Rusiya Avropa ölkələrinə zərbələr endirəcək? – ABŞ kəşfiyyatından xəbərdarlıq


Rusiya İspaniya, Fransa və İtaliyaya dronlarla mümkün hücumlar həyata keçirə bilər.

Turkustan.az Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ kəşfiyyat xidmətləri ehtimal olunan dron hücumları barədə Avropa hökumətlərinə məlumat veriblər.

Məlumata görə, mümkün hücum ssenarisində Rusiyanın “Gerbera” tipli pilotsuz uçuş aparatlarından (PUA) istifadə edə biləcəyi bildirilir. PUA-ların Aralıq dənizindən ticarət gəmilərindən buraxılması ehtimalı irəli sürülüb.

“El Mundo”nun Litva Müdafiə Nazirliyindəki mənbəyə istinadən yaydığı məlumata görə, MKİ direktoru Con Retkliffin avqustun 25-də Moskvaya səfərindən sonra NATO ərazisinə qarşı mümkün eskalasiya planları barədə xəbərdarlıq edilib. MKİ isə bu məlumatı açıq şəkildə şərh etməyib.

Məlumata əsasən, “Gerbera” tipli PUA-ların ticarət gəmilərindəki konteynerlərdə gizlədilərək dənizdən buraxılması mümkün ssenarilərdən biri kimi göstərilir.

“El Mundo”nun məlumatına görə, bu PUA-ların mümkün hədəfləri arasında limanlar, enerji və kommunikasiya infrastrukturu obyektləri də yer alır. Bildirilir ki, “Gerbera”nın uçuş məsafəsi 600 kilometrə qədər, daşıdığı yük isə 4-5 kiloqram ola bilər.

Qeyd edək ki, xəbərdəki iddialar rəsmi olaraq tam təsdiqlənməyib. İtaliyanın müdafiə naziri Guido Krosetto bu barədə yayılan xəbərdarlığın hazırda təsdiqini tapmadığını bildirib.


MANŞET XƏBƏRLƏRİ