İlqar Həsənov: Azərbaycanda 9 ayda 620 yeni standart qəbul edilib


Azərbaycanda 2026-cı ilin ilk 9 ayında 620 yeni dövlət standartı qəbul edilib.

Turkustan.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov Ümumdünya Standartlaşdırma Günü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ötən ilin müvafiq dövründə 221 yeni dövlət standartı qəbul edilib. Beləliklə, cari ilin 9 ayında qəbul edilən standartların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 2,8 dəfə artıb.

İlqar Həsənovun sözlərinə görə, yeni standartlardan 92-si nəqliyyat, 62-si qida texnologiyası və kənd təsərrüfatı, 43-ü isə mebel sahəsini əhatə edib.

Qeyd olunub ki, standartlaşdırma məhsul və xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin və etibarlılığının təmin edilməsində, istehlakçı hüquqlarının qorunmasında, eləcə də beynəlxalq ticarətin genişləndirilməsində mühüm rol oynayır. Standartların tətbiqi istehsal proseslərinin səmərəliliyinin artırılmasına, xərclərin optimallaşdırılmasına və məhsulların ixrac imkanlarının genişləndirilməsinə şərait yaradır.

Dünya Bankının World Development Report 2025: Standards for Development hesabatında dünya ticarətinin təxminən 90 faizinin qeyri-tarif tədbirlərinin təsir dairəsində olduğu, bu tədbirlərin əhəmiyyətli hissəsinin isə standartlarla əlaqəli olduğu vurğulanıb.

Bildirilib ki, beynəlxalq standartların tətbiqi müxtəlif ölkələrin texniki tələblərinin uyğunlaşdırılmasına, istehsalçılar üçün əlavə xərclərin və təkrar sınaqların azaldılmasına, məhsulların xarici bazarlara çıxışının asanlaşdırılmasına kömək edə bilər.

Azərbaycanda milli standartlaşdırma sisteminin inkişafı istiqamətində də tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” milli standartlaşdırma sisteminin təkmilləşdirilməsini, dövlət standartlarının beynəlxalq standartlarla harmonizasiyasının genişləndirilməsini, eləcə də institusional və normativ-hüquqi bazanın gücləndirilməsini nəzərdə tutub.

Agentliyin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilən dövlət standartlarının sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ildə 36 standart qəbul edildiyi halda, 2025-ci ildə bu rəqəm 345-ə çatıb. Nəticədə, qəbul edilən standartların sayı 9,6 dəfə artıb.

İlqar Həsənov qeyd edib ki, Azərbaycanın mütəxəssisləri Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 107 texniki komitəsinin fəaliyyətində iştirak edir, standartların hazırlanması və müzakirəsinə töhfə verirlər.

Azərbaycan Standartlaşdırma İnstitutunun Beynəlxalq Elektrotexniki Komissiya (IEC) ilə əməkdaşlığının genişləndirilməsi də milli standartlaşdırma sisteminin inkişafı baxımından əhəmiyyətli hesab olunur. Azərbaycanın 2026-cı il yanvarın 1-dən IEC-nin assosiativ üzvü olması beynəlxalq texniki bilik və təcrübə mübadiləsində iştirak imkanlarını genişləndirir.

Qarşıdakı dövrdə standartlaşdırma sahəsində rəqəmsallaşma, süni intellekt, yaşıl iqtisadiyyat, yaşıl enerji, ətraf mühitin qorunması və enerji səmərəliliyi kimi istiqamətlərə xüsusi diqqət yetirilməsi nəzərdə tutulur.

Agentlik standartların əlçatanlığının artırılması, onların sahibkarlıq subyektləri tərəfindən tətbiqinin təşviqi və iqtisadiyyatın ehtiyaclarına uyğunlaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ