Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli-tipoloji kontekstdə baxış



Nizami Tağısoy
professoru

(əvvəli BU LİNKDƏ)

...Bunlarla bağlı ona görə belə ətraflı bəhs edirik ki, qaraqalpaq xalqının tarixini, antropologiyasını, etnoqrafiyasını, etnogenezini öyrənmiş alimlərin əksəriyyətinin əsərləri əlimizdə olmaqla, həm də onları dərindən təhlil etmişik.

Salih Yılmaz qarapapaq tərəkəmə türklərinin xəzərlərlə qohumluğuna baxdıqda xəzərlərin Qafqazdakı hökmranlığı dövründə böyük bir xəzər qrupunun Azərbaycana və Gürcüstana köç edərkən buralarda olması və bəlli bir vaxtdan sonra “xəzər” ifadəsinin bunlar arasında yoxa çıxması aşkarlanır. Eyni zamanda tədqiqatçı Zəki Vəlidi Toğana söykənərək onu da söyləyir ki, “xəzərlərin öndə gələn qəbilələrindən biri kabar” və “Borçuoğlu”dur. Bulqarların bir qolu olan “Boroç / Boruçoğlu / Borçalılar boyu, İtil – Volqa arasında yaşayan bir qövm sifətiylə sabirlərlə birlikdə anılmışdır”. Qarapapaq – tərəkəmə türkləri iki ana qola ayrılır. Bunlardan birincisi Kasak / Kazak qolu/, digəri isə Boroç / Boruçoğlu / Borçalılar boyudur. Və bu iki ana qol on iki oymaqdan ibarətdir. Azərbaycan, Cənubi Azərbaycan, Gürcüstan və Türkiyədə yaşayan qarapapaqlar Türküstan, Qazaxıstan, Qaraqalpaqıstan, Özbəkistan və Qırğızıstanda yaşayanlar isə etnoloji və tarixi mənbələrdə qaraqalpaq – qarapapaq adlanmaqdadırlar. Təbii ki, qarapapaqlarla qaraqalpaqların bir-birindən perik düşməsində bu qövmlərin özü yox, onların yaşadıqları siyasi-ideoloji şəraitin təsirinin güclü olduğu nəzərdən qaçırıla bilməz.

Prof. Salih Yılmaz yuxarıda adını çəkdiyimiz “XVI-XX yüzillərdə qaraqalpaq türkləri tarixi” kitabında qaraqalpaq adlandırdığı “Qafqaz xalqlarından olan qarapapaq tərəkəmə türkləri kimdir?” məqaləsində eyni xalqı qaraqalpaq yox, yuxarıda söylədiyimiz kimi, qarapapaq adlandırır. Bu nə ilə bağlıdır?! Düşünürük ki, Salih Yılmaz qarapapaqlarla qaraqalpaqları yalnız dərindən təhlil etdikcə belə nəticəyə gələ bilir. Lakin, fikrimizcə, burada yenə də başqa bir məsələ açıq qalır. Belə ki, xeyli Azərbaycan, Cənubi Azərbaycan və türkiyəli müəlliflər “qarapapaq” ifadəsinə “tərəkəmə” adını da qoşmaqla etnogenezlə toplumun keçirdiyi həyat tərzini həm bir-biri ilə qarışdırır, həm də eyniləşdirirlər. Bu isə qarapapaqları etnos anlamından ayırıb, daha çox onların həyat tərzini ön plana çəkərkən qarapapaqlar etnos kontekstindən uzaqlaşdırılıb, sadəcə olaraq həyat tərzi təqdir edilən tayfa səviyyəsinə endirilir. Belə olduqda biz “etnos” termininin özündə nəyi ehtiva etdiyinə baxmağı zəruri hesab edirik. “Etnos hər hansı insanların sosial qrupu olaraq qəbilə, xalq, millətin tarixən sabit yaranmış formasıdır. Etnos etnoqrafik mənada “xalq” anlayışına yaxındır. Bəzən həm də etnolinqvistik qrupu da belə adlandırırlar. Məsələn, ruslar, ukraynalılar, polyaklar və b.”. “Etnos” ifadəsinə yaxın işlədilən digər bir ifadə “etnik” yunanca “ethnikos” qəbilə, xalq ifadələri də vardır ki, bu da hər hansı bir xalqa, məsələn, etnik qrupa, əhalinin tərkibinə aid olmanı bildirir. Digər təriflər də mövcuddur “Etnos – insanların tarixi proses nəticəsində yaranan ümumiliyidir ki (qəbilə, xalq, millət), burada sosial bütövlük və özünəməxsus – fərdi davranış stereotipi ortadadır. Bir qədər sadələşdirsək, etnos insanların dil, mədəniyyət, ənənələr, özünəməxsus şüur və yaşadığı ərazinin əlamətlərini özündə saxlayır. Etnos sosial ierarxiyada başlanğıcın bölünməz vahididir. Etnos tarixən formalaşır və bir sıra tarixi proseslərin təsiri altında – məsələn, miqrasiya, assimilyasiya və inteqrasiya nəticəsində formalaşır. Etnos mədəniyyətlə bağlı ən mühüm anlayışlardan biridir. Etnos artıq mədəniyyət faktoru deməkdir. Eyni zamanda etnos mədəni-məişət ümumiliyidir. Bəs qarapapaqları etnos olaraq qəbul etsək, onunla adı yanaşı çəkilən “tərəkəmə” ifadəsi hansı anlama gəlir? Zənnimizcə, belə olduğu təqdirdə qarapapaq etnonimi ilə tərəkəmə həyat və məişət tərzinin birlikdə səsləndirilməsi və istifadə edilməsi o qədər də özünü doğrultmur. Professor Salih Yılmaz digər müəlliflər kimi onlara bir yerdə münasibət sərgilənməsi və qarapapaq termininin yuxarıda müraciət etdiyimiz müəlliflərdə olduğu kimi “papaq” və “qalpaq” ifadələrinin türklər arasında geniş yayılması ilə əlaqələndirməsi, tarixdə peçeneqlər, qıpçaqlar, noğaylar, tatarlar, qırğızlar, oğuzlar arasında yayalmasını təsdiqləməsi, buna görə F.Kırzıoğlunun bu qövmü “qarapapaqlılar” adlandırması üçün əsas vermişdir. Rus generallarından olan erməniəsilli Stepan Ovsepoviç Kişmişov da qarapapaqları yerli əhalinin baş geyimində qara quzu dərisindən papaq qoyanları Cənubi Qafqazdan Asiya Türkiyəsinə köç edənləri belə adlandırmışdır. Lakin məsələyə hansı yöndən yanaşmağımızdan asılı olmayaraq, bütün sənətlər bizi qarapapaqların mənşəyini mütləq Türküstan və Orta Asiya regionundan götürmənin məntiqə uyğunluğuna istiqamətləndirməkdədir. Eyni zamanda nəzərə alaq ki, həm Türküstan – Orta Asiya, həm də Cənubi Qafqaz, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərində hazırkı dövrdə məskunlaşmışların mənşəyinin birmənalı şəkildə qıpçaq olması onların etnogenezində qıpçaq komponentinin aparıcı olduğunu sübut etməkdədir. “Tərəkəmə” termininə gəldikdə isə, fikrimizcə, bu hissənin etnogenez məsələsinə heç bir aidiyyatı olmadığı görünməkdədir. “Tərəkəmə” termini Əbülqazi Bahadır xanın “Şəcəreyi – tərakimə”sindən başlamış, türkmən anlamına gəlməsi Əbülqazinın dövründə etnik-milli terminologiya anlamında işlənmişdir. Salih Yılmazın tərəkəmə termininə açıqlama verərkən Hammer Purqştala söykənərək Türküstanlı qaraqalpaqların kimliyi ilə bağlı aşağıdakıları qeyd etməsi də yanaşmamızın məntiqə oturduğunu sübut etməkdədir: “Bu qövm torpaqlarından qovulmalarına görə yas saxlamaq üçün qara papaq geyməyə başlamışlar ki, qarapapaqlılar etnonimi də onlara bu hadisəylə bağlı ad olaraq verilmişdir. Lakin bu yozum da özünü o qədər də doğruldan yanaşma deyildir. Yazımızın lap əvvəlki səhifələrində “qaraqalpaq” (oxu “qarapapaq”) etnoniminin daha inandırıcı nəzər nöqtələrini şərh etmişik. Bəlkə də Əbülqazi Bahadır xanım “Şəcəreyi-tərakimə”sinə söykənərək danışdıqda Salih Yılmazın “Tərakimə” adı ilə “tərəkəmə” ifadəsi altında bağlılıqlar görmək mümkündür ki, bu da “tərəkəmə” dedikdə “yurdlarını tərk edib gedənlər” anlamına gəlir. Lakin burada da daha mühüm məqam diqqətdən kənarda qalır. Qarapapaqlarla Tərəkəmələr arasında etnik birlik yox, məişət, həyat tərzi birliyi axtaran S.Yılmaz belə bir fikri inkişaf etdirir və eyni zamanda tərəkəmə termininə bənzər bir adın Qafqazda yaşayan kumuxlara deyildiyini qeyd edir. Və söyləyir ki, Cəlaləddin Xarəzmşahla Çingiz xan arasında müharibə edən Cəlaləddin Xarəzmşaha Qafqaz türk qövrmlərinə “təraküm” deyilmişdir.

Qaraqalpaqların etnogenezi ilə bağlı, hələ müasir tarix elmi mövcud olmadığı dövrlərdə, bu xalqın XIX əsr ədəbiyyatının klassikləri Haciniyaz Kosıbayalının
(1824-1878) səcərəsində və Berdag Karqabayulının (1827-1900) “Şəcərə” poemasında şifahi rəvayətlərə söykənən məlumatlar verilmişdir. Bundan başqa qaraqalpaqların folklor mirasında noğaylı qatı da vardır ki, orada yer almış əsərlərdə Qızıl Ordadan çıxan milli versiyalarda noğay, tatar, qazax, köçəri özbək və qırğızların qıpçaq etnoqrupu yer alır ki, göstərilən xalq və ölkə “Noğaylı” adlandırılır. Qaraqalpaq xalqının “Qarapalpaq” adlı tarixi nəğməsində “Qaraqalpaqların mənşəyinin ərəblərə gedib çıxması” ilə bağlı da ehtimallar mövcuddur (“Каракалпактын хаслын сор(а)сан арабты”). Berdağ isə “Şəcərə” poemasında təsdiqləyir ki, qaraqalpaqların əsil-nəsli Razıhaq adlı Malik oğludur ki, o da Məhəmməd peyğəmbərin yaxınlarından bir olmuşdur.

Qaraqalpaq şairi və esseisti Saqınbay İbrahimovun Nökisdə bizə hədiyyə etdiyi “Mənim qaraqalpaq xalqım” kitabında təsdiq edir ki, qaraqalpaq xalqının keçmişi ilə bağlı özünün yaddaşı qarışıq olması ilə yanaşı, həm də həqiqəti əks etdirmir və XIV əsrin son onilliklərindən o yana keçmir...

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ