Naxçıvanın geopolitik taleyi: Zəngəzur qərarı, Qars müqaviləsi və Atatürk diplomatiyasının uzaqgörənliyi


XX əsrin əvvəlləri Cənubi Qafqaz tarixində ən taleyüklü dövrlərdən biri idi. Rusiya imperiyasının süqutu, bolşevik hakimiyyətinin qurulması və yeni dövlətlərin meydana çıxması regionun siyasi xəritəsini kökündən dəyişdirdi. Bu dövrdə qəbul edilən qərarlar yalnız həmin illərin deyil, sonrakı onilliklərin də geopolitik reallığını müəyyən etdi.

Cənubi Qafqazın bugünkü xəritəsinə baxdıqda aydın olur ki, bu xəritə təkcə coğrafi və etnik amillərin nəticəsi deyil. O, böyük güclərin siyasi hesablamalarının, diplomatik mübarizələrin və strateji qərarların məhsuludur. Naxçıvanın taleyi də məhz belə bir mürəkkəb geopolitik prosesin nəticəsində formalaşdı.

Zəngəzur qərarı və qırılan coğrafi bağ

1920-ci illərin əvvəllərində sovet hakimiyyəti Cənubi Qafqazda sərhədləri yenidən müəyyən etməyə başladı. Bu prosesdə qəbul edilən ən mühüm qərarlardan biri Zəngəzur bölgəsinin Ermənistana verilməsi oldu.

Bu qərarın nəticələri son dərəcə ciddi idi. Türkiyə ilə Azərbaycan arasında mövcud olan birbaşa quru əlaqəsi kəsildi. Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşdü. Beləliklə, regionun geopolitik xəritəsində yeni bir reallıq yarandı.

Bir çox tarixçi hesab edir ki, bu qərar sovet rəhbərliyinin regionda siyasi balans yaratmaq siyasətinin nəticəsi idi. Lakin eyni zamanda bu qərar Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqənin qırılması demək idi və bu da gələcək geopolitik proseslərə ciddi təsir göstərdi.

Qarabağ məsələsi: bir gecədə dəyişən qərar

1921-ci ilin iyul ayında Qafqazın sərhəd məsələləri Bolşevik Partiyasının Qafqaz Bürosunun iclaslarında müzakirə olunurdu. Bu qurum sovet hakimiyyətinin Qafqaz siyasətini müəyyən edən əsas siyasi mərkəz idi.

1921-ci il iyulun 4-də keçirilən iclasda ilkin qərar Dağlıq Qarabağın Ermənistana verilməsi istiqamətində qəbul edildi. Lakin bu qərar böyük mübahisələr doğurdu və ertəsi gün məsələ yenidən müzakirəyə çıxarıldı.

1921-ci il iyulun 5-də qəbul edilən yeni qərara görə Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanmalı və ona geniş muxtariyyət verilməli idi. Bu qərar sonradan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına gətirib çıxardı.

Həmin iclaslarda sovet rəhbərliyinin bir sıra mühüm fiqurları iştirak edirdi. Onların arasında İosif Stalin, Serqo Orconikidze və Azərbaycan tərəfini təmsil edən Nəriman Nərimanov da var idi. Tarixi sənədlərdə qeyd olunur ki, Nəriman Nərimanov Qarabağın Azərbaycanın tərkibində qalmasının vacibliyini xüsusilə vurğulayırdı.

Nəriman Nərimanov və Zəngəzur məsələsinin mürəkkəbliyi

Qarabağın Azərbaycanın tərkibində saxlanılması məsələsində Nəriman Nərimanovun xüsusi rol oynadığı tarixi sənədlərdə qeyd olunur. O, Qafqaz Bürosunun müzakirələri zamanı Qarabağın Azərbaycanın tərkibində qalmasının vacibliyini müdafiə edən əsas fiqurlardan biri idi.

Lakin həmin dövrdə qəbul edilən bütün qərarlar yalnız yerli siyasi fiqurların iradəsi ilə müəyyən olunmurdu. Cənubi Qafqazın sərhədləri əsasən sovet rəhbərliyinin – xüsusilə Moskvanın siyasi qərarları ilə formalaşırdı.

Zəngəzurun Ermənistana verilməsi məsələsi də həmin mürəkkəb siyasi proseslərin nəticəsi idi. Tarixi sənədlərdə göstərilir ki, Nəriman Nərimanov bu qərarla bağlı sənədlərə imza atan şəxslərdən biri olmuşdur. Lakin bu qərarın qəbul edildiyi şərait son dərəcə mürəkkəb idi və sovet siyasi sistemində yerli rəhbərlərin manevr imkanları çox məhdud idi.

Bu səbəbdən tarixçilər Nərimanovun rolunu birmənalı şəkildə qiymətləndirmirlər. Bəzi araşdırmalara görə, o, Qarabağın Azərbaycanın tərkibində saxlanılması üçün ciddi səylər göstərmiş, lakin Zəngəzur məsələsində sovet rəhbərliyinin qərarına qarşı çıxmaq imkanına malik olmamışdır.

Moskva müqaviləsi və Naxçıvanın statusu

1921-ci ilin mart ayında Türkiyə Böyük Millət Məclisi hökuməti ilə sovet Rusiyası arasında Moskva müqaviləsi imzalandı. Bu sənəd sonradan bağlanacaq Qars müqaviləsinin siyasi və hüquqi əsasını təşkil edirdi.

Moskva müqaviləsində Naxçıvanla bağlı mühüm bir maddə yer almışdı. Sənədə görə Naxçıvan Azərbaycanın himayəsində muxtar ərazi olmalı və bu status heç bir üçüncü dövlətə verilə bilməzdi.

Bu maddə faktiki olaraq Naxçıvanın gələcək statusunu əvvəlcədən müəyyənləşdirirdi.

Qars müqaviləsi və beynəlxalq hüquqi zəmanət

1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsi Moskva müqaviləsində müəyyən edilən prinsipləri region dövlətləri arasında beynəlxalq hüquqi sənəd kimi təsdiqlədi.

Bu müqavilə Türkiyə ilə Azərbaycan, Ermənistan və Gürcüstan sovet respublikaları arasında imzalanmışdı. Sənədin ən mühüm maddələrindən biri Naxçıvanın Azərbaycanın himayəsində muxtar ərazi kimi tanınması idi.

Bu maddənin qəbul olunmasında Türkiyə hökumətinin və xüsusilə Mustafa Kamal Atatürkün strateji baxışının mühüm rolu olmuşdu.

Atatürk diplomatiyasının uzaqgörənliyi

Mustafa Kamal Atatürk üçün Naxçıvan məsələsi yalnız regional məsələ deyildi. Ankara rəhbərliyi Naxçıvanı Qafqaza və ümumilikdə türk dünyasına açılan strateji qapı kimi qiymətləndirirdi.

Türkiyə diplomatiyasının əsas məqsədləri aydın idi:

Naxçıvan Ermənistanın nəzarətinə keçməməli idi.

Türkiyənin bu bölgə ilə birbaşa əlaqəsi qorunmalı idi.

Qafqazla strateji bağ tam qırılmamalı idi.

Məhz buna görə Qars danışıqlarında Türkiyə nümayəndə heyəti Naxçıvan maddəsinin müqaviləyə daxil edilməsinə xüsusi təkid göstərmişdi.

Türkiyə–İran sərhəd razılaşması

1921-ci ildə Naxçıvanın statusu müəyyənləşdirilsə də, Türkiyənin bu bölgə ilə birbaşa sərhədi hələ tam formalaşmamışdı.

Bu məsələ sonradan Türkiyə ilə İran arasında aparılan sərhəd danışıqları nəticəsində həll edildi.

1932-ci ildə Türkiyə ilə İran arasında sərhəd tənzimlənməsi haqqında razılaşma əldə olundu. Bu danışıqlar Atatürk Türkiyəsi ilə İran şahı Rza şah Pəhləvinin hakimiyyəti dövründə aparıldı.

Sərhəd xətti Araz çayı boyunca yenidən müəyyən edildi və qarşılıqlı ərazi dəyişiklikləri həyata keçirildi. Niyə? Çünki Türkiyə ilə Naxçıvan arasında quru sərhəd yox idi. Ona görə də Türkiyənin xahişi ilə İran torpaq mübadiləsinə razılıq verdi. Bu razılaşmanın nəticəsində Türkiyə ilə Naxçıvan arasında təxminən 17 kilometrlik sərhəd xətti formalaşdı. Bu gün mövcud olan Dilucu–Sədərək sərhəd keçidi həmin diplomatik qərarın nəticəsidir.

Tarixin dərsi və bugünkü geopolitik reallıq

XX əsrin əvvəllərində qəbul edilən qərarlar Cənubi Qafqazın bugünkü geopolitik xəritəsini müəyyənləşdirdi. Zəngəzurun Ermənistana verilməsi Türkiyə ilə Azərbaycanın birbaşa quru əlaqəsini kəssə də, Naxçıvan üzərindən qorunan kiçik sərhəd xətti bu əlaqənin tamamilə yox olmasının qarşısını aldı.

Bu gün regionda yenidən müxtəlif geopolitik layihələr və ssenarilər müzakirə olunur. Bəzi analitiklər hesab edir ki, İranın şimal-qərbində baş verə biləcək proseslər nəticəsində Türkiyə ilə Güney Azərbaycan arasında PKK düşüncəsinə bağlı kürd silahlı qruplaşmaların əli ilə yeni bir tampon zonanın yaradılması cəhdləri ortaya çıxa bilər. Bu cəhdlərin arxasında isə ABŞ və İsrailin dayandığı kimsəyə sirr deyil. Təbii ki, Azərbaycana dost olan hər iki ölkə rəsmi Bakının Güney Azərbaycan məsələsinə həssaslığını nəzərə almaq zorundadır. O da birmənalıdır ki, Türkiyə ən zəif dönəmində var gücü ilə Azərbaycanın yanında olub.

Nəticədə Naxçıvan Azərbaycanda qalıb. Güclü Türkiyə isə II Qarabağ savaşında ortaya sarsılmaz iradə qoyub. Heç şübhəsiz ki, Güney Azərbaycan məsələsinə də rəsmi Ankara laqeyd qalmayacaq. Atatürk Naxçıvana “Türkün Qapısı” deyirdi. Güney Azərbaycan ilə Türkiyə arasında isə qapı yox, darvaza olmalıdır. Sayın Ərdoğan bunun fərqindədir.

Bir şeyi də deyim: Güney Azərbaycan ilə Türkiyə arasında geniş sərhəd zolağının olması Zəngəzur dəhlizinə olan ehtiyacı da sıfırlayar.

Tarix isə bir həqiqəti xatırladır: regionun geopolitik balansı yalnız uzaqgörən siyasət və strateji əməkdaşlıq sayəsində qoruna bilər.

Necə ki Türkiyə ilə Azərbaycan arasında qurulan strateji birlik Qarabağ münaqişəsinin həllində həlledici rol oynadı, eyni əməkdaşlıq Güney Azərbaycanın gələcək təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır.

XX əsrin əvvəllərində Atatürk Türkiyəsi Naxçıvan məsələsində uzaqgörən siyasət yürüdərək Türkiyə ilə Qafqaz arasında strateji əlaqənin tam qırılmasının qarşısını aldı.

Bu gün də regionun təhlükəsizliyi və sabitliyi üçün Türkiyə ilə Azərbaycanın əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Tarix bəzən fərqli aktorlarla təkrarlanır. Dünən bolşevik Rusiyası Türkiyə ilə Azərbaycan arasında, son nəticədə isə Türk Dünyası arasında quru yolların olmasını qarşısını süni şəkildə almışdı, bu dəfə isə Amerika və İsrail eynisini yapmağa çalışır. Lakin sual dəyişmir: Regionda çəkilən yeni geopolitik xətlər kimlərin maraqlarına xidmət edir?

Elbəyi Həsənli. Sürix


MANŞET XƏBƏRLƏRİ