'Kistik Fibroz Xəstələrinə Yardım' İctimai Birliyinin sədri Səadət Bayramova:" Təşkilatımız risklərin müəyyənləşdirilməsi, ictimai məlumatlandırma, həssas qrupların ehtiyaclarının üzə çıxarılması və səhiyyə xidmətlərinə çıxışın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir".
Səhiyyə sahəsində müəyyən ərazilərin riskli olub-olmaması onların sistemli şəkildə qiymətləndirilməsi əsasında müəyyən edilir. Bu qiymətləndirmə zamanı yoluxucu xəstəliklərin yayılma riski, tibbi xidmətlərə çıxış imkanları, erkən skrininq və diaqnostika imkanlarının mövcudluğu, eləcə də nadir və aşkarlanması çətin genetik və qeyri-infeksion xəstəliklərin müəyyən olunma səviyyəsi kimi meyarlar nəzərə alınır. Aparılan təhlil və monitorinq nəticəsində əhalinin sağlamlığı üçün potensial təhlükə yarada biləcək ərazilər müəyyən edilir və bu istiqamətdə profilaktik və təşkilati tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının, xüsusilə qeyri-hökumət təşkilatlarının (QHT) rolu da mühüm əhəmiyyət daşıyır. Təşkilatımız risklərin müəyyənləşdirilməsi, ictimai məlumatlandırma, həssas qrupların ehtiyaclarının üzə çıxarılması və səhiyyə xidmətlərinə çıxışın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Eyni zamanda, yoluxucu xəstəliklərlə yanaşı səhiyyə sistemində bəzən kölgədə qalan nadir və qeyri-infeksion xəstəliklər barədə məlumatlılığın artırılması, erkən diaqnostikanın təşviqi və xəstələrin dəstəklənməsi sahəsində təşəbbüslərlə çıxış edir.
Beləliklə, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq risklərin daha düzgün qiymətləndirilməsinə, səhiyyə xidmətlərinin daha effektiv planlaşdırılmasına və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə verir.