Azay Quliyev: “Vahid məktəbli forması bütün növ ayrı-seçkiliyi aradan qaldıracaq, kənar ölkələrin müdaxiləsi yol verilməzdir”


Son günlər ölkəmizə qarşı bir sıra mənbələrdən, xüsusilə İrandan aparılan informasiya savaşı ilə bağlı millət vəkili Azay Quliyev “Türküstan”ın suallarını cavablandırıb.

-Azay müəllim, son günlər İranın sosial şəbəkələrində fəaliyyət göstərən bəzi səhifələr vasitəsilə Azərbaycanda ictimai rəyə təsir göstərməyə və ölkənin daxili məsələləri ilə bağlı müəyyən kampaniyalar aparmağa çalışdığı iddiaları nə dərəcədə narahatlıq doğurur? Bu cür fəaliyyətlərin Azərbaycanın milli təhlükəsizliyinə və ictimai-siyasi sabitliyinə mümkün təsirlərini necə qiymətləndirirsiniz?

İranla bağlı maraqlı bir vəziyyət yaranıb. Bir tərəfdən, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İran Prezidenti cənab Pezeşkian arasında dostluğa və qarşılıqlı hörmətə əsaslanan münasibətləri görürük və bunu təqdir edirik. Eyni kökdən olan soydaşımızın İrana prezidentlik etməsi bizi bir qədər də qürurlandırır. ABŞ-la müharibə şəraitində Pezeşkianın düşdüyü çətin vəziyyətə görə hətta, narahatlıq hissi keçiririk. Başqa sözlə desək, Azərbaycan Prezidentinin İranla bağlı siyasəti dostluğa və qarşılıqlı maraqlara, habelə bir-birimizin daxili işlərinə müdaxilə etməməyə hesablanıb. Bu baxımdan biz istərdik ki, iki ölkə arasında hazırkı dostluq və mehriban qonşuluq siyasəti heç vaxt pozulmasın.

Lakin görünür İranın daxilində bunun belə olmasını istəməyən qüvvələr də var. Belə ki, biz yenə də İranın bəlli dairələri tərəfindən ölkəmizə qarşı davamlı informasiya müharibəsinin aparılmasının, təxribatların törədilməsinin və hədələrin səsləndirilməsinin şahidi oluruq. Məsələn, İranın dövlət radio və televiziya qurumunun tərkib hissəsi olan “Səhər TV” kanalı bu təxribatların əsas ruporuna çevrilib. Hazırda bu təxribatçı dairələr var gücləri ilə Azərbaycana qarşı yalan və qarayaxma kampaniyası aparırlar.

Misal üçün, bu dairələr məktəblərdə vahid geyim formasının tətbiqi və bununla da təhsil ocaqlarında bütün növ, o cümlədən ideoloji və sosial ayrı-seçkiliyin aradan qaldirilmasına yönəlik siyasətimizin əsas mahiyyətini qəsdən təhrif etməyə, dinə qarşı yönəltməyə, cəmiyyətdə süni gərginlik və narazılıq yaratmağa, hətta, inanclı insanlar arasında panika yaratmağa çalışırlar. Hansı ki, biz İranın və ya hər hansı bir başqa ölkənin daxili işlərinə heç vaxt qarışmırıq, bizim də daxili işimizə başqa ölkənin müdaxilə etməsi yolverilməzdir.

Eyni zamanda, İran parlamentinin bəzi üzvləri və SEPAH təmsilçiləri mütəmadi olaraq ölkəmizə qarşı əsassız ittihamlar səsləndirir və hədyanlar yağdırırlar.

Əlbəttə, bütün bu əsassız hücumları indiyə qədər qətiyyətlə rədd etmişik və bundan sonra da rədd edəcəyik.

Onu da nəzərə almalıyıq ki, sosial şəbəkə və media resursları vasitəsilə ictimai rəyə təsir göstərmək cəhdləri yalnız informasiya məsələsi deyil, həm də milli təhlükəsizlik, cəmiyyətin etimadı və dövlətin informasiya suverenliyi ilə bağlı məsələdir.

Hesab edirəm ki, bu cür informasiya təxribatlarına və ya hibrid müharibəyə qarşı mübarizə kifayət qədər ciddi yanaşma tələb edir.

Müasir dövrdə sosial şəbəkələr vasitəsilə ictimai rəyə təsir göstərmək, cəmiyyətdə süni narazılıq yaratmaq və ölkənin daxili məsələlərinə kənardan müdaxilə etmək cəhdlərinə qarşı təkcə dövlət olaraq deyil, bütövlükdə cəmiyyət olaraq mübarizə aparmalıyıq.

Son günlərin müşahidələri onu deməyə əsas verir ki, məhz İranda adını çəkdiyim dairələr dini, milli və siyasi həssaslıqdan sui-istifadə edərək ölkə daxilində parçalanma yaratmağa cəhd edirlər. Bu gün məktəblərin birində İrana bağlı adamların dini şüarlar səsləndirməsi, məktəbin qapı-pəncərələrinin sındırılması dediklərimə əyani sübutdur.

Ən təhlükəlisi isə bu təxribatçı dairələrin dövlət institutlarına inamı zəiflətmək və Azərbaycanın müstəqil daxili və xarici siyasətinə qarşı mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxmalarıdır.

Regionda hazırkı gərginlik və müharibələr fonunda bu cür kampaniyalar daha təhlükəli xarakter ala bilər. Ona görə də bu təhdidlərə qarşı mübarizə yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalıdır.

Dövlət qurumları, media, rəqəmsal platformalar və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir.

Sosial şəbəkə istifadəçiləri də bu cür təxribat xarakterli paylaşımları vaxtında ifşa etməli, onların yayılmasının qarşısını almağa çalışmalıdırlar.

Bütün bunlarla yanaşı, onu da xüsusi qeyd etmək istərdim ki, Azərbaycan dövləti və xalqı indiyə qədər olmadığı qədər güclü və müstəqildir. Heç kim bizim suverenliyimizi və siyasi müstəqilliyimizi sorğulaya, daxili işlərimizə müdaxilə edə bilməz.

-Azərbaycanın daxili işlərinə xarici müdaxilə cəhdlərinin qarşısının alınması, xüsusilə sosial şəbəkələr üzərindən aparılan informasiya kampaniyalarının ifşa edilməsi və cəmiyyətin bu cür təsirlərdən qorunması üçün hansı hüquqi və institusional addımlar atılmalıdır?

Düşünürəm ki, Azərbaycanın daxili işlərinə xarici müdaxilə cəhdlərinin qarşısının alınması üçün kompleks mübarizə və sistemli yanaşma mövcuddur.

Məlum olduğu kimi, biz bu yaxınlarda qanunvericiliyimizi təkmilləşdirərək onlayn təhdidlərə qarşı effektiv mübarizə aparmaq üçün real mexanizmlər yaratdıq.

İndi xarici dövlətlərin və ya onlarla əlaqəli strukturların koordinasiyalı informasiya əməliyyatları, saxta hesab şəbəkələri, süni intellekt vasitəsilə yaradılan saxta audio və video materiallar, eləcə də qanunsuz maliyyələşdirilən təsir kampaniyalarına qarşı hüquqi məsuliyyət daha dəqiq müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanları qanunvericilik çərçivəsində öz vəzifələrini yüksək səviyyədə icra edərək milli təhlükəsizliyimizi və ictimai-siyasi asayişi təmin edirlər. Bu baxımdan, hər şey qaydasındadır.

Lakin görüləcək ən vacib işlərdən biri kimi cəmiyyətin media savadlılığının artırılmasını xüsusi qeyd edə bilərəm.

Vətəndaşlar xəbərin mənbəyini yoxlamaq, manipulyativ başlıqları tanımaq, saxta görüntüləri müəyyən etmək bacarıqlarına yiyələnməlidirlər. Bu istiqamətdə məktəblərdə, universitetlərdə və media vasitəsilə sistemli maarifləndirmə proqramlarının həyata keçirilməsi vacibdir.

Xüsusilə uşaq və gənclərin rəqəmsal informasiya mühitində təhlükəsiz davranış bacarıqlarının inkişafına diqqət yetirilməlidir.

Digər bir istiqamət saxta hesabların və dezinformasiya məzmunlarının aşkarlanması ilə bərabər belə kampaniyaların təşkilatçılarının müəyyən edilməsi, onların maliyyələşmə mənbələrinin tapılmasıdır. Bu çox da asan məsələ deyil, lakin mümkündür.

Bu baxımdan beynəlxalq əməkdaşlıq da gücləndirilməlidir. Sosial şəbəkələrdəki təsir əməliyyatları çox vaxt müxtəlif ölkələrdən idarə olunan hesablar və transsərhəd texniki infrastruktur vasitəsilə həyata keçirilir. Buna görə də müvafiq beynəlxalq təşkilatlarla, tərəfdaş dövlətlərlə və rəqəmsal platformalarla məlumat mübadiləsinin və işbirliyinin artırılması vacibdir.

Nəhayət, burada əsas məqsəd yalnız xarici müdaxiləyə cavab vermək deyil, eyni zamanda Azərbaycanın informasiya məkanını belə müdaxilələrə qarşı daha dayanıqlı etmək, milli təhlükəsizliyimizin qorunmasının hər şeydən üstün olduğunun bütün vətəndaşlarımız tərəfindən dərk edilməsinə nail olmaqdır.

Bəxtiyar Səlimov/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ