Martın 18-də Bakı şəhər 225 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə möhtəşəm şənlik təşkil olunub. Tədbir məktəbin kollektivi tərəfindən yüksək səviyyədə hazırlanıb, hər yaş qrupundan iştirakçılar üçün maraqlı və əyləncəli proqram nümayiş edilib.
Turkustan.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları uşaqların Novruz mövzusunda hazırladıqları əl işlərində ibarət sərgi ilə tanış olublar.
Şənliyi məktəbin direktoru Sevda Eminova açaraq iştirakçıları salamlayıb, Novruzun xalqımız üçün əhəmiyyətini vurğulayıb və hər kəsi bayram münasibətilə təbrik edib.
Məktəbin direktor müavini, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Zenfira Nusalova çıxış edərək şagirdlərin Novruz ənənələrinə bağlılığını və məktəb kollektivi tərəfindən həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Tədbirin hazırlanmasında xüsusi əməyi olanlar sırasında 225 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən Kiçik Akademiya və Uşaq Birliyinin rəhbəri Gülnarə Hüseynova xüsusi qeyd edilib. Onların səmərəli təşkilatçılığı və şagirdlərin hazırlığına verdiyi töhfə şənliyin uğurla keçirilməsində mühüm rol oynayıb. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası (TİM22 qrupu) və fakültənin Təsviri sənət kafedrasının baş müəllimi Kəmalə Cəfərzadə tədbirin vizual və incəsənət hissəsinin hazırlanmasına böyük zəhmət sərf ediblər.
Bayram tədbirinə qonaq qismində dəvət olunmuş “Mirvarid Dilbazi adına Poeziya Məclisi”nin rəhbəri və “Kəlağayi ev muzeyi”nin direktoru Güllü Eldar Tomarlı, həmçinin yazıçı-publisist Brilyant Atəş çıxış edərək Novruzun milli-mənəvi dəyərlərimizdəki yerindən və ənənələrin qorunmasının vacibliyindən danışıb, şagirdlərə ən xoş bayram təbriklərini çatdırıblar.
Tədbir şagirdlərin hazırladığı səhnəciklər, milli rəqslər, musiqi və əl işləri ilə zənginləşdirilmiş, Novruzun əsl ruhunu əks etdirən maraqlı proqramla yadda qalıb.






