Bakının ətrafında uzun illərdir nəzarətsiz qalan torpaq sahələri və qanunsuz tikililər problemi getdikcə daha da aktuallaşır. Bəzi dövlət qurumlarına və fondlara məxsus ərazilər zəbt olunub, orada evlər tikilib, amma bu tikililər rəsmi qeydiyyata düşməyib.
Deputat Fazil Mustafa Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı bildirib ki, Neft Şirkətinə məxsus ərazilərin böyük əksəriyyəti Sabunçu rayonu ərazisindədir. Müstəqilliyimizi qazandığımız gündən başlayaraq bu ərazilərdə xeyli qanunsuz evlər, obyektlər tikilib, ərazilərin boş qalmış hissələrinin əksəriyyətində isə artıq neft çıxarılmır.
Onun sözlərinə görə, adətən büdcəyə vəsait cəlb etməyin ən sadə yolu kimi vətəndaş və sahibkarlar üçün cərimələrin artırılmasına üstünlük verilir. Halbuki, neft çıxarılmayan ərazilərdə qanunsuz tikilmiş ev və obyektlərin özəlləşdirilməsi daha effektiv yol ola bilər və bu istiqamətdə atılacaq addımlar büdcəyə əhəmiyyətli vəsait qazandıra bilər.
Mövzu ilə bağlı “Cebheinfo.az” –a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, əmlakların leqallaşaması dövlət büdcəsinə müsbət təsir göstərər:
“Bəzi fondların balansında olan bəzi ərazilər zəbt olunub və orada qanunsuz tikililər inşa edilib. Onlardan biri də məhz Neft Fonduna aid torpaqlardır. Eyni zamanda, istifadə olunmayan ərazilər də mövcuddur, hətta zaman-zaman bələdiyyələr tərəfindən bu kimi sahələrlə bağlı müəyyən sərəncamlar da verilib. Əsasən Bakı şəhərinin ətrafında yerləşən bu ərazilər leqallaşdırılarsa və ya özəlləşdirilərsə, dövlət büdcəsinə kifayət qədər vəsait daxil ola bilər.
Bu halda həm əmlaklar leqallaşar, vətəndaşlar sığorta və vergi ödəyər, əmlaklarını qeydiyyata salar və həmin ünvanlarda rəsmi qeydiyyata düşərlər. Hazırda büdcə daha çox cərimələr hesabına formalaşdırılır, amma alternativ yollar da var. Bu yollardan biri məhz bu tip ərazilərin leqallaşdırılmasıdır. Mənim fikrimcə, balansında belə torpaqlar olan dövlət qurumları ilk növbədə özləri bu istiqamətdə təşəbbüs göstərməli, təkliflərlə çıxış etməlidirlər”.
Onun sözlərinə görə, problemlərdən biri də odur ki, bu ərazilərin harada yerləşdiyini bir çox ekspert belə dəqiq bilmir:
“Yerli icra hakimiyyətləri və həmin torpaqların hüquqi sahibləri bu məsələdə daha açıq mövqe sərgiləməlidir. Görünür, kütləvi şikayətlərin yaranmasından çəkinildiyi üçün bu addımlar atılmır. Amma yenə də bu məsələnin həlli yolu olmalıdır. Ən azından yerli icra hakimiyyətləri və aidiyyəti dövlət qurumları birgə işləyərək konsepsiya hazırlaya bilərlər. Bu prosesdə jurnalistlərin də ideya verməsi kifayət qədər effektiv ola bilər”.
Ekspert qeyd edib ki, Bakı şəhərinin dənizkənarı zolağı kifayət qədər genişdir:
“Bu ərazilərin bir hissəsi Neft Fonduna, digər hissələri isə Dövlət Dəniz Gəmiçiliyi və başqa qurumlara məxsusdur. Lakin bu sahələrin turizm məqsədilə istifadə olunsa, daha əlverişli olar. Son 3 il ərzində həyata keçirilən layihələr göstərir ki, əvvəllər 1 km olan sahil zolağı artıq təxminən 23 km-ə qədər genişlənib. Amma bu, Bakıdan nisbətən uzaq ərazidə yerləşir. Halbuki paytaxtın özündə də kifayət qədər belə potensial sahələr var və onları inkişaf etdirmək mümkündür.
Dənizkənarı ərazilər turistlər üçün cəlbedici olmaqla yanaşı, geniş biznes imkanları da yaradır. Hətta mövcud bulvar ərazisinin hər kvadratmetri kiçik biznesin inkişafı üçün çox əlverişli məkandır və yüksək qiymətə icarəyə verilə bilər. Bu sahələrdən səmərəli istifadə olunsa, həm boş qalan ərazilər dəyərləndirilər, həm də kiçik biznesin inkişafına şərait yaranar. Bu isə öz növbəsində işsizliyin azaldılmasına da müsbət təsir göstərə bilər”.