Nizami Tağısoy
professoru
(əvvəli BU LİNKDƏ)
...Qədim türk dövrünün hadisələri isə əsasən çin, ərəb və fars salnamələrinə söykənir ki, onlar qədim türk yazılı mətnlərində saxlanılmışdır. Saqınbay İbrahimov onu da qeyd edir ki, peçeneq və oğuzlardan sonra Bizansın Balkan əyalətlərinə Sibirin İrtış çayı sahillərindən qıpçaqlar getmiş, XI əsrin 60-70-ci illərində qıpçaqlar, onlara qədər bulqarlar və peçeneqlər şimal oğuzlarından sonra Dnepr-Dnestr çayları arasında yerləşmişlər. S.İbrahimov bir şeyi də qeyd edir ki, qaraqalpaqların dili, hər ehtimala qarşı, oğuz türklərinin dili idi, ona görə ki, məhz bu ittifaqda çoxluq təşkil edənlər də elə oğuzlar idi.
Rus salnamələrinə söykənən müəllif XII əsrin ikinci yarısında mövcud olmuş qaraqalpaq knyazları Basti, Çekman, Toşman, Monaçuk, Tudor Satmazoviç, Qaragöz Minyüzoviç, Qaraş Kokey, Küntüvdey, Çürnay, Güldeyir və b. adlarını çəkmişdir.
Çoxsaylı mənbələri araşdırdıqca biz qəti şəkildə belə bir fikrə yönəlirik ki, qarapapaq və qaraqalpaq türklərinin etnogenetik mənbəyində bir ümumilik və vahidlik vardır. Salih Yılmaz qarapapaq türkləri ilə xəzərlərin əqrəbalığını doğru qeyd etdiyi kimi, biz də 2007-ci ildə nəşr etdirdiyimiz “Karakalpakskaya literatura” kitabında və 2015-ci ildə daha fundamental variantda təqdim etdiyimiz “Qaraqalpaq ədəbiyyatı” adlı ali məktəblər üçün hazırladığımız dərslikdə qaraqalpaq, qarapapaq, xəzərlər və qaqauzların əsil-nəslinin eyni kökdən olduğunu göstərmişik. Eyni zamanda biz qaraqalpaq, qarapapaq, xəzər və qaqauzlardan danışarkən bizim öz doğma rayonumuzda Bakı-Tbilisi avtomagistral yolunun iki yerə böldüyü “Qarabörk” kəndinin adını çəkib, bu kəndin də mənşəyindən ötəri ləhs etmişdik. Yəni adını çəkdiyimiz etnik birliyin tam şəkildə bir-birinə yaxın olmasını anlamadan qarapapaqların etnik kökəni haqqında əsaslı və inandırıcı biliklərin ortaya qoyulmasının mümkünsüzlüyünü bir də vurğulamağa məcbur olmuşuq. Yuxarıda ötəri bildirdiyimiz kimi, yenə də söyləməkə israrlıyıq ki, qəbilə, tayfa, etnos, xalq, millət anlayışlarını üst-üstə nəzərdən keçirib, onu həmin xalqın hər hansı digər bir xalqın məişət həyatı ilə məntiqə söykənmədən eyniləşdirmək problemə praqmatik yanaşmadan uzaqdır.
Yaxşı məlumdur ki, qədim türklər zəngin və çeşidli oturaq həyat tərzi keçirib, yüksək çeşidli etnik həyat mənzərələri yaradıb, şəhərlər inşa edib qurmaqla yanaşı, həm də tarixən köçəri və yarımköçəri həyat yaşamaqla öz tarixi, mədəni adət-ənənələrini qoruyub inkişaf etdirmişlər. Belə olduqda yenə də “Tərəkəmə” anlayışına nəzər salarkən görürük ki, XIX əsr – XX əsrin əvvəllərin”də tərəkəmə termini köçəri mənasında işlədilən anlayış olmaqla, köçəri Azərbaycan türkləri üçün istifadə edilən istilah olması da həqiqəti əks etdirmir. Çünki burada tərəkəmələrin, qarapapaqlarla həm bir-biri, həm də padarlar, sahsevənlərlə eyniləşdiriliməsi ortaya çıxır ki, belə yanaşmanın özü də məsələnin elmi-tarixi və metodoloji-konseptual aspektinə kölgə salır. Birinci, burada göstərilən tarixi kəsim son dərəcə sıxılmış (bir-birinin içinə pərçimlənmiş) halda təqdim olunur. İkinci, əgər belədirsə, bəs onda qədim türklərin etnik həyatında yer almış köçərilik ənənələrinin əsil mahiyyətini necə izah etmək mümkündür?! Bununla bağlı biz çoxsaylı örnək və mətnlərdə məlumatlar olduğunu bilirik. Onların ən mötəbərlərindən bir hesab edilən L.Qumilyovun “Qədim türklər” əsərində oxuyuruq: “Türklər ev tikmir, bağ salmırdılar, çünki yaxınlıqdakı meşənin axırıncı ağacları yandırılan kimi soyuq iqlim onları həmin şəhərdən getməyə məcbur edirdi...
Bu cür həyat şəraitində səyyar yaşayış məskənləri daha sərfəli idi”. Bu fikrin özü də onu sübut edir ki, türklərin köçəri və oturaq həyat tərzinin yaşı minilliklərin o yanından boylanmaqdadır. Eyni zamanda bu da məlumdur ki, Xəzərdən köçəri oğuzlar Azərbaycan və Cənubi Qafqaza üz tutan digər türklərin qarapapaqların etnogenezində əsaslı rol oynamışlar. Sovetlər dövründə 4 köçəri qrup (ayrımlar, padarlar, sahsevənlər və qarapapaqlar) var idi. Köçərilər oba, şenlik, yataq, binə, yurd, düşəngə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. istifadə edirdilər. Tərəkəmə termini “türkoman”, “türkman”, “türkmən” adlarına yaxın olsa da, bu semantika baxımından onların analogiyası yox, məişət və həyat tərzi ilə bağlı olan xüsusiyyətdir. Elə buna görə də qarapapaq və qaraqalpaq ifadələrini qövmün etnogenetikası ilə bağlamağı daha məntiqə oturan hesab edirik.
Dağıstan Elm Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi S.Ş.Hacıyeva “Dağıstanlı azərbaycanlılar. XIX-XX əsrin əvvəlləri” mövzulu tarixi-etnoqrafik tədqiqatında Dağıstan azərbaycanlılarının yaşadıqları ərazilər, həyat tərzi, təsərrüfat həyatı və s. haqqında xeyli məlumatlar verməklə onların kumuxlarla yaxınlığını qeyd edir. Lakin qarapapaqlarla bağlı hər hansı məlumatlar ortaya qoymur.
Bakı Dövlət Universitetindən olan müəllif Əsməd Muxtarovanın “Türk xalqlarının tarixi (qədim və orta əsrlər)” kitabında türklərin ümumi mənbələrindən başlamış, Qərbi Türküstanda mövcud olmuş türk dövlətlərindən, Mərkəzi Asiya, Altay, Qərbi Sibir, Avropa və Şərqi Avropada türk tayfa birləşmələri – peçeneqlər və kəngərlər, kumanlar, uzlar, qıpçaqlar, qaqauzlar və digərləri ilə bağlı lakonik məlumatlar verilsə də, nə qarapapaq, nə də qaraqalpaqlarla bağlı hər hansı bilgi təqdim edilməmişdir.
Fəxri Valehoğlu “1806-1812-ci illər Türk-Rus müharibəsi və qarapapaqlar” adlı məqaləsində “Qarapapaqlar azərbaycanlıların subetnik qrupu” adlandırması heç də həqiqəti tam şəkildə özündə ehtiva etmir. Fikrimizcə, professor Ali Kafkasyalının “Qazaxıstan qarapapaqları. Dünənin Axıska-Axılkələk bugünün Qazaxıstan tərəkəmə / Qarapapaqları” materialında isə Axısqa türklərinin Böyük Vətən Müharibəsi nəticəsində öz doğma yurdundan qovulmasına və qarapapaqların sürgün edildiklərinə görə onlar Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın müxtəlif ərazilərində Qızıl Orda, Türküstan, Arıs, Çimkənd, Tülkübaş, Taraz, Merke, Çu, Almatı, Taldıkorqan, Bişkek, Sarıağac, Daşkənd, Səmərqənd, Əndican, Namanqan, Buxara, Yangiyül, Fərqanə, Cizak və b. bu kimi ərazilərdə tələf olmuş, qalanları Qazaxıstanın Kentav, Türküstan, Çimkənddən başlayaraq, Almatıya qədər müxtəlif kənd və qəsəbələrdə yerləşdirilmişlər.
Ali Kafkasyalıya görə Qazaxıstan qarapapaqları Axısqa və Axılkələkdən götürdükləri dil və ədəbiyyatları ilə bərabər maddi və mənəvi mədəniyyət dəyərlərini orada canlı bir şəkildə qoruyub yaşatmaqdadırlar.
Gördüyümüz kimi, burada xeyli tərəflər ortaya çıxır ki, onlardan bəziləri fikirlərimizin təsdiqinə, bəziləri isə inkarına xidmət edir. Lakin dərin inanımıza görə qarapapaqlarla qaraqalpaqlar arasında geneoloji yaxınlığı Cənubi Qafqaz ərazilərindən İkinci Dünya Müharibəsi zamanı repressiyaya məruz qalanların hesabına görə belə dəyərləndirmək qarapapaqlarla qaraqalpaqların geneologiyasındakı birliyi heç də özündə doğrultmur. Buna görə də biz yenə də qarapapaqların əcdadlarının Türküstan, Amudərya və Sırdərya sahillərindən qaraqalpaqlarla olan yaxınlıqlarını onların əcdadlarının miqrasiyası ilə bağlamağı daha məntiqə söykənən hesab edirik.
Bütün söylədiklərimizi ümumiləşdirərək onu da söyləyək ki, müasir dövrdə xeyli yeni metodika və vasitələrin köməyi ilə DNK testindən istifadə etməklə, nəsillərin dərinliyində itib-batmış yaxınlıqları arayıb-axtarmaqla müəyyənləşdirmək mümkündür. Bu da nəzərə alınmalıdır ki, hər bir etnosun unikallığı onun geninə bağlıdır ki, əcdadlarımız onu bizə miras qoyub getmişlər. Lakin belə olduğu halda artıq yüzilliklər ərzində mövcud olduğuna görə digər etnoslarda olduğu kimi uzun zaman kəsiyində bir-birindən perik düşmüş qarapapaqlarla qaraqalpaqların genomunda (bir orqanizmdə olan genlərin ümumiliyi) çoxsaylı dəyişikliklərin (təsadüfi mutasiyaların) bir nəsildən o biri nəslə keçməklə yeni genetik markerlər yaradandır ki, onların arasında qarapapaqlarda olanlar qaraqalpaqlarda daha az rast gəlinəndir....
(ardı var)
![]()
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur