Bir zamanlar buna inanardıq... - Aleksanr Duma: “Azərbaycan kişisinin sözü sənəddir”


Xalidə Əli qızı

filologiya üzrə fəlsəfə doktoru

Son zamanlar ətrafımda xoşbəxt insana rast gəlmək çətinləşib. Kimisi ailəsindən gileylənir, kimisi sevgisindən, kimisi dostundan, kimisi işindən. Bir qismi yaşadığı haqsızlıqlardan şikayət edir, bir qismi isə heç nəyi izah edə bilmədən sadəcə narazıdır. Elə bil insanların çoxu həyatın özündən inciyib.

Hər hekayə fərqlidir, hər insanın öz həqiqəti var. Amma bütün bu hekayələrin içində məni düşündürən bir sual getdikcə daha çox qarşıma çıxır: nə baş verdi?

Mənim uşaqlığımda və məndən əvvəlki nəslin böyüdüyü mühitdə insanlara başqa cür həyat öyrədilirdi. Bizə deyirdilər ki, ailədə yalan olmaz. Sevdiyin insanın başını aşağı etmə. Vicdanını pula satma. Əlindən gəlirsə kömək et, bacarmırsansa zərər vermə. Hörmət göstər ki, hörmət görəsən.

Bu dəyərlər təkcə məktəbdə və ya kitabda öyrədilmirdi. Evdə danışılan nağıllarda, nənələrin nəsihətlərində, valideynlərin gündəlik davranışlarında yaşayırdı. Uşaqlar qəhrəmanlarını sərvətinə görə deyil, xarakterinə görə seçirdilər. Dürüst olmaq, mərhəmətli olmaq, sözünün üstündə dayanmaq insanın üstünlüyü hesab olunurdu.

Hətta rəhmətlik nənəm qonşuluqda əlil arabasında yaşayan bir qadını misal çəkərdi. Deyərdi ki, yalan danışmaq da, yalandan and içmək də böyük günahdır. Uşaq vaxtı bizə nəsihət verərkən həmin qadını göstərib: "Filankəs vaxtilə yalandan Qurana and içdi, Allah da onu bu günə qoydu", – deyərdi.

O zamanlar bu sözlərin nə qədər doğru olub-olmadığını düşünmürdüm. Amma bir şeyi yaxşı anlayırdım: bizə dürüst olmağı, verdiyimiz sözün arxasında dayanmağı, haqq yeməməyi öyrədirdilər. Elə bilirdik ki, həyat da bu qaydalarla işləyir.

Bəlkə də buna görə çoxlarımız həyat boyu aldandıq. İnsanlara güvəndik, xəyanətlə qarşılaşdıq, yaxşı niyyətimizin sui-istifadə edildiyini gördük. Amma bütün bunlara baxmayaraq, yenə də vicdanın və ləyaqətin dəyərinə inanmağa davam etdik. Çünki bizə öyrədilmişdi ki, insanın həqiqi qazancı malik olduqları deyil, qoruyub saxlaya bildiyi dəyərlərdir. Uşaqlığımızda bizə öyrədilən dəyərlərin mahiyyəti sadə idi. Mahatma Gandhinin məşhur fikrində olduğu kimi, insan hər günün sonunda özündən soruşmalı idi: "Bu gün kiməsə zərər vermədimmi?" Vicdanın ölçüsü də məhz bu sualda gizlənirdi.

Bu gün isə fərqli mənzərə ilə qarşılaşırıq.

İnsanlar artıq nə sevgiyə, nə vicdana, nə verilən sözə, nə də yaşanan ana əvvəlki dəyəri vermirlər.

Yalandan dürüstlük donu geyinənlərin, mənfəət naminə hər cür rəzilliyi qəbul edənlərin, vəzifə və maraq uğrunda saxtakarlıqdan çəkinməyənlərin, evdə ailəsinə, küçədə sevgilisinə yüz yalan danışanların, sevmədiyi halda rahatlığı və mənafeyi naminə həyat yoldaşından yararlananların sayı artdıqca insan istər-istəməz aldığı tərbiyəni, inandığı dəyərləri sorğulamağa başlayır.

Aldatdığını bilə-bilə övladının canına, anasının namusuna, atasının qeyrətinə və şərəfinə and içib yarı yolda qoyanlar, başqalarının ahını alanlar, bir başqasının xoşbəxtliyi üzərində öz ehtiyaclarını və emosiyalarını təmin edənlər çoxaldıqca düşünürsən: bəlkə də bu dünyada ən çətin şey vicdanlı, dürüst və səmimi qalmaqdır.

Və həmin an özündən soruşursan: görəsən, səhv məndə idi, yoxsa sadəcə dəyərlərin getdikcə ucuzlaşdığı bir zamana düşmüşəm?

İnsanlar sevgidən danışır, amma sədaqətə inanmır. And içirlər, amma sözlərinin məsuliyyətini daşımırlar. Bir-birinə dəyər verdiyini deyirlər, amma münasibətləri rahatlıq, maraq və şəxsi fayda üzərində qururlar. Sosial şəbəkələrdən tutmuş gündəlik söhbətlərə qədər hər yerdə eyni mesaj verilir: hisslərini çox göstərmə, sevgini gizlət, özünü olduğundan böyük göstər, lazım gələndə həqiqəti dəyiş.

Ən təhlükəlisi isə odur ki, bu davranışlar artıq qüsur kimi deyil, bacarıq kimi təqdim olunur.

Gənclərə öyrədilir ki, səmimiyyət zəiflikdir, mərhəmət sadəlövhlükdür, fədakarlıq isə uğursuz insanların seçimidir. Halbuki illər boyu cəmiyyətləri ayaqda saxlayan məhz bu xüsusiyyətlər olub. Güvən olmadan ailə qurulmur. Vicdan olmadan dövlət qurulmur. Mərhəmət olmadan insan qalmaq mümkün deyil.

Bəzən ətrafda gördüklərimizə baxıb aldığımız tərbiyəyə belə şübhə etməyə başlayırıq. Düşünürük ki, bəlkə bizə səhv öyrədiblər. Bəlkə dürüst olmaq həqiqətən də sərf etmir. Bəlkə vicdanlı olmaq insanı sadəcə daha çox incidir.

Amma mən başqa cür düşünürəm.

Problem vicdanlı insanların çox olması deyil. Problem vicdansızlığın normaya çevrilməsidir. Problem sevginin dəyərdən düşməsi deyil. Problem onun mənasının dəyişdirilməsidir.

Çünki sevgi insanı kiçiltməməlidir. Sevgi səni qorxu içində gözləyən, öz dəyərini unutmuş birinə çevirməməlidir. Həqiqi sevgi insanın içində təhlükəsizlik, hörmət və rahatlıq hissi yaratmalıdır.

Bəlkə də bu gün bizə yeni dəyərlər yaratmaq lazım deyil. Sadəcə köhnə dəyərləri yenidən xatırlamaq lazımdır. Övladlarımıza dürüstlüyün də uğur olduğunu, mərhəmətin də güc olduğunu, sədaqətin də müasir dünyada dəyərini itirmədiyini anlatmaq lazımdır. Yadımdadır, biz hələ 3-5 yaşlarında olanda atam bizə nağıllar danışardı. O nağılların qəhrəmanı çox vaxt özü olardı. Amma bu, adi qəhrəman olmazdı.

O, elmə dəyər verən, haqsızlığa boyun əyməyən, ona qarşı ədalətsizlik edən müəllimlərlə mübarizə aparan, qanunun aliliyinə inanan bir insan olardı. Həkimdirsə, xəstəsinin sağlamlığını hər cür şəxsi maraqdan üstün tutardı. Müəllimdirsə, vicdanını rüşvətə satmazdı. Harada olursa olsun, doğruluğun, ləyaqətin və ədalətin tərəfində dayanardı.

Biz o hekayələrə qulaq asa-asa böyüdük. Zəhmətin insanı ucaltdığına, vicdanın ən böyük sərvət olduğuna, ləyaqətin qiymətinin olmadığına inanaraq böyüdük. Bizə öyrədilən bu idi ki, insanın sözü imzasıdır, şərəfi var-dövlətindən qiymətlidir, sevgi isə istifadə etmək üçün deyil, qorumaq üçündür. Bu gün isə balasının canına, anasının namusuna, özünün qeyrətinə and içənə inandığımız üçün günah bizdədir deyirlər.

Bəlkə də buna görə həyatın içində yalanı, saxtakarlığı, xəyanəti, vicdansızlığı görəndə adamın içində nəsə qırılır. Çünki sən dünyanı sənə öyrədildiyi kimi sanırsan. Sonra anlayırsan ki, hamı eyni nağıllarla böyüməyib.

Çünki zaman dəyişə bilər, qaydalar dəyişə bilər, insanlar dəyişə bilər. Amma insanı insan edən dəyərlər dəyişəndə cəmiyyət özünü itirməyə başlayır.

Və mənim ən çox qorxduğum da budur.


MANŞET XƏBƏRLƏRİ