Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə verdiyi açıqlamada ilk dəfə olaraq açıq şəkildə Azərbaycana səfər etməyə hazır olduğunu bəyan edib. O bildirib ki, münasib vaxt seçildiyi halda Bakıya gəlməyə problem görmür və eyni zamanda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı da hansısa formatda İrəvana dəvət etmək niyyətindədir. Bu açıqlama iki ölkə parlamentləri arasında mümkün dialoq perspektivlərini gündəmə gətirib.
Simonyanın fikirləri fonunda son günlər baş verən hadisələr - vətəndaş cəmiyyəti, ekspert və ictimai fiqurların qarşılıqlı səfərləri siyasi dairələrdə də analoji addımların atılacağı ehtimalını daha da gücləndirir. Ermənilərdən ibarət nümayəndə heyətinin Bakıya səfəri, şəhəri gəzməsi və geri döndükdən sonra verdikləri müsbət rəylər ictimai mühitdə müəyyən yumşalma yaratdığı kimi, indi artıq deputat səviyyəsində qarşılıqlı görüşlərə dair mesajların verilməsi prosesin yeni mərhələyə keçə biləcəyini göstərir.
Bəs iki ölkə arasında deputat səviyyəsində qarşılıqlı görüşlərin olması ehtimalı nə qədərdir?
![]()
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibərtlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli məsələ ilə bağlı Musavat.com-a danışıb:
“Məlum olduğu kimi, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Ermənistan parlamentinin spikeri ilə görüşündən sonra Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü olub və bu da deputatlar arasında təmas kimi qəbul oluna bilər.
Amma indiki halda, doğrusu, Ermənistan parlamentinin rəhbərliyi ilə hər hansı bir görüşün keçiriləcəyi ilə bağlı məlumatım yoxdur. İndiki mərhələdə belə bir təşəbbüs ictimai şəkildə səsləndirilmədiyi üçün konkret fikir söyləməkdə çətinlik çəkirəm.
Amma əgər qarşılıqlı etimadın qurulmasından söhbət gedirsə, ola bilsin ki, parlamentlər arasında da belə görüşlər davam etsin. Çünki məlum olduğu kimi, Vaşinqton sazişindən irəli gələn bir sıra müddəalar var və həmin müddəaların icrası istiqamətində hər iki tərəf son addımlarını atır. Lakin istənilən görüşün müəyyən predmeti olmalıdır.
Bu baxımdan Simonyanın öz fikrini və yaxud arzusunu nəyə əsaslanaraq ifadə etdiyi, eləcə də dəvət gözlədiyini hansı məntiqlə dediyi barədə hər hansı bir məlumatım yoxdur”.