Son illər paytaxtda ən mühüm problemlərdən birinə çevrilən tıxacın əsas səbəblərindən biri kimi əhalinin, o cümlədən tələbə sayının çoxluğu göstərilir.
Hazırda ölkədə ümumilikdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bu universitetlərin böyük əksəriyyəti, o cümlədən bütün əsas dövlət universitetləri Bakı şəhərində yerləşir.
Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında göstərilir ki, Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır.
Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur.
Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər.
Məsələnin Milli Məclisdə müzakirəsi zamanı millət vəkili Ceyhun Məmmədov bildirib ki, qarşıda duran mühüm məsələlərdən biri də hesabatda da əksini tapdığı kimi, bölgələrdə yeni universitetlərin yaradılması və bölgə universitetlərini qəbul planının artırılmasıdır:
“Bu öz növbəsində şəhərdə tıxacın azaldılmasına müsbət təsir göstərə bilər”.Qeyd edək ki, bu gün bölgələrdə bir sıra ali təhsil ocaqları fəaliyyət göstərsə də, abituriyentlər universitet seçimi zamanı Bakıdakı təhsil müəssisələrinə üstünlük verirlər.
Yerlər ali təhsil müəssisələri yaradılsa, abituriyentlər seçim zamanı bölgələrə üstünlük verəcəkmi və mövcud ali təhsil ocaqları paytaxtda qaldığı təqdirdə tıxacın aradan qaldırılması mümkün olacaqmı?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Şəmsi Qoşa “Cebheinfo.az”-a bildirib ki, universitetlərlə bağlı səslənən fikirlər hələ ki, bir arzudur:
“Yəni yerlərdə universitetlərin necə yaradılacağı bir sıra suallar doğurur. Universitet yalnız sinif otağından ibarət deyil. Onun yataqxanası, kitabxanası olmalıdır. Mən parlamentdə səslənən fikrin əksinə təklif edirəm ki, Bakıdakı universitetləri bölgələrə köçürmək lazımdır.
Bölgədə universitet yaradılsa, Bakıdakı universitet qalır və tıxac yenə qalacaq. Yəni bölgədə universitet yaradıb, qəbul sayını artırmaqla, Bakıda tıxacı həll etmək olmaz. Bakıdakı universitetlərə kənarda kampuslar tikilməlidir.
Məsələn, Lökbatan, Ələt tərəfdə boş yerlər çoxdur. Ona görə də bir çox infrastruktur dəyişikliyi olmalıdır. Yəni avtobus, metro xətti və s. olmalıdır. İnfrastruktur layihələr işlənməlidir və buna xeyli vəsait lazımdır.
Məsələn, əgər Qazaxda, yaxud Gəncədə tələbə qəbulunu artırsalar, paytaxtda bu qədər universitet varkən nə dəyişəcək? Bakıda həmin problem qalacaq. Əksinə, Bakıdakı universitetləri şəhərdən kənara köçürmək lazımdır. Mövcud tıxac probleminə ancaq bu amil kömək edə bilər”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, paytaxtdakı hər hansı universitet bölgəyə köçürüldükdə buradakı texniki personal oraya getməyəcək:
“Məsələn, universitetdə çalışan xadimə getməyəcək, bölgədə yeni xadimə işə götürüləcəksə, o zaman buradakı işçi işsiz qalacaq. Yaxud professor-müəllim heyəti bölgəyə gedəcəkmi?
Əgər təsadüfi bir müəllim heyəti yığacaqlarsa, o zaman təhsil məhv olacaq. Bu gün dövlət universitetlərində müəllim heyəti bir qədər babatdır, özəllərdə isə kimlərin işlədiyi məlumdur. Onların yetişdirdiyi tələbə necə olacaq? Buradan gedən müəllim heyətinə güzəştlər tətbiq oluna bilər.
Ona görə də ciddi infrastruktur dəyişikliyi lazımdır. Müəllim-tələbə heyəti üçün ayrılıqda şərait yaradılmalıdır. Biz universitet dedikdə, ancaq tədris binasını nəzərdə tuturuq. Ancaq xaricdə elə deyil.
Bu gün dünyada kampuslar bir çox amilləri ehtiva edir. Məsələn, mən Türkiyədə Hacettepe Universitetində olmuşam, onun ərazisi bizim Yasamal rayonunun ərazisindən böyükdür.
Orada tədris binası, praktika binası, yataqxana, kitabxana, muzey, tələbə üçün hər bir amil nəzərə alınıb. Bizdə bölgələrdə bu şəraiti yarada biləcəklərmi? Universitetlər bölgələrə köçürüldükdə də bütün bu amillər nəzərə alınmalıdır”.