Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur.
Turkustan.az xəbər verir ki,standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Günü münasibətilə keçirilən maarifləndirmə tədbirində məlumat verib.
O bildirib ki, 2025-ci ilin dekabrında “2026-2028-ci illər üçün milli standartlaşdırma proqramı” təsdiq edilib, cari ilin iyul ayında isə proqrama müvafiq dəyişikliklər olunub.
Kəmalə Məmmədzadənin sözlərinə görə, proqram çərçivəsində ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik üzrə 532, mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442, neft və əlaqəli texnologiyalar üzrə 338, tekstil və dəri texnologiyası üzrə isə 333 standartın qəbulu planlaşdırılır.
İnstitutun direktoru qeyd edib ki, son illərdə Azərbaycanda yeni dövlət standartlarının qəbulunda əhəmiyyətli artım qeydə alınıb. Belə ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232, 2025-ci ildə isə 345 yeni dövlət standartı qəbul edilib.
Onun sözlərinə görə, 2026-cı ilin yanvar-sentyabr aylarında 620 yeni dövlət standartı qəbul olunub. Onlardan 530-dan çoxu istinad standartlarıdır. Eyni zamanda, cari ilin ilk 9 ayında 28 dövlət standartının yoxlanılması həyata keçirilib.
Kəmalə Məmmədzadə bildirib ki, standartlaşdırma sahəsində əsas məqsədlərdən biri mövcud dövlət standartlarının təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin qiymətləndirilməsidir.
O, Ümumdünya Standartlaşdırma Gününün builki mövzusunun “Sərfəli və təmiz enerji” olduğunu xatırladıb. Qeyd edib ki, enerji təhlükəsizliyi, resurslardan səmərəli istifadə, təmiz və bərpaolunan enerji mənbələrinin inkişafı dünya üçün prioritet məsələlərdəndir.
Direktorun sözlərinə görə, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən energetika və ətraf mühit sahələrində enerji resurslarından səmərəli istifadəyə, istixana qazları emissiyalarının azaldılmasına, ekoloji məsuliyyətin gücləndirilməsinə və yaşıl iqtisadiyyata keçidin dəstəklənməsinə xidmət edən beynəlxalq təcrübəyə əsaslanan standartlar qəbul edilib. Hazırda bu sahələr üzrə 60-dan çox standart qüvvədədir.
Kəmalə Məmmədzadə əlavə edib ki, hazırda Azərbaycanda qida və kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, energetika, idarəetmə, neft-qaz, ekologiya və digər sahələri əhatə edən 43 standartlaşdırma üzrə texniki komitə fəaliyyət göstərir. Onlardan üçü cari ildə təsis edilib.
Bunlar “Maşınqayırma, mexaniki və hidravlik sistemlər”, “Məhkəmə ekspertizaları” və “İstehlak malları” üzrə texniki komitələrdir.
O, Azərbaycanın beynəlxalq standartlaşdırma sistemində təmsilçiliyinin genişləndirilməsinin də prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Azərbaycan Standartlaşdırma İnstitutu ölkəni Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO), Avropa Standartlaşdırma Komitəsi (CEN), MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası, Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) kimi beynəlxalq təşkilatlarda təmsil edir.
Aytən Yaşar/Turkustan.az