Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ-ın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməməsini tənqid edib.
Turkustan.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Əgər ruslar ABŞ-da dünən qəbul edilən qərarlara sevinirlərsə, bu, əlbəttə ki, müharibəni dayandırmaq məqsədilə effektiv təzyiqin olmadığını göstərir”, – deyə Sibiqa qeyd edib.
Onun sözlərinə görə, “qətiyyətsizlik” yanlış siqnal verir və münaqişənin uzanmasına səbəb olur.
Nazir hesab edir ki, ruslarla istənilən ciddi müzakirə real təzyiq və güc nümayişindən başlayır.
“Moskva təhdidlərə və təxirə salınmış qərarlara hörmət etmir, belə addımları ciddi qəbul etmir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Ağ Evin saytında ABŞ Prezidenti Donald Trampın Lindsi Qrem qanununda nəzərdə tutulan “Rusiyaya qarşı cəhənnəm sanksiyaları”nı tətbiq etməkdən imtina etməsi barədə sərəncam dərc olunub.
ABŞ Konqresinin sentyabrın 16-da qəbul etdiyi qanun Rusiyadan ən çox neft və qaz alan ölkələrə, eləcə də Moskvaya sanksiyalardan yayınmaqda kömək edən dövlətlərə qarşı 100 faizlik gömrük rüsumlarının tətbiqini nəzərdə tutur.
Bundan əlavə, təşəbbüs Rusiya mallarına 500 faizlik rüsumların tətbiqini də ehtiva edir./Globalinfo.az