ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ən azı 25 milyard dollar dəyərində xam neft ixracının qarşısını aldığını və təxminən 350 milyon dollar dəyərində kriptovalyuta aktivlərinin dondurulmasına dəstək verdiyini iddia edib.
Turkustan.az xəbər verir ki, CENTCOM-un komandanı admiral Bred Kuper qurumun ABŞ-da yerləşən X sosial şəbəkəsindəki hesabında yayımlanan video müraciətində hücumlardan sonra ABŞ qüvvələrinin İranın hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdiyini bildirib.
Kuper ABŞ-ın qətiyyətini nümayiş etdirmək məqsədilə iki dəfə sərt dəniz blokadası tətbiq etdiyini və bu tədbirin hazırda da qüvvədə qaldığını vurğulayıb. Onun sözlərinə görə, humanitar yardımla bağlı istisnalar xaric, İran dəniz yolu ilə mal ixrac və idxal edə bilmir.
ABŞ-ın İranın neft ixracını məhdudlaşdırmaq səylərindən danışan Kuper indiyədək ən azı 25 milyard dollar dəyərində xam neftin ixracının qarşısını aldıqlarını iddia edib.
Aytən Yaşar/Turkustan.az