Azərbaycan–Türkiyə münasibətlərini hədəf alan dezinformasiya kampaniyası ifşa edildi


İnternetin rusdilli seqmentində "Tsargrad.tv" resursundan qaynaqlanan Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhə doğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterli məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb.

"Azərbaycana qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarla ictimai rəyi çaşdırmağa çalışan, Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağa xidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildə qınayır və qəbuledilməz olduğunu vurğulayırıq. Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin media subyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipial mövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə və informasiya mühitinin qorunması istiqamətində məsuliyyətli davranmağa çağırırıq".

MEDİA hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa, yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə çağırıb.

"Agentlik bu kimi halların qarşısının alınması və vahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti ilə səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir", - məlumatda qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ