Əqidə Şəhidi, böyük türkçü – Hüseyn Cavid


Aydın Mədətoğlu Qasımlı

(əvvəli BU LİNKDƏ)

1918-ci ilin mart qırğınında daşnaklar tərəfindən Təbriz mehmanxanasında yaşayan yetmiş nəfərlə birgə Hüseyn Cavid də əsir götürülmüş, bir həftə sonra azadlığa çıxaraq, Təbrizə gəlmişdir. İki ay Təbrizdə Hacı Məhəmməd Naxçıvaninin evində qalan Hüseyn Cavid yenidən siyasi və hərbi vəziyyətin çox gərgin olduğu bir dövrdə Naxçıvana qayıtmışdı.

1918-ci ilin aprel ayında Qars, Gümrü, Axısqa və Axalkalaki bölgələrinin müsəlman əhalisi "Milli istişarə məclisi" yaradaraq 12 nəfərdən ibarət Müvəqqəti Hökumət təşkil etmiş və bu hökumətin başçısı Hüseyn Cavidin çox yaxın dostlarından biri olan Axısqa Türkü, məşhur Ömər Faiq Nemanzadə seçilmişdi. 1918-ci ilin noyabrında Naxçıvan Türkləri "Araz-Türk Respublikası" yaradaraq, erməni və gürcülərin təcavüzündən qorunmaq üçün silahlı dəstələr təşkil etməyə başlamışdılar. Təkbaşına, ayrı-ayrılıqda düşmənə qarşı müqavimət göstərməyin çətinliyini nəzərə alan Axısqa, Borçalı-Qarapapaq Hökuməti və Araz Türk Respublikası yetkililəri Qarsda II Milli Qurultaya toplanaraq, 17 yanvar 1919-cu ildə birləşmək haqqında qərar qəbul etmiş və beləliklə də "Birləşmiş Qars İslam Şurası" və "Cənub Qərb Qafqaz hökuməti" və onun hərbi qüvvələri yaradılmışdır. Emin ağa yeni yaranan "İslam Türk dövləti"nin prezidenti, Fəxrəddin Piroğlu hökumət başçısı, Bəhram Xan Naxçıvanski xariciyyə naziri seçilmişlər. Türk əhalidən təşkil olunan silahlı dəstələrə Sərvər bəy, Hafiz bəy və adlarını bilmədiyimiz komandanlar rəhbərlik etmişdilər. Qısa müddətdə mərkəzi Qars olan bu hökumətin əmrində 8 minlik bir hərbi qüvvə yaranmışdı. Batum ilə Ordubad ərazisi daxilində olan bu birləşmiş respublikanın ərazisi 40 min kv.km, əhalisi isə 2 milyona yaxın idi ki, bunun da bir milyon 700 mini Türk, 237 mini isə qeyri-Türklərdən ibarət idi. Bu dövrə qədər heç bir rəsmi-siyasi fəaliyyətlə məşğul olmayan Cavid, 1919-cu ildə Axısqa, Ermənistan və Naxçıvan Türklərinin birlikdə yaratdıqları Cənubi Qafqaz Araz-Türk Hökumətinin rəsmi nümayəndəsi kimi bu hökumətin xariciyyə naziri Bəhram Xan Naxçıvanski və Şərur məsələsini müzakirə etmək üçün göndərilən Bağır Rzayev, həmçinin Məhərrəm Əliyev, Ələşrəf Kazımov, Əsəd Manafov və Əziz Xan Naxçıvanskidən ibarət nümayəndə heyəti ilə birlikdə Cənubi Qafqazın və Naxçıvanın siyasi-hərbi çıxarlarını müzakirə etmək üçün Bakıya gəlmiş, Azərbaycan milli hökuməti qarşısında müsəlman qaçqınlara yardım göstərmək barədə məsələ qaldırmışdılar. Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdəki Nazirlər Sovetinin sədri Fətəli Xan Xoyski onların bu xahişini yerinə yetirərək, dövlət büdcəsindən bir milyon manat ayırmış və Hüseyn Cavidin də iştirak etdiyi nümayəndə heyətinin bu yardımı ünvanına çatdırmaq məqsədi ilə onların təhlükəsizliyini təmin etmək üçün Tiflisdəki müttəfiq qüvvələrin komandanı - general Tomsona məktubla müraciət etmişdi. Fətəli Xan Xoyski bu nümayəndələrin İngiltərə hökumətini məlumatlandırmağına yardımçı olmağı da general Tomsondan xahiş etmişdi. (Seçmələr bizimdir - A.M. Bax: Azarbeycan belgelerinde ermeni sorunu (1918-1920), Ankara 2001, səh 369).

Həmişə olduğu kimi Qərbin imperialist dövlətləri bu dəfə də bölgənin müsəlman Türklərinin deyil, xristian erməni və gürcüləri hərtərəfli müdafiə edərək, 19 aprel 1919-cu ildə Qarsa hücum edərək "Cənub-Qərb Qafqaz Hökuməti" Məclisinin binasını mühasirəyə almış, hökumət üzvlərini həbs etmiş və Malta adasına sürgünə göndərmişdilər. Beləliklə cəmi üç ay fəaliyyət göstərən Cənub-Qərb Qafqaz Hökumətinin varlığına ingilislər son qoymuş, vəziyyətdən istifadə edən gürcülər ingilislərin hərbi dəstəyi ilə Axısqa və Axalkalaki nahiyyələrini zəbt edərək, Gürcüstana ilhaq etmişdilər. Mənfur qonşularımız isə Qarsı ingilislərdən təslim alaraq, ingilislərin gözü önündə Qars və ətrafındakı müsəlman Türk və kürd əhalisini qətlə yetirmişdilər (Seçmələr bizimdir - A.M. Bax: Dr.Akdeş Nimet Kurat, Türkiye ve Rusiya, Ankara 1990, səh 587-588).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavid Bakıda birinci realnı məktəbdə, sonra isə Darülmüəllimində müəllimlik etmiş, Seyid Hüseynlə yaxın dostluq etmiş, çox güman ki, Məmməd Əmin Rəsulzadə ilə ilk dəfə bacanağı Seyid Hüseynin Novxanıdakı bağında tanış olmuşdur. Cavidlə Rəsulzadənin yaxın münasibətləri haqqında Seyid Hüseynin qızı Qumral Sadıqzadə öz memuarı olan "Son mənzili Xəzər oldu" kitabında ətraflı məlumat vermişdir (Bax: Qumral Sadıqzadə, Son mənzili Xəzər oldu, Bakı 2001).

Sovet hakimiyyətinin ilk illərində Cavidə münasibət ümumiyyətlə müsbət olsa da, sonradan bu münasibət dəyişmiş, ona qarşı basqılar yapılmış, əqidəsindən dönməyən mütəfəkkiri Sovet Dövlət Təhlükəsizlik idarəsi 1937-ci ildə həbs etmiş, iki il bir aylıq istintaqdan sonra, 19 iyun 1939-cu ildə keçirilmiş xüsusi müşavirədə heç bir dəlil-sübut olmadan "Anti-sovet təşkilatda iştirakına və təbliğatına", "Türkiyənin şpionu, müsavatçı-pantürkist olduğuna", "Əksinqilabi təşkilatın üzvü oduğuna, əksinqilabi fəaliyyətinə", "Ədədbiyyat və dramaturgiya sahəsində gənclərin millətçi-əksinqilabi ruhda tərbiyə olunması istiqamətində gördüyü işlərə", "Pantürkist ideyaların yayılmasına xidmət etdiyinə görə" 8 il müddətinə azadlıqdan məhrum edilmiş və İslah Əmək Düşərgəsinə göndərilməsi qərara alınmışdır. Müşavirənin başqa bir qərarı ilə Hüseyn Cavid 1939-cu il iyulun dördündə Vladivostokun Maqadan vilayətinə göndərilmiş, 1941-ci ilin 31 oktyabrında xəstəliyi ilə əlaqədar İrkutskdakı əlillər zonasına köçürülmüş, 18 gün sonra 17 noyabr (5 dekabr) 1941-ci ildə 59 yaşında orada vəfat etmişdir. Sonradan nəşi Azərbaycana gətirilərək, anadan olduğu Naxçıvan şəhərində dəfn olunmuşdur. Bu gün Azərbaycan hökuməti tərəfindən hazırlanmış məqbərəsində uyumaqdadır. Ruhu şad olsun!

Türk oğlu sözündən dönməz,

Məhv olur da, sürüklənməz!

Hüseyn Cavid

İlk yaradıcılığa kiçik yaşlarından, mollaxanada təhsil aldığı illərdən başlayan, sonra "Gülçin", "Arif", "Salik" təxəllüsləri ilə şeir yazmağa başlayan Hüseyn, daha sonra "Cavid" təxəllüsünü işlətmiş və ədəbi ictimaiyyətdə "Hüseyn Cavid" kimi tanınmışdır.

Hüseyn Cavid hələ 1898-1903-cü illərdə Təbrizdə "Talibiyyə" mədrəsəsində təhsil alarkən, oradakı "Nasiri", "İzzət", "İttila" qəzetləri ilə, Urmiyada olduğu 1903-1904-cü illərdə Məhəmmədağa Şahtaxtinskinin redaktoru olduğu "Şərqi-Rus" qəzeti ilə əməkdaşlıq etmiş və bu qəzetdə iki məqalə dərc etdirmişdir.

Hüseyn Cavidin yaradıcılığı və dünyagörüşünün formalaşması və təkmilləşməsində İstanbul mühitinin, xüsusilə "şair bütün varlığın ahəng və mənasını sezən ruh olmalıdır" - deyən müəllimi Rza Tofiqin, Tofiq Fikrətin və Əbdülhəqq Hamidin güclü təsiri olmuşdur. Rza Tofiq Hüseyn Cavidin Qərb, xüsusən "bütün dinləri "İnsanlıq dini"nə keçid üçün bir hazırlıq mərhələsi" adlandıraraq, yeni bir din təklif edən Oqüst Konun və "üstinsan" nəzəriyyəsinin tərəfdarı Nitsşenin fəlsəfəsinə, təsəvvüf fəlsəfəsinin "Kamil İnsan" nəzəriyyəsinə yüksəlməsində xüsusi rol oynamışdır. İstanbulda olduğu dövrdə daha çox Türk ədəbiyyatı, tarixi və mədəniyyətini sistemli şəkildə öyrənən Hüseyn Cavid, "İstiqlal şairi" Mehmet Akifin redaktorluğu ilə çap olunan "Sirati-müstəqim" dərgisində "Yadi-mazi", "Son bahar", "Elmi-bəşər" kimi şeirlər çap etdirmişdi.

(ardı var)

MEDİA Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ