Kremlin sözçüsü Dmitri Peskov ABŞ və İran arasında artan gərginlikdən narahat olduqlarını bildirərək tərəfləri təmkinli davranmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında qeyd edib ki, münaqişənin dərinləşməsi həm Yaxın Şərqdəki vəziyyətə, həm də qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər.
“Bütün tərəfləri təmkinli olmağa və dialoq prosesini bərpa etməyə çağırırıq. Gərginliyin yenidən artması regionda sabitliyə və beynəlxalq iqtisadiyyata əlavə risklər yarada bilər”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə gecə saatlarında İranda bir sıra hədəflərə zərbələr endirildiyini açıqlayıb.
Bunun ardınca İran İnqilab Keşikçiləri Korpusu ABŞ hücumlarına cavab olaraq Küveyt, Bəhreyn və İordaniyada yerləşən bəzi Amerika hərbi obyektlərini hədəfə aldığını bəyan edib.
Bölgədə vəziyyət gərgin olaraq qalır və tərəflərin növbəti addımları beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Aytən Yaşar/ Turkustan.az