ABŞ-İsrailin İranla müharibəsi fonunda çinli professor Jiang Xueq 2024-cü ildə irəli sürdüyü üç böyük proqnozdan ikisinin gerçəkləşməsi ilə dünya mətbuatının gündəminə gəlib.
Turkustan.az xəbər verir ki, “Predictive History” adlı məşhur "YouTube" kanalının aparıcısı olan professor Jiang Xueq 2024‑cü ildə keçirilmiş onlayn mühazirədə Amerika Birləşmiş Ştatlarının İranla müharibəni itirəcəyini proqnozlaşdırmışdı.
Çin mənşəli Kanada eksperti o zaman üç böyük proqnoz irəli sürmüşdü:
1. Donald Trampın yenidən hakimiyyətə qayıdacağı;
2. ABŞ‑nin İranla müharibəyə girəcəyi;
3. ABŞ‑nin bu müharibəni uduzacağı.
İlk iki təxmin artıq gerçəkləşdiyi üçün sosial mediada bir çox insanlar onu “Çinin Nostradamusu” adlandırırlar.
Jiangın fikrincə, ABŞ-nin məğlubiyyəti qlobal iqtisadi böhran, Yaxın Şərqdə aclıq və su qıtlığı, həmçinin geniş miqyaslı quru əməliyyatlarla müşayiət olunma riski böyükdür.
Ötən həftə qatıldığı “Breaking Points” adlı YouTube siyasi analitik proqramına danışan çinli professor Tehranla Vaşinqton arasında gərginliyin mümkün nəticələrini dəyərləndirib.
“Müharibənin gedişatına dair analizimə görə İranın ABŞ ilə müqayisədə daha çox üstünlükləri var. Hazırda iki ölkə arasında faktiki olaraq tükətmə müharibəsi gedir. İranlılar bu qarşıdurmaya təxminən 20 ildir hazırlaşırlar”, Jiang bildirib.
İranın strateji üstünlüyü
Jiang Xueqin İranın dini motivasiyasının münaqişədə mühüm rol oynadığını deyib. Onun sözlərinə görə, İran cəmiyyətində bu mübarizə “böyük şeytana qarşı savaş” kimi qəbul olunur.
Professor qeyd edib ki, Tehran rəhbərliyi ötən ilin iyununda baş verən 12 günlük qarşıdurma zamanı həm İsrail, həm də ABŞ qüvvələrinin hücum imkanlarını diqqətlə analiz etmək imkanı əldə edib.
“İran yeni hücum ehtimalına hazırlaşmaq üçün təxminən 8 aylıq vaxt qazanıb və bu müddət ərzində strategiyasını gücləndirib. İranın regiondakı müttəfiqləri - husilər, Hizbullah, Həmas və müxtəlif silahlı qruplar ABŞ-nin strategiyasını anlamağı bacarıblar və ABŞ gücünü zəiflətmək üçün plan qurublar”, deyə çinli mütəxəssis siyasi dəyərləndirmələrini bölüşüb.
Körfəz ölkələri kritik rol oynayır
Professor hesab edir ki, İran faktiki olaraq qlobal iqtisadi sistemə qarşı mübarizə aparır. Bu strategiya çərçivəsində yalnız Körfəz ölkələrindəki ABŞ hərbi bazaları deyil, regionun enerji infrastrukturu da hədəfə çevrilə bilər.
Jiang bildirib ki, gələcək mərhələdə su təmizləmə zavodları da hədəf ola bilər. O qeyd edib ki, Körfəz ölkələrində içməli suyun təxminən 60 faizi bu zavodlardan təmin olunur.
Ekspert xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı böyük su təmizləmə zavodu sıradan çıxarılsa, şəhər iki həftə ərzində ciddi su böhranı ilə üzləşə bilər.
Professor əlavə edib ki, İranın Hörmüz boğazını bağlamaq imkanları da var. Onun sözlərinə görə, Körfəz Əməkdaşlıq Şurası ölkələrinin ərzaq təminatının təxminən 90 faizi bu boğazdan keçir.

ABŞ iqtisadiyyatı və “süni intellekt şarı”
Jiangın sözlərinə görə, ABŞ iqtisadiyyatının böyük hissəsi hazırda süni intellekt və məlumat mərkəzlərinə edilən investisiyalara əsaslanır. Bu investisiyaların mühüm hissəsi Körfəz ölkələrindən gəlir.
Əgər bu ölkələr enerji ixrac edə bilməsə, ABŞ-da “süni intellekt balonu”nun partlaya biləcəyini deyən professor bunun bütün iqtisadi sistemi sarsıda biləcəyini iddia edib.
Hərbi sənaye kompleksi və sursat problemi
Proqram zamanı ABŞ və İsrail üçün xüsusilə raketdən müdafiə sistemləri ilə bağlı sursat çatışmazlığı məsələsi də müzakirə olunub.
Jiang bildirib ki, ABŞ ordusu XXI əsrin ucuz və kütləvi texnologiyalarla aparılan müharibələrinə uyğun qurulmayıb. O xatırladıb ki, İran istehsalı “Shahed” tipli pilotsuz uçuş aparatlarının qiyməti təxminən 50 min dollardır.
Ekspertin sözlərinə görə, ABŞ isə belə dronları vurmaq üçün milyonlarla dollar dəyərində raketlərdən istifadə edir və bu model uzunmüddətli perspektivdə davamlı deyil.

Quru əməliyyatı ehtimalı
Jiang Xueqin hesab edir ki, rejim dəyişikliyi yalnız hava hücumları ilə mümkün deyil və bunun üçün quru qoşunları tələb olunur. Onun fikrincə, yaxın aylarda ABŞ üzərində quru əməliyyatı başlatmaq üçün təzyiq arta bilər.
Professor bildirib ki, Körfəz ölkələri təhlükə altına düşərsə, ABŞ bu ölkələri qorumaq üçün daha geniş hərbi müdaxiləyə məcbur qala bilər./"Yeni Sabah"