"Seçkinin nəticəsini ilk növbədə İlham Əliyev strateji baxışının növbəti uğuru saymaq olar"


Azay Quliyev

Milli Məclisin deputatı

Paşinyanın parlament seçkilərində inamlı qələbə qazanmasının ən mühüm səbəbi Ermənistan cəmiyyətinin qalıcı sülhə, sabitliyə və normal gələcəyə olan ehtiyacıdır. Paşinyan seçkilərə məhz sülh platforması ilə qatıldı və seçicilərin ciddi dəstəyini qazandı.

Bu sülh gündəliyinin və Azərbaycan-Ermənistan normallaşma prosesinin əsas müəllifi və təşəbbüskarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir.

Bu baxımdan seçkilərin nəticəsini ilk növbədə İlham Əliyevin siyasi xəttinin, strateji baxışının növbəti uğuru və qələbəsi kimi qiymətləndirmək olar.

2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıq, dəyişdirdiyi güc balansı və regionun gələcəyi ilə bağlı irəli sürdüyü baxış Ermənistanda keçirilən seçkilərdə də öz təsdiqini tapdı və seçicilərin əhəmiyyətli hissəsi tərəfindən dəstəkləndi.

Bu qələbə eyni zamanda onilliklər ərzində Ermənistanın ictimai-siyasi düşüncəsində kök salmış separatizm ideologiyasının, son illərdə bölgəni yenidən qarşıdurma məkanına çevirməyə çalışan revanşist dairələrin, eləcə də xarici qüvvələrin 200 il həyata keçirdiyi “parçala və hökm sür” siyasətinin iflası və ağır məğlubiyyətidir.

Ermənistan vətəndaşlarının seçimi göstərir ki, cəmiyyətin böyük bir hissəsi yeni müharibə çağırışlarından, ərazi iddialarından və qarşıdurma siyasətindən daha çox sülhə, iqtisadi inkişafa, təhlükəsizliyə və regional əməkdaşlığa üstünlük verir. Bu seçim Ermənistan cəmiyyətinin gələcəyə baxışında ciddi dəyişikliklərin baş verdiyini nümayiş etdirir.

Bundan sonra Cənubi Qafqazda yeni mərhələnin – sülhün, qarşılıqlı etimadın, iqtisadi inteqrasiyanın, nəqliyyat və kommunikasiya əlaqələrinin genişlənməsinin, regional əməkdaşlığın möhkəmlənməsi mərhələsinin başlanması üçün daha əlverişli şərait yaranır.

Qarşıda Ermənistan cəmiyyətini və siyasi hakimiyyətini daha bir mühüm sınaq gözləyir: Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiya müddəalarının dəyişdirilməsi və regionda uzun illər davam etmiş düşmənçiliyin son hüquqi-siyasi qalıqlarının da aradan qaldırılması.

Dünənki seçkilərin nəticələri göstərir ki, Ermənistan cəmiyyəti bu istiqamətdə atılacaq addımlara əvvəlki dövrlərlə müqayisədə daha hazırdır.


MANŞET XƏBƏRLƏRİ