Kanadada keçmiş Air Canada pilotu Ceffri Uollun təxminən 17 il ərzində tələb olunan lisenziyaya malik olmadan kommersiya sərnişin təyyarələrini idarə etdiyi iddia olunur.
Turkustan.az xəbər verir ki, Kanada polisinin məlumatına görə, Ontario əyalətinin Barri şəhərində yaşayan 59 yaşlı Uoll 2009–2025-ci illər arasında aviaşirkətdə kapitan kimi fəaliyyət göstərib. İstintaq materiallarında onun bu müddət ərzində böyük sərnişin təyyarələrini idarə etmək üçün tələb olunan lisenziyaya sahib olmadığı bildirilir.
Səlahiyyətli qurumların məlumatına əsasən, Uoll həmin dövrdə 900-dən çox daxili və beynəlxalq reys həyata keçirib.
Air Canada şirkəti açıqlamasında bildirib ki, Uollun qüvvədə olan kommersiya pilot lisenziyası olsa da, kapitan vəzifəsində işləmək üçün tələb edilən Hava Nəqliyyatı Pilot Lisenziyası (ATPL) olmayıb. Buna baxmayaraq, onun kapitan vəzifəsinə yüksəldiyi qeyd edilir.
Hadisə ilə bağlı araşdırmalar davam edir və məsələ aviasiya təhlükəsizliyi baxımından ciddi müzakirələrə səbəb olub.
Aytən Yaşar/ Turkustan.az