"Qarabağda lokal antiterror tədbirləri qaçılmaz zərurət idi" - Millət vəkili


“Azərbaycan Ordusunun Qarabağ bölgəsində lokal antiterror tədbirlərini həyata keçirməsi qaçılmaz bir zərurət idi. Çünki, Azərbaycanın dəfələrlə çağırışlarına baxmayaraq son 3 ildə Qarabağ bölgəsində qeyri-qanuni fəaliyyət göstərən separatçı rejim reinteqrasiyadan yayınır, yenidən güc toplamağa çalışırdı. Bunun bir sonu olmalı idi”.

Bu fikirləri Turkustan.az-a açıqlamasından Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bildirib ki, xüsusilə son vaxtlar separatçı rejimin təxribatları intensive hal almışdı: "Bu yaxınlarda onlar qondarma “president seçkisi” tamaşası qurdular, yeni “baş nazir” təyin etdilər. Davamlı olaraq bölgədəki Azərbaycan mövqeləri atəşə tutulurdu, mülki insanlar hədəfə alınırdı. Mina təxribatları nəticəsində Azərbaycan vətəndaşları həyatını itirirdi. Azərbaycan Rusiya sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə də lokal əməliyyat həyata keçirməklə öz suveren hüquqlarını təmin etməyi bacardı. Bu sözsüz ki, tarixi hadisədir. 44 günlük Vətən müharibəsinin kuliminasiya nöqtəsidir".

A.Məmmədovun sözlərinə görə son günlər bəzi ölkələrin və beynəlxalq qurumların təmsilçilərinin sərgilədikləri mövqe onların əsl simalarını ortaya çıxardı: “Azərbaycan bütün dünya tərəfindən tanınan öz ərazisində suverenliyini təmin etmək üçün tədbirlər həyata keçirir, kimlərsə bundan narahat olur. Bu o deməkdir ki, onlar dolayısı ilə Azərbaycan ərazisindəki separatizmi dəstəkləyirlər. Necə olur ki, Ukrayna, Gürcüstan separatizmlə mübarizə aparanda bu dəstəklənir, amma, bu yanaşma, Azərbaycana şamil edilmir? Təəssüf ki, bir sıra dövlətlər xristian təəssübkeşliyi mövqeyindən çıxış edirlər”.

Millət vəkili bildirib ki, hansısa dövlətlərə və müxtəlif beynəlxalq təşkilatlara güvənən Ermənistan və separatçı rejim bugünkü nəticəni görməli idilər: “Amma görünür ki, onların siyasi fəhmi bu nəticəni əvvəlcədən görməyə yetmədi. İndi onlar bu sonluğu qəbul etmək məcburiyyətindədir”.

Xatırladaq ki, sentyabrın 19-u səhər saatlarında Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri 20 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.


MANŞET XƏBƏRLƏRİ