Türkologiyanın tarixində Birinci Türkoloji Qurultayın yeri


Açıklama yok.

Elçin İbrahimov

Qarabağ Universiteti Elm şöbəsinin müdiri
filologiya elmləri doktoru
Xankəndi/Azərbaycan

Türk Dünyasında elmi birlik yolunda 100 il: 1926-2026

1926-cı ilin fevralında Bakı şəhəri təkcə regional miqyasda deyil, bütövlükdə türk dünyasının elmi və mədəni xəritəsində simvolik bir mərkəzə çevrildi. Birinci Türkoloji Qurultay – elmi ədəbiyyatda “Birinci Türkoloji Qurultay”, “Bakı Türkoloji Qurultayı”, “1926 Bakı Qurultayı” adları ilə də tanınan bu mötəbər tədbir, türk xalqlarının dilləri, mədəni irsi və elmi əməkdaşlıq perspektivləri üzərində düşünən alimləri ilk dəfə bu qədər geniş və sistemli şəkildə bir araya gətirdi. Qeyd edilməlidir ki, Qurultayın rəsmi və orijinal adı Azərbaycan dilində nəşr olunmuş proqramın cildində “Birinci Ümumittifaq Türkoloji Qurultay” kimi göstərilmişdir.

Qurultay çərçivəsində türk dillərinin elmi müzakirəsi yeddi əsas problem sahəsi üzrə aparılmış və bu istiqamətlərdə müvafiq qərarlar qəbul edilmişdir: əlifba məsələsi, imla və orfoqrafiya problemləri, terminologiya, tədris və metodika məsələləri, qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri, türk dillərinin ədəbi dil məsələləri, o cümlədən ortaq ədəbi dil problemi, həmçinin ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi məsələləri.

Açıklama yok.

Bu müzakirələr türk dünyasında elmi birlik ideyasının formalaşmasında mühüm dönüş nöqtəsi olmuşdur. Türkologiyanın inkişaf istiqamətini müəyyən edən, türk xalqlarını ortaq mədəniyyət və dil platformasında birləşdirən bu intellektual təşəbbüs – 1926-cı il fevralın 26-dan martın 6-dək Bakı şəhərində İsmailiyyə sarayında keçirilmiş Birinci Türkoloji Qurultay – XX əsrdə türk xalqlarının mədəni inteqrasiyasında yeni bir mərhələnin əsasını qoymuş, geniş coğrafiyada yaşayan müxtəlif türk toplumları üçün taleyüklü məsələlərin müzakirə edildiyi və elmi əsaslandırılmış həll yollarının formalaşdırıldığı tarixi bir tribuna rolunu oynamışdır.

Bu Qurultay təkcə Azərbaycan elmi mühitində deyil, bütövlükdə Türk dünyasında türkologiya elminin sistemli inkişaf mərhələsinin formalaşmasında mühüm rol oynamış, türk xalqlarının dillərinin, ədəbiyyatının, etnoqrafiyasının və tarixi-mədəni irsinin elmi əsaslarla öyrənilməsi üçün möhkəm nəzəri və praktik baza yaratmışdır. Qurultay yalnız əlifba və orfoqrafiya məsələləri ilə məhdudlaşmamış, elmi terminologiyanın sistemləşdirilməsi, türk dillərinin orfoqrafik tədqiqi, ölkəşünaslıq, arxeoloji və etnoqrafik araşdırmalar kimi sahələri də əhatə etməklə türkologiyada multidissiplinar yanaşmanın əsasını qoymuşdur.

Bu gün Birinci Türkoloji Qurultayın keçirilməsindən bir əsr ötür. Tarixi sınaqlardan keçmiş bu ideyalar çağdaş dövrdə yenidən aktuallıq qazanmaqdadır. Qloballaşmanın artan təsiri fonunda türk xalqları arasında ortaq əlifba və dil məsələlərinin həlli həm elmi və akademik birliyin güclənməsinə, həm də milli-mənəvi bütövlüyün bərpasına xidmət edən mühüm amillərdən biri kimi çıxış edir.

Birinci Bakı Türkoloji Qurultayının tarixi və elmi əhəmiyyətini daha dolğun təsəvvür etmək üçün bir sıra faktlar xüsusilə diqqətəlayiqdir. Qurultayda ümumilikdə 12 ölkədən: Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Gürcüstan və Ermənistandan – nümayəndələr iştirak etmişdir. Bununla yanaşı, Krım, Tatarıstan, Başqırdıstan, Dağıstan, Çuvaşiya, Kalmıkiya, Kabarda-Balkar, İnquşetiya, Noqay ordası, Çeçenistan və digər bölgələrdən müxtəlif türk toplumlarını və muxtar qurumları təmsil edən nümayəndələr qatılmışdır.

Açıklama yok.

Qurultayda ümumilikdə 134 nəfər iştirak etmiş, 17 iclas keçirilmişdir. Bu iclaslarda türk xalqlarının, bütövlükdə Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 elmi məruzə təqdim olunmuşdur. Qurultaya Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu sədrlik etmiş, Rəyasət Heyətinə isə həm yerli, həm də xarici nüfuzlu alimlər seçilmişdir. Onların sırasında Azərbaycandan Ruhulla Axundov və Həbib Cəbiyev, tanınmış şərqşünas və tarixçi alim akademik Vasili Bartold, akademik Sergey Oldenburq, Avropa alim heyətinin nümayəndəsi professor Teodor Menzel, RSFSR Xalq Maarif Nazirliyindən İosif Naqovitsin, professor Bəkir Çobanzadə, SSRİ Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Samoyloviç, Qazaxıstandan Əhməd Baytursun, Yakutiyadan İsidor Baraxov, Şərqşünaslıq Assosiasiyasından İlya Borozdin və Mixail Pavloviç, Tatarıstandan Qalimcan İbrahimov, Başqırdıstandan Kərim İdelqujin, Türkiyədən SSRİ EA-nın xarici müxbir üzvü professor Fuad Köprülüzadə, Dağıstandan Cəlaləddin Qorxmazov, Özbəkistandan Rəhim İnoqamov, Qırğızıstandan Qasım Tınıstanov, Türkmənistandan Bekki Berdiyev, Krımdan Hüseyn Ağçokraklı və Həbibulla Odabaş, Şimali Qafqazdan isə Umar Əliyev kimi tanınmış alim və ictimai xadimlər yer almışdır.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin və digər respublikaların təklifləri əsasında Əli bəy Hüseynzadə, Villi Banq, Mustafa Quliyev, akademik Nikolay Marr, Anatoli Lunaçarski və Vilhelm Tomsen Qurultayın Rəyasət Heyətinə fəxri üzv seçilmişdir. Bu geniş və nüfuzlu tərkib Qurultayın həm elmi baxımdan yüksək səviyyəli, həm də siyasi və mədəni cəhətdən əhəmiyyətli bir tədbir olduğunu göstərir. İştirakçıların müxtəlif coğrafi bölgələri və elmi məktəbləri təmsil etməsi, məruzələrin elmi-metodoloji zənginliyi, eləcə də etnoqrafiya, dilçilik və tarixşünaslıq sahələrində multidissiplinar yanaşmaların tətbiqi Qurultayı XX əsr Azərbaycan elmi-mədəni həyatının ən parlaq və yaddaqalan hadisələrindən birinə çevirmişdir.

Açıklama yok.

Təəssüf ki, stenoqramda adı çəkilən 59 çıxışın nə müəllif əlyazmaları, nə də tam stenoqrafik mətnləri bu günədək aşkar edilməmişdir. Ehtimal olunur ki, bu çıxışların bir hissəsi ərəb, digər hissəsi isə latın qrafikasında təqdim olunmuşdur. Qurultayın qərarına əsasən, türk dillərində səsləndirilən çıxışlar katibliyə təqdim edilməli, orijinal mətnlər rus dilinə tərcümə olunaraq protokollarda dərc edilməli idi. Lakin görünür, bu qərar tam şəkildə icra olunmamışdır.

Xalid Səid Xocayev, Nemət Hakimov və Həbibulla Habitov kimi nümayəndələrin çıxış mətnləri nə Milli Arxiv İdarəsində, nə də Əlyazmalar İnstitutunun materialları sırasında yoxdur. Ehtimal edilir ki, bu materiallar ya şəxsi arxivlərdə saxlanılır, ya da 1930-cu illərin repressiyaları zamanı məhv edilmiş əlyazmalar arasında olmuşdur. Ümid edilir ki, Qurultayın 100 illik yubileyi ərəfəsində bu qiymətli materialların heç olmasa bir hissəsi aşkarlanaraq elmi ictimaiyyətə təqdim ediləcəkdir.

İclasda SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Qəzənfər Musabəyovun təbrik nitqi ilə çıxış etməsi də Qurultayın mötəbərliyini bir daha təsdiqləyir. Qeyd etmək lazımdır ki, Qurultay məşhur türkoloq V.V.Radlovun və İsmayıl bəy Qaspıralının xatirəsinə həsr edilmişdir. Akademik Vasili Bartold, Mehmet Fuad Köprülüzadə, Əli bəy Hüseynzadə, Aqafangel Krımski, Nikolay Poppe, Nikolay Aşmarin və Sergey Malov kimi tanınmış türkoloq və şərqşünasların iştirakı da bu elmi toplantının yüksək statusunu və nüfuzunu göstərirdi.

Qurultayda çıxış edən alimlər yalnız öz sahələrinin spesifik problemlərinə toxunmaqla kifayətlənməmiş, həm də iştirakçıları türkoloji tədqiqatların metodologiyası, elmi terminologiyanın formalaşdırılması, müqayisəli dilçilik və coğrafi-etnoqrafik yanaşmalar barədə düşünməyə sövq etmişlər. Bu məruzələr nəticəsində geniş fikir mübadiləsi aparılmış, müxtəlif türk xalqlarının dil və mədəniyyət xüsusiyyətlərinin öyrənilməsində yeni elmi perspektivlər müəyyənləşdirilmişdir.

Açıklama yok.

Qeyd edilməlidir ki, Birinci Türkoloji Qurultayın qəbul etdiyi qərarlar arasında ortaq əlifba, ortaq ədəbi dil, ortaq terminologiya və digər əlaqəli məsələlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu problemlər yalnız XX əsr üçün deyil, müasir dövrdə də türkologiyanın və türk xalqlarının mədəni inteqrasiyasının aktual istiqamətləri kimi qiymətləndirilir. Qurultay tərəfindən irəli sürülən ortaq yazı və dil prinsipləri, elmi terminologiyanın sistemləşdirilməsi və ədəbi dilin inkişafına dair tövsiyələr bu gün də strateji və elmi əhəmiyyətini qoruyub saxlayır.

Azərbaycan XX əsrdə dövlət müstəqilliyini bərpa etdikdən sonra I Bakı Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verildi. Belə ki, 5 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qurultayın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı və 2006-cı ildə Bakıda bu yubileyə həsr olunmuş Beynəlxalq konfrans təşkil edildi. Sonrakı illərdə isə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi dövlət səviyyəsində qeyd olundu; 18 fevral 2016-cı ildə Prezident İlham Əliyev həmin hadisənin dövlət səviyyəsində keçirilməsini təmin edən sərəncam imzaladı. Bu sərəncamda xüsusi olaraq vurğulanırdı ki, XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu təsbit edilmiş, Türkoloji Qurultay tərəfindən irəli sürülmüş qərar və tövsiyələrin müasir şəraitdə həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. Ötən dövr ərzində türkologiyaya dair yeni elmi konsepsiyalar formalaşmış, Azərbaycan dünya miqyasında nüfuzlu türkoloji araşdırma mərkəzlərindən biri kimi tanınmış və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsi yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam bu yubileyin dövlət səviyyəsində qeyd olunmasını nəzərdə tutur. Bu, təsadüfi deyil, əksinə tarixi ardıcıllığın və ideya varisliyinin təbii nəticəsidir. Çünki Birinci Türkoloji Qurultayda irəli sürülən bir çox ideyalar bu günün reallığında uğurla həyata keçirilir və Türk dünyasının yenidən vahid ailə kimi formalaşması istiqamətində mühüm və diqqətəlayiq nailiyyətlər əldə olunub.

Bu sərəncam Qurultayın tarixi və elmi əhəmiyyətini daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni zamanda Qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin edir.

Sərəncamda xüsusi olaraq qeyd olunur ki, Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilmiş, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır.

Türk dövlətləri arasında qardaşlıq və qarşılıqlı etimada əsaslanan müttəfiqlik münasibətləri möhkəmlənir, mədəni əməkdaşlıq əlaqələri isə getdikcə daha da dərinləşir. 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması ilə bağlı çağırışın yer alması da bu prosesin bariz göstəricisidir.

Bütün bu qeyd olunanlar və qeyd olunmayan digər önəmli məsələlət bizi Birinci Türkoloji Qurultayı başqa bir aspektdən də araşdırmağa sövq etmişdir. Məhz buna görə, bu tarixi hadisənin arxa planı və onun davamı da diqqətdən kənarda qalmamalıdır.

Açıklama yok.

Qurultay nə qədər elmi-intellektual zirvə idisə, onun ardınca baş verən hadisələr bir o qədər faciəvi olmuşdur. Tədbirdə iştirak etmiş, Türk dünyasının gələcəyi naminə çalışan bir çox ziyalı, alim və mütəfəkkir sonrakı illərdə totalitar sovet rejiminin repressiyalarına məruz qalmış, edam, sürgün və susdurma siyasətinin qurbanına çevrilmişdir. Onların bəziləri fiziki məhvə, bəziləri isə mənəvi təcridə düçar olmuş, əsərləri yasaqlanmış, əlyazmaları və kitabları məhv edilmiş, adları uzun illər tarixdən silinmişdir.

Bu proses bütövlükdə türk xalqlarının intellektual inkişafına, milli yaddaşına və mədəni irsinə ağır zərbə vurmuşdur. Birinci Türkoloji Qurultayın ideyaları, elmi baxışları və gələcək layihələri uzun müddət arxa plana atılmış, onların gerçəkləşməsi onilliklər boyu yubadılmışdır. Bu da Qurultayın təkcə elmi deyil, həm də siyasi və ideoloji baxımdan nə qədər mühüm və həssas bir hadisə olduğunu sübut edir. Bu gün həmin tarixi hadisəyə qayıdarkən yalnız onun nailiyyətlərini deyil, həm də bu nailiyyətlərin müqabilində baş verən acı təcrübələri unutmamalı, intellektual yüksəlişin qorunması və davam etdirilməsi üçün güclü hüquqi və ictimai zəmin yaratmalıyıq.

XX əsrin sonlarında Sovet İttifaqının süqutundan sonra türk dünyasında yenidən intellektual reaktivasiya yaşandı. Müstəqil türk dövlətləri formalaşdı, təhsil və elmi institutlar yenidən quruldu və türk dünyasında ortaq elmi məkan ideyası yenidən gündəmə gəldi. Bu yeni kontekstdə, Birinci Türkoloji Qurultayın 1926-cı ildə səsləndirdiyi ideyalar yenidən aktuallaşdı. 100 il sonra, Türk Dövlətləri Təşkilatının dəstəyi və Beynəlxalq Türk Akademiyası ilə Türk Dil Qurumunun nəzdində fəaliyyət göstərən Ortaq Əlifba Komissiyasının fəaliyyəti nəticəsində Türk dünyasında ortaq əlifba qəbul edildi. Bu, Qurultayın 100 illiyinə də töhfə verdi.

Yuxarıda qeyd olunan siyasətin məntiqi davamı olaraq ortaq türk əlifbası ilə nəşr edilən ilk kitablar Türk dünyasında bu problemin həlli istiqamətində atılmış uğurlu addımlar kimi qiymətləndirilə bilər. Ortaq əlifba ilə çap olunmuş ilk kitablar arasında Türk Akademiyası tərəfindən nəşr edilən Abay Kunanbayın “Qara sözlər” və Çingiz Aytmatovun “Ağ gəmi” əsərləri yer alır. Bu əsərlərin təqdimatları Qazaxıstan və Qırğızıstanda keçirildi və Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirakçılara hədiyyə edildi.

Bu baxımdan, 2026-cı ilin 100 illiyi təkcə yubiley deyil, Türk Dünyasında elmi birlik ideyasının tarixi bir mərhələsinin təntənəsidir. 1926-cı ildəki Qurultayı yalnız keçmişin hadisəsi kimi qiymətləndirmək kifayət deyil; bu hadisə müasir türkoloji tədqiqatlarda, tədris metodikasında, ümumtürk elm və mədəniyyət əlaqələrində öz əksini tapmışdır. 100 illik perspektiv göstərir ki, elmi birlik yalnız ideya deyil, konkret praktik fəaliyyətin məhsulu olmuş və türk dünyasında uzunmüddətli intellektual prosesə çevrilmişdir.

Birinci Türkoloji Qurultay Türk Dünyasının elmi həyatında dönüş nöqtəsi olmuşdur. O, yalnız əlifba və dil məsələsi ilə məhdudlaşmır, həm də elmi birlik, kollektiv qərarvermə və metodoloji vahidlik ideyalarının formalaşması baxımından tarixi əhəmiyyət kəsb edir. 100 illik yubiley təntənəsi də göstərir ki, elmi birliyin ideyası keçmişdə başlamış, indiki dövrdə inkişaf etmiş və gələcək üçün perspektiv yaratmışdır. Birinci Türkoloji Qurultay həm tarixi hadisə, həm də Türk Dünyasında elmi inteqrasiyanın davamlı təşəbbüsü kimi qiymətləndirilə bilər.

Açıklama yok.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ