Son günlər Ermənistanda hakimiyyət dəyişikliyi mövzusu yenidən gündəmə gəlib. Revanşist qüvvələrin hakimiyyətə gətirilməsi istiqamətində planlı fəaliyyətin aparıldığı bildirilir. Bu prosesin arxasında Rusiyanın dayandığı iddiaları isə diqqətdən yayınmır.
Danışıqların və müəyyən razılaşmaların olduğu indiki mərhələdə İrəvanda siyasi xaosun yaşanması və iqtidar dəyişikliyi istiqamətində proseslər Bakı üçün narahatedicidirmi?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Ermənistanda son günlər baş verən siyasi-dini qarşıdurma ölkənin yalnız daxili sabitliyinə deyil, həm də Cənubi Qafqazın ümumi geosiyasi dinamikasına ciddi təsir göstərmək potensialına malikdir:
“Baş nazir Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsi arasında açıq münaqişə ictimai rəydə dərin narahatlıq yaradıb. Tanınmış din xadimi Asoqik Karapetyanın “dövlət səviyyəsində kilsəyə qarşı terror hazırlanır” bəyanatı isə məsələyə yeni, daha təhlükəli ölçü verir.
Ermənistanın tarixində nadir hallarda bu qədər sərt tonla din-dövlət qarşıdurması baş verir. Paşinyanın ritorikası onun son illərdə israr etdiyi “sekulyar dövlət” modelinin bir parçası kimi təqdim olunsa da, gerçəkdə bu, siyasi sistem daxilindəki əsas güc dayaqlarından birinə – Apostol Kilsəsinə – qarşı aparılan təsirli hücum kimi oxunur. Ermənistanın siyasi tarixində kilsə hər zaman yalnız dini yox, həm də ideoloji və simvolik funksiyaya malik olub. Bu strukturun zəiflədilməsi yalnız “sekulyarizm”in təntənəsi yox, həm də hökumətin özünə alternativ güc mərkəzlərini dağıtmaq strategiyasıdır.
Ermənistan cəmiyyətində hələ də dindarlıq və kilsəyə bağlılıq yüksəkdir. Kilsəyə qarşı açıq hücumlar hökumətin legitimliyini sual altına sala bilər, xüsusilə də sosial-iqtisadi narazılıqların artdığı bir dönəmdə”.
Ekspert deyib ki, bu gərginlik yalnız Ermənistanın daxilinə aid deyil:
“Kilsənin zəiflədilməsi Rusiya üçün də strateji siqnaldır. Moskva üçün Ermənistan Apostol Kilsəsi ilə Rus Pravoslav Kilsəsi arasında uzun illərə dayanan əlaqələr xüsusi əhəmiyyət daşıyır. Kilsəyə qarşı təzyiqlər Ermənistanın “qərbləşmə” cəhdlərinin bir hissəsi kimi də dəyərləndirilə bilər. Bu isə Ermənistan-Rusiya münasibətlərində əlavə gərginlik mənbəyinə çevrilə bilər.
Züriyə Qarayeva
Eyni zamanda, Qərb dairələri də Ermənistan daxilində bu ideoloji parçalanmanı diqqətlə izləyir. Onlar üçün Paşinyanın kilsəyə qarşı sərt xətti müəyyən mənada “modernləşmə impulsu” kimi təqdim olunsa da, insan haqları və dini azadlıqlar baxımından narahatlıq doğura bilər”.
Politoloq xatırladıb ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün aparılan danışıqlar son bir ildə daha intensiv fazaya keçsə də, yekun sənədin imzalanması təxirə salınır:
“Bunun başlıca səbəblərindən biri də Ermənistanın daxilindəki ideoloji və siyasi parçalanmadır. Kilsə və ona bağlı mühafizəkar elita Qarabağ məsələsində kompromisə qarşı çıxır. Onlar üçün bu məsələ yalnız siyasi yox, həm də milli və dini kimliyin simvoludur. Paşinyanın “sülh reallıqları”na uyğun davranmaq cəhdi isə bu dairələr tərəfindən “xəyanət” kimi təqdim olunur. Kilsəyə qarşı hücum, əslində bu ideoloji müqaviməti zəiflətmək məqsədi daşıyır. Amma bu proseslər nəzarətdən çıxarsa, Ermənistan daxilindəki daxili qarşıdurma sülhü daha da çətinləşdirə bilər”.