bütün karantin nəzarətində olan məhsulların ölkəyə idxalını məhdudlaşdıracaq.
Turkustan.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Məlumata görə, qadağa həm Ermənistanda istehsal edilən və göndərilən məhsullara, həm də Rusiya ərazisindən keçməklə Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranzit daşınan yüklərə şamil olunur.
Rosselxoznadzorun məlumatında qeyd edilib ki, məhdudiyyət daşınan məhsulların təhlükəsizliyi və izlənilməsini təmin edəcək konkret mexanizm hazırlanandan sonra ləğv oluna bilər.
Qurum qərarın Ermənistan məhsullarında karantin obyektlərinin mütəmadi aşkarlanması ilə əlaqədar qəbul edildiyini bildirib.
Bildirilib ki, 2026-cı ilin may ayından başlayaraq Ermənistanın bir sıra kənd təsərrüfatı məhsullarının idxalına mərhələli şəkildə məhdudiyyətlər tətbiq olunub və bu barədə erməni tərəfinə dəfələrlə xəbərdarlıq göndərilib.
Qurumun iddiasına görə, iyun ayında Ermənistandan gətirilən qoz-fındıq, qurudulmuş şaftalı və qurudulmuş pomidor məhsullarında üç dəfə təhlükəli kapra böcəyi aşkarlanıb.
Rosselxoznadzor hesab edir ki, bu hallar Ermənistanın müvafiq fitosanitar qurumunun nəzarətinin yetərli olmadığını göstərir və ölkənin fitosanitar sertifikatlaşdırma sisteminə etimadı azaldır./Bizim.Media