Tarixi gün: Ağdam şəhərinə köç başlayır


Ermənistanın işğalından azad olunandan sonra yenidən qurulan Ağdam şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlayır.

Turkustan.az “Yeni Sabah”a istinadla xəbər verir ki, “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərə ilk köç olacaq.

Noyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsidə Ağdam şəhərinə qayıdacaq sakinlər arasında evlərin bölgüsünə dair püşkatma keçirilib.

Şəhərin ilk sakinləri olacaq 104 ailə yaxın günlərdə doğma yurdlarına yola salınacaq.

Ümumilikdə 2026-cı ilə qədər Ağdama 20-25 min civarında əhalinin köçürülməsi nəzərdə tutulub. Ağdam təxminən 2000 hektarlıq ərazini əhatə edən 100 min əhalini məşkunlaşdıracaq ölkənin 4-cü ən böyük şəhəri olacaq.

Qeyd edək ki, Ağdam şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Vətən müharibəsinin sonunda - 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 2-də Ağdam Azərbaycana qaytarılıb.

2021-ci il may ayının 28-də Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının təməl daşını qoyub.


MANŞET XƏBƏRLƏRİ