Kılıçdaroğlu geri çəkilmədi! Partiya Şurasının iclası başladı


Cümhuriyyət Xalq Partiyasında (CHP) liderlik ətrafında yaranan gərginlik Partiya Şurasında baş verən istefalarla yeni mərhələyə qədəm qoyub.

Turkustan.az xəbər verir ki, məlumata görə, Özgür Özələ yaxın olan 28 Partiya Şurası üzvünün iclasdan əvvəl istefa verməsi partiya daxilində müzakirələri daha da intensivləşdirib. Bu addımdan sonra diqqətlər həm qarşıdakı iclasın nəticələrinə, həm də partiya nizamnaməsinin necə tətbiq olunacağına yönəlib.

Özgür Özələ yaxın mənbələr hesab edirlər ki, istefalar nəticəsində Partiya Şurası və onun tərkibindən formalaşdırılan Mərkəzi İcraiyyə Şurası fəaliyyət qabiliyyətini itirib. Onlar CHP Nizamnaməsinin 24-cü maddəsinin 3-cü bəndinə istinad edərək bildirirlər ki, Partiya Şurasının üzvlərinin sayı müəyyən olunmuş həddən aşağı düşdükdə 45 gün ərzində növbədənkənar qurultay keçirilməlidir.

CHP rəhbərliyinə yaxın isimlərdən biri olan Zeynel Emre də qurultayın çağırılmasının zəruri olduğunu bildirib. Onun sözlərinə görə, mövcud vəziyyətdə partiya rəhbərliyinin qurultay keçirilmədən yeni qərarlar qəbul etməsi mümkün deyil.

Bununla yanaşı, Kemal Kılıçdaroğluna yaxın çevrələr məsələyə fərqli yanaşırlar. CHP-nin keçmiş sözçülərindən Müslim Sarı Partiya Şurasının fəaliyyətini davam etdirəcəyini vurğulayaraq, istefaların qurumun işinə mane olmadığını və iclasın planlaşdırıldığı kimi keçiriləcəyini bildirib.

Beləliklə, partiya daxilində həm rəhbərlik, həm də təşkilati strukturla bağlı fikir ayrılıqları davam edir və qarşıdakı günlərdə veriləcək qərarların CHP-nin gələcək fəaliyyətinə ciddi təsir göstərəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ