Almaniya kansleri Fridrix Merz Ukraynanın Avropa İttifaqına inteqrasiyasının davam etdirilməsinin vacibliyini vurğulayaraq, ölkənin gələcəkdə Aİ-nin bir hissəsinə çevriləcəyinə inandığını bildirib.
Turkustan.az xəbər verir ki, Merts bu fikirləri Bundestaqda çıxışı zamanı səsləndirib.
Kansler qeyd edib ki, Ukrayna ilə bağlı əsas məqsəd təhlükəsizlik maraqlarını da nəzərə alan ədalətli və davamlı sülhə nail olmaqdır.
“Bu səbəbdən biz Ukraynanı dəstəkləyirik. Dünən də dəstəkləmişik, bu gün də dəstəkləyirik və nə qədər lazım olsa, sabah da dəstəkləməyə davam edəcəyik”, – deyə o bildirib.
Merts xatırladıb ki, Avropa İttifaqı Ukraynaya 90 milyard avro həcmində maliyyə dəstəyi ayırıb və bu vəsaitin icrası hazırda maneəsiz şəkildə davam edir. Onun sözlərinə görə, bu addımlar Rusiyaya qarşı təzyiqin artırılmasına xidmət edir.
Kansler həmçinin bildirib ki, Aİ Rusiyanın “kölgə donanması”na qarşı daha sərt tədbirlər görür və hazırda Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin hazırlanması istiqamətində iş aparılır.
Fridrix Merts Ukraynanın Avropa İttifaqındakı perspektivinə də toxunaraq vurğulayıb ki, Ukrayna Avropanın ayrılmaz hissəsidir və uzunmüddətli perspektivdə Avropa Birliyinə üzv olmalıdır.
Aytən Yaşar/ Turkustan.az