Ceyhun Məmmədov: "Şuşa Forumu Azərbaycanın beynəlxalq media məkanında mövqeyini möhkəmləndirir"


Bu gün dünyada beyinlərin və düşüncələrin müharibəsi gedir. Bu, eyni zamanda informasiya müharibəsidir və qlobal məkanda çox ciddi mübarizə aparılır.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu gərgin qarşıdurmada uduzmamaq üçün bütün dövlətlər, o cümlədən Azərbaycan ardıcıl və sistemli tədbirlər həyata keçirir. Onun sözlərinə görə, bu baxımdan Şuşada keçirilən Qlobal Media Forumunun əhəmiyyəti xüsusilə böyükdür.

“Dövlət başçısının bu platformada verdiyi mühüm mesajlar Azərbaycanın beynəlxalq media məkanındakı mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək. Səsləndirilən fikirlər bir daha göstərdi ki, ölkəmizin qlobal media müstəvisindəki rolu getdikcə güclənir”, – deyə deputat vurğulayıb.

C.Məmmədov informasiya mühitində milli maraqların qorunması ilə peşəkar obyektivliyin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, hazırda qlobal güclər siyasi məqsədlərinə çatmaq üçün informasiya manipulyasiyalarından geniş istifadə edirlər. Belə bir şəraitdə Azərbaycan mediası milli maraqları qorumaqla yanaşı, obyektivlik və peşə etikası prinsiplərinə sadiqliyini nümayiş etdirməlidir.

Deputat Azərbaycan mediasının bu həssas tarazlığı qorumağı bacardığını diqqətə çatdırıb.

Rəqəmsal medianın və sosial şəbəkələrin sürətli inkişafının həm yeni imkanlar, həm də ciddi təhdidlər yaratdığını deyən Ceyhun Məmmədov bildirib ki, bir çox insanlar dəqiqləşdirilməmiş məlumatları sosial şəbəkələr vasitəsilə əldə edirlər. Bu səbəbdən xəbərin doğruluğu və etibarlılığı məsələsi xüsusi əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, cəmiyyətin manipulyasiyalardan qorunması üçün medianın operativ fəaliyyəti təmin edilməli, dövlət qurumlarının media sorğularına və yalan məlumatlara çevik reaksiya verməsi vacibdir.

Deputat Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin Azərbaycanın informasiya diplomatiyası baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, dövlət başçısı çıxışında regional və qlobal əhəmiyyətli məsələlərə toxunaraq Ermənistanla münasibətlər, ABŞ, Rusiya və Türkiyə ilə əlaqələr də daxil olmaqla, mühüm mövzularla bağlı Azərbaycanın prinsipial mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Ceyhun Məmmədov bildirib ki, qarşıdakı dövrdə Azərbaycan mediasının əsas vəzifələrindən biri milli həmrəyliyi, dövlətçilik dəyərlərini qorumaq və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsidir. Xarici mənbələrdən müxtəlif internet resursları və sosial şəbəkələr vasitəsilə yayılan dezinformasiyalara qarşı vaxtında tədbirlərin görülməsi, vətəndaşların media savadlılığının artırılması və profilaktik addımların atılması xüsusi əhəmiyyət daşıyır.

Şəlalə Camal


MANŞET XƏBƏRLƏRİ