Erkən nikah dini qaydadır, yoxsa uydurma? - Elşad Miri mübahisəli məqamları açdı


Təhsil hər bir uşağın gələcəyini formalaşdıran əsas amillərdən biridir. Lakin dünyanın bəzi ölkələrində qız uşaqları təhsillərini davam etdirmək və gələcəkləri ilə bağlı qərar vermək imkanından məhrum olurlar. Onlar hələ uşaq yaşlarında İslam qanunları adı altında nikaha məcbur edilir, erkən yaşda analıq məsuliyyəti ilə üzləşirlər. Odur ki, uşaq nikahları bu gün də dünyada ciddi sosial və hüquqi problemlərdən biri olaraq qalır. İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahların davam etməsinə müxtəlif sosial, mədəni və hüquqi amillər təsir göstərir.

Bəs erkən nikahlar qız uşaqlarının psixoloji vəziyyətinə, sosial inkişafına və gələcək həyatına necə təsir edir? Bu halların yaranmasında dini yanaşmalar nə dərəcədə rol oynayır?

Turkustan.az xəbər veriir ki, mövzu ilə bağlı Publika.az-adanışan ilahiyyatçı Elşad Miri İslam ölkələrində erkən nikah anlayışının olmadığını bildirdi.

“Sadəcə olaraq, Məhəmməd peyğəmbərin hədislərinə istinad edilərək onun orta yaşlarında Aişə ilə evləndiyi, guya həmin vaxt Peyğəmbərin 53, Aişənin isə 9 yaşında olduğu iddia edilir. Bu məlumatlar hədis kitablarında da yer alır.

Hesab edirəm ki, bunların hamısı başdan-ayağa uydurmadır. Həmin dövrdə Peyğəmbərin dörd qızı olub və onların hamısı Aişədən qat-qat böyük olublar. Əgər azyaşlıların evləndirilməsi qanuni və qəbul edilən bir hal idisə, bəs Peyğəmbər öz qızlarını niyə həmin yaşlarda ərə verməmişdi? Bütün bunlardan aydın olur ki, bu iddialar uydurma və yalandır”, – deyə ilahiyyatçı qeyd etdi.

E.Mirinin sözlərinə görə, bəzi insanlar özlərinin uşaqbazlıq əməllərinə haqq qazandırmaq üçün bu iddiaları Peyğəmbərin adına bağlayırlar:

“Bu iddianı ortaya ataraq günümüzə qədər davam etdiriblər. Halbuki, qənaətimə görə, Peyğəmbərin azyaşlı qızlarla evlənməyi və uşaqların ərə verilməsini təşviq etməsi ilə bağlı belə bir anlayış mövcud olmayıb.

Quranda erkən nikah anlayışı varmı? Xeyr. Təəssüf ki, Quranın “Talaq” surəsinin 4-cü ayəsinə istinad edərək orada “hələ heyz görməmiş” ifadəsinin işləndiyini deyirlər. Halbuki, bu ifadənin uşaqlara aid olduğunu iddia etmək düzgün deyil. Tərcümələrdəki həmin yanaşmada “hələ” sözünün də əlavə edildiyini görürük. Hesab edirəm ki, bu cür əlavələr ayənin mənasının təhrif olunmasına gətirib çıxarır.

Heyz görməmək məsələsinə gəlincə, qız uşaqlarında bunun müəyyən yaşdan sonra davam etməsi sağlamlıq problemi və ya inkişafla bağlı anormallıq ola bilər. Buna görə də heyz görməməyi birbaşa uşaqlıq yaşı ilə əlaqələndirmək düzgün deyil”.

İlahiyyatçı erkən nikahın fiziki və psixoloji sağlamlığa, eləcə də cəmiyyətin inkişafına mənfi təsirlərindən də danışdı:

“Ümumiyyətlə, qənaətimə görə, İslamda erkən nikahı təşviq edən bir anlayış yoxdur. Erkən nikahın çoxsaylı fəsadları var. Onun həm fiziki və psixoloji, həm də cəmiyyətin inkişafına mənfi təsirləri mövcuddur. Siz uşağı erkən yaşda nikaha cəlb etməklə onu təhsildən yayındırır, cəmiyyət həyatından uzaqlaşdırır, şəxsiyyət kimi formalaşmasının qarşısında maneə yaradır və iqtisadi baxımdan asılı vəziyyətə salırsınız. Bütün bunlar bir istiqamətli deyil, müxtəlif səbəb və nəticələrlə bağlı olan problemlərdir”.

E.Mirinin fikrincə, bu gün dinin təqdimatında patriarxal yanaşma üstünlük təşkil edir. Onun sözlərinə görə, qadının cəmiyyətdəki rolunu məhdudlaşdıran bu yanaşma dini ənənələrlə qarışdırır:

“Bu gün dini elə bir həddə çatdırıblar ki, nəticədə patriarxal din anlayışı formalaşdırılıb. Guya kişi işləməli, çöldə olmalı, istədiyini etməli, qadın isə evdə oturmalı, uşağa baxmalı, yemək bişirməli və sosial həyatı yalnız ev işlərindən ibarət olmalıdır. Dini bu cür təqdim etməklə qadının cəmiyyətdəki rolu məhdudlaşdırılır.

Lakin məsələyə daha dərindən baxdıqda görürük ki, ərəb ənənələri islamlaşdırılaraq və ya İslam adı altında insanlara təqdim edilərək dini prinsiplər kimi göstərilib. Halbuki, Qurana əsaslanaraq deyə bilərik ki, kişinin hüquqları olduğu kimi, qadının da hüquqları var. Qadının hüquqlarını məhdudlaşdıran, onu yalnız ev işlərinə məhkum edən yanaşmaları dinin mahiyyəti ilə eyniləşdirmək düzgün deyil”.


MANŞET XƏBƏRLƏRİ