Çingiz Bayramov
"Dialoq və İnkişaf Naminə İctimai Birliyin (DİNİB) sədri
Yeni dünya nizamı formalaşdıqca, bizim region da bu prosesdə öz “payını” almaqdadır. Belə bir şəraitdə ABŞ, İsrail və İran arasında başlayan amansız qarşıdurmanın dayandırılması və çıxış yolları barədə müxtəlif yanaşmalar irəli sürmək mümkündür.
Mənim fikrimcə isə bu yollarından biri də Masoud Pezeshkian kimi xalq tərəfindən seçilmiş prezidentin İranda prezidentlik institutunun tam səlahiyyət sahibi olmasından keçir. Yəni dövlətin birinci şəxsi formal olaraq deyil, real olaraq prezident olmalı, bütün əsas səlahiyyətlər ona verilməlidir.
Bu gün İranın teokratik sistemi çərçivəsində əsas güc ali dini rəhbərlik institutunda cəmlənib. Halbuki səlahiyyətlərin prezidentə ötürülməsi həm daxili sabitliyə, həm də beynəlxalq münasibətlərdə daha praqmatik və konstruktiv yanaşmaya səbəb ola bilər.
Belə bir dəyişiklik baş verərsə, bu, ABŞ, İsrail və İran arasında davam edən şiddətli qarşıdurmanın və gərginliyin azalmasına təsir göstərə bilər. Xüsusilə Donald Trump və onun kimi qlobal aktorların daha yumşaq və konstruktiv mövqe tutmasına şərait yarana bilər. Eyni zamanda xalqın seçdiyi liderə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha çox hörmətlə yanaşılması təmin olunar.
Bu proses, əslində, İranda teokratik sistemdən demokratik sistemə keçid üçün mühüm zəmin yarada bilər. Növbəti mərhələdə isə konstitusiya referendumu keçirilərək dövlət idarəçiliyinin yeni modeli xalqın iradəsinə uyğun şəkildə müəyyən edilə bilər.
Əks halda, yəni bu cür islahatlar həyata keçirilməzsə, regionda və dünyada mövcud münaqişə daha da genişlənəcək, gərginlik artacaq və prosesin nəticəsində regionda yeni siyasi reallıqlar, hətta yeni dövlətlərin yaranması ehtimalları da gündəmə gələ bilər.
Fikrimi tamamlayaraq demək istəyirəm ki, İranda düşünən beyinlər artıq anlamalıdır ki, ölkəni xalqların “həbsxanası” kimi idarə etmək yanaşması çıxış yolu deyil. Əsas seçim demokratik dövlət quruculuğu istiqamətində qəti addımlar atmaqdır. Əks halda, daxili parçalanma riskləri daha da dərinləşəcək və yaxın gələcəkdə region yeni dövlətlərin yaranmasının şahidi ola bilər.