Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli-tipoloji kontekstdə baxış


No description available.

Nizami Tağısoy
professoru

(əvvəli BU LİNKDƏ)

...Düşünürük ki, əsaslı antropoloji tədqiqatlar aparılmış olarsa, qarapapaqlarla qaraqalpaqların paleogenetikasında bir-birini tamamlayan genetik komponentlərin tam şəkildə üst-üstə düşdüyünü müəyyənləşdirmək mümkündür. L.N.Qumilyov B.X.Karmışevanın etnoqrafik tədqiqatlarına söykənərək Orta Asiyada özbəklərin daxilində olan türk qəbilələrinin türklərin birbaşa nəsilləri olduğunu göstərmişdir.

Bunu da bilirik ki, hun çevrəsinə aid olan bulqar, xəzər, akasilər, savirlər, subarlar, sabirlər digər qəbilələrlə əlaqədə olmaqla VI əsrin əvvəllərindən Şimali Qafqaza, oradan ön Qafqaza köçürülmüşdülər. L.Qumilyov suvarların sonradan slavyanlaşmasını qeyd etmişdir ki, savirlərdən də Sibir toponimi yaranmışdır. Ümumiyyətlə, savirlərlə bağlı xeyli araşdırmalar getmiş, xəzər tarixi üzrə tanınmış tədqiqatçı professor M.Artamonov savirləri türklərə aid etmişdir. Elə buradaca borçalı toponimi və etnonimindən də danışa bilərik ki, bu toponim borçula, borçala, borçalu və digər adlar altında da işlədilməkdədir. Lakin bu etnonimlərin də mənşəyinə hələ də yetərincə aydınlıq gətirilməmişdir. Bununla belə, sabirlər, savirlər, suvarlar Qafqaz xalqlarının, Xəzər dənizi ətrafının, Volqa və Sibir ərazilərində yaşamış türklərin formalaşmasında yaxından iştirak etmişdilər.

Əmir Eyvaz 1835-ci ildə işıq üzü görmüş xəritəyə əsaslanaraq yazır ki, savirlər Araz çayının hər iki sahilində yaşayan regionun müasir əhalisinə deyilirdi. Eramızın əvvəllərində Klavdi Ptolomey savirlərin Qafqazda yaşamaları ilə bağlı məlumatlar vermişdi və onların müasir çuvaşların əcdadları olduğu söylənilirdi.

Fraqmentar müraciət etdiyimiz bəzi nümunələrdən də göründüyü kimi, milli, türk və ümumi dünya tarixşünaslığında türk qəbilə, qövm və etnosları ilə bağlı heç də yetkin təsəvvürlər mövcud deyildir. Bu kontekstdə qarapapaq türkləri haqqında da tarixi məlumatların kasadlığı, onların digər türk qövmləri ilə qarşılıqlı əlaqələrinə həsr olunmuş materialların da yoxluğu təəccüb doğurur. Bununla belə, xalqın etnogenezi ilə bağlı ilk əlimizdən tutan məxəz “qaraqalpaq” və “qarpapaq”ların etnogenizinin “qara papaq” etnonimi il bağlılığı oldu. Məsuliyyətli özbək və qaraqalpaq tarixçiləri İ.Muminov, Y.Qulamov, Y.Dosumov, T.Jdanko, X.İnayətov, S.Kamalov, R.Kosbergenov, İ.Kosımbetov, M.Nurmühəmmədov, S.Tolstov və onun qızı L.Tolstova və başqa bu kimi alimlərin araşdırmalarına görə onlar qaraqalpaqları peçeneq-oğuz qəbilələrinə yaxın bilirdilər ki, sonralar onlar Kiyev Rus dövləti əhalisinin tərkibinə qatılmışdı. Hələ XIX əsrin 30-cu illərində Rəşid-əd-dinin monqolların Rusiya üzərinə yürüşünü özündə əks etdirən hekayətindəki “qarapapaq xalqı”nı “kaum-i-kul-i-sia” adlandırırdı. Rəşid-əd-dinin “Salnamələr məcmuəsi”ndəki, “qarapapaq xalqı” rus salnamələrindəki qara papaqlarla eynilişdirilmişdi. Belə bir nəzər nöqtəsini həm də digər tanınmış rus alim N.İ.Berezin özünün “Batının hücumu” əsərində də müdafiə etmişdi. Ən-Nüveyrinin “Qızıl Orda qıpçaqları arasında” əsərində “qarapapaqların” da yer almasından söhbət gedir ki, qaraqalpaqların qıpçaq mənşəli olub, onların “qarabörklü” adı ilə çağırılması üçün də əsaslar verməkdədir. Məşhur macar türkoloqu Armini Vamberi isə qaraqalpaqları peçeneqlərlə müqayisə edərkən yazırdı: “Əgər qaraqalpaqları peçeneqlərin yaxın qohumları hesab etsək, yanılmarıq”. İngilis tədqiqatçısı Hovors da qaraqalpaqlarla peçeneqləri “qarapapaq xalqı” ilə eyniləşdirirdi və eyni zamanda burada noğayları da peçeneqlərin (onları da baş geyimlərindəki papağa görə) qaraqalpaq adlandırırdı. Qeyd etdiklərimizə şübhə yeri qalmadıqda, digər nəzər nöqtələrindən bəhs etmədən qarşımızda qarapapaqların və qaraqalpaqların mənşəyi ilə bağlı aydın təsəvvürlər olduğunu rahatca duymaq mümkündür.

Gördüyümüz kimi, müraciət etdiyimiz müəlliflərin hamısında vahid yanaşma, yəni “qarapapaq”, “qaraqalpaq” və “qarabörklü” defenisiyalarının ortada durduğunu müəyyənləşdiririk. Və, maraqlıdır ki, biz illər bundan öncə nəşr etdirdiyimiz “Karakalpakskaya literatura” və “Qaraqalpaq ədəbiyyatı” kitablarında xəzər, qaraqalpaq, qarapapaq və qaqauzların etnogenezinin tarixi ümumiliyi ilə bağlı eksklüziv məlumatlar vermişik.

Bundan başqa türkiyəli müəllif M.F.Kırzıoğlunun “Qarapapaqlar. Borçalı – Qazax uruğunun Kür – Araz boylarındakı 1800 ilinə bir baxış”ında qarapapaqların etnik kimliyi ilə bağlı da həm oxşar, həm də bəzi fərqli məlumatlar yer almaqdadır. Bu tipli mənbələrin siyahısını uzatmaq da olardı. Lakin söhbətimizin mətləbi heç bunda deyil. Maraqlıdır ki, əksər rus, macar, ingilis, qaraqalpaq, özbək və digər xalqların alimləri qaraqalpaq, qarapapaq və qarabörklü etnonimləri arasında heç bir fərq görmədikləri halda, əsasən azərbaycanlı və türkiyəli alimlər, türkoloq və tədqiqatçılar qaraqalpaqlarla qarapapaqları bir-birindən ayırır və fərqli etnoslar kimi nəzərdən keçirməyə üstünlük verirlər. Bizim qənaətlərimiz isə bundan ibarətdir ki, “XX əsrə qədər qaraqalpaqlar tarixi ədəbiyyatda, ərəb mənbələrində “kaum-i-kul-sia”, rus mənbələrində “çyornıye klobuki”, Qızıl Ordada “qıpçaqlar”, bizdə “qarabörklü” kimi nəzərdən keçirilmişlər ki, bunlardan da hər biri elə qarapapaq anlamına gəlməkdədir. Yuxarda adlarını çəkdiyimiz, kökləri Altay və Sibir türklərindən gələn qarapapaqlar tarixi kökənləri etibarı ilə “basil”, “barsil”, “barçıl”, “barçol”, “barçula”, “borçalı” etnonimlərinə gedir çıxır. V.Minorski, F.Kırzıoğlu və Z.Bünyadovun qənaətlərinə görə qarapapaqlar həm də qıpçaq kökünə bağlıdırlar. Qıpçaqlar bir vaxtlar Dəryal və Dərbənd dərəsindən keçib, Qərbi Azərbaycan, Cənubi Gürcüstan (Borçalı regionu), Qazax, Tovuz, Şəmkir, Gəncə ərazilərinə, Cənubi Azərbaycan (genpapaqlar qəbiləsinə) və Türkmənistan (baharlı qəbiləsinə) ərazilərinə səpələnmişlər. XI əsrdə islamı qəbul etmiş qarapapaqlar sünnü məzhəbindədirlər.

Eyni zamanda qarapapaqlar Atabəylər – Eldəgizlər dövlətinin əsasını qoyanlardır. Onlar sünnü məzhəbindən boyun qaçırıb qızılbaşlığı qəbul etməmiş, daha doğrusu, özlərinin qarapapağa olan sadiqliyini nümayış etdırmişlər. Təsadüfi deyildir ki, Azərbaycan, Cənubi Azərbaycan, Türkiyə və Gürcüstanda yaşayanların bir hissəsi özünü böyük qürur hissi ilə bu gün də qarapapaq adlarıdırmaqdadır. Lakin qarapapaqlar uzun əsrlər boyunca məskunlaşdığı ərazilərdə Osmanlı və Azərbaycan türkləri, daha doğrusu, oğuzlarla qaynayıb qarışmış və özlərini onlarla can bir qəlbdə olduğu kimi hiss etmişlər. Azərbaycan, Türkiyə, Gürcüstanın xeyli hissəsi, Şimali Qafqaz, Ukrayna, Qazaxıstan, Qaraqalpaqıstan, Tatarıstan, Başqurdıstan, Özbəkistan və digər regionlarda bu günün özündə “Qıpçaq”, “Oğuz”, “Qazayaqlı”, “Qazaxlı”, “Tatar”, “Xəzər” və digər adlar altında tanınan yaşayış məntəqələrinın mövcudluğu qarapapaq, qaraqalpaq, qarabörklü kimi definisiyaların yer alması onların etnogenezində qıpçaq-oğuz komponentinin aparıcı olduğunu əks etdirməkdədir.

Yuxarıda müraciət etdiyimiz mənbələrdən başqa biz Borçalıda nəşr olunan “Qarapapaqlar” dərgisində müxtəlif illərdə yer almış mənbələri də dərindən təhlil etməyi zəruri hesab etdik. Əsasən aylıq və eyni zamanda müxtəlif fasilələrlə yayınlanan bu elmi-kutləvi dərginin səhifələrində biz Fəxri Valehoğlunun “Krım savaşı və qarapapaqlar” mövzusunun XIX əsrin material və mənbələrinə söykənilərək qələmə alındığını, yenə Fəxri Valehoğlunun “Qarapapaq və Həmdiyyə alayları”, yenə də Fəxri Valehoğlunun “93 savaşları” və qarapapaqlar. Şanlı sərkərdə Darvazlı Mehralı bəy”; Şurəddin Məmmədlinin “Aşıq Şenlik ilə Quşçu Abbasın qarşılaşması, yenə də Şurəddin Məmmədlinin “Türkiyə qaynaqları Borçalı və qarapapaqlar haqqında”; Fəxri Valehoğlunun “Qarapapaqlar XIX yüzil savaş maydanlarında”; Mühəmməd Kemaloğlunun “Tərəkəmə – qarapapaq türklərinin inanc sahələri, sosial həyatları, gelenek, görenekləri və toyları. Muş – Bulanık çevresinden örnəklər; yenə də Mühammet Kemaloğlunun “Tərəkəmə – qarapapaq türklərinin Masasözleri “Muş-Bulanık çevresi” mövzulu məqalələri, professor Ali Kafkasyalının “Qazaxıstan qarapapaqları...

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ