Qarapapaqların və qaraqalpaqların etnik tarixinə müqayisəli-tipoloji kontekstdə baxış



Nizami Tağısoy
professoru

(əvvəli BU LİNKDƏ)

Müxtəlif qəbilələrin birləşməsindən əmələ gələn qaraqalpaq və qazaxların adət-ənənələri, maddi mədəniyyəti son dərəcə yaxın və hətta bir-birinin eynidir. Bu fikri biz qazax +qaraqalpaq + qırğız + noğay +özbəklərlə bağlı da səsləndirsək, səhvə yol vermərik. Bir az da tarixin dərinliklərinə ensək, qaraqalpaqların uldur klasterinin (yəni onları təşkil edən ümumi əlamət elementlərinin) Çingizxanın xələfləri ilə əlaqələndirildiyini qeyd edə bilərik. Qaraqalpaqların qaploqrupunun yarısı (ümumi əcdadlarının) Qərb, yarısı Şərq mənşəlidir. Genetik baxımdan qaraqalpaqlar Fərqanə, Surxandərya, Səmərqənd və Xarəzm özbəklərinə yaxındırlar. Qaraqalpaqların mitoxondrial ANL (insan əzaları içində olan kiçik hüceyrələrin) təhlilləri onların özbəklərə və ana xətti ilə qazaxlara yaxın olduğunu göstərir. Qaraqalpaqların törəyib-örəyib çoxalmasını Transoksiana, Orta və Mərkəzi Asiyanın tarixi qövmləri ilə tədqiq etdikdə (Sırdərya və Amudərya çaylarıarası) onların dunqan, qazax, qırğız, türkmən və özbəklərlə yaxınlığı da müəyyənləşdirilmişdir... Qaplotiplərin öyrənilməsi Monqolustandan Transoksianaya keçən gen axınlarını ortaya çıxarır və bu, əhalinin miqrasiyası ilə bağlı olsa da, mədəni ekspansiya ilə müşayiət olunmamışdır.

Professor Ali Kafkasyalının qarapapaqların izlərini Qazaxıstanda axtardıqda, bir tərəfdən, əgər Böyük Vətən Müharibəsi dövründə digər çoxsaylı türk xalqları kimi sovet şovinizminin bizlərə qarşı amansız diskriminasiyasına əl atıb, qarapapaqları Qazaxıstan səhralarına göndərib, onların yer üzündən silinməsinə çalışması 1944-cü ildən etibarən qarapapaqların ölümlə üzü-üzə dayanmasını sübuta yetirməsi idisə, həm də məsələyə daha əvvəlki dönəmlər kontekstindən baxması ilə bağlı olmalı idi. Yenə də bir daha təkrarlayırıq ki, buna görə də qarapapaq, qaraqalpaq və qarabörklü etnonimini əsaslı araşdırmaqla bağlı idi. Burada bu da nəzərə alınmalıdır ki, yuxarıda dediyimiz kimi, Qaraqalpaqıstan XX əsrin 30-cu illərinin ortalarına qədər Qazaxıstanın ərazi bölgü vahidinə daxil idi. Nəzər nöqtəmizin doğruluğunu sübut edən digər bir tutarlı və təkzibolunmaz faktı isə yenə də Türkiyəli tədqiqatçı professor Salih Yılmazın məsələyə daha geniş kontekstdə həm özünün 2006-ci ildə “XVI-XX yüzillərdə qaraqalpaq türkləri tarixi”, həm də “Qafqaz topluluqlarından qarapapaq tərəkəmə türkləri kimdir?” materialının izahında tapmaq mümkündür. Müəllif burada ətraflı olaraq qarapapaq termini, tərəkəmə termini, qarapapaq / tərəkəmə türklərinin kökəni, onların yaşadığı bölgələr, Gürcüstan, Azərbaycan, Ermənistan, İran, Türkiyə, Orta Asiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukraynayla ilə bağlı verdiyi əsaslı və faktoloji materialları obyektiv elmi-tarixi, coğrafi-regional və dil-etnoqrafik baxışlar kontekstində təqdim etməsidir. Beləliklə, nəzərdən keçirdiyimiz və eksklüziv şəkildə xülasəsini verdiyimiz bu mənbələrdə “qarapapaq”, “qarabörklü” və “qaraqalpaq” etnonimlərinin tam şəkildə üst-üstə düşdüyünü görməkdəyik. Odur ki, qarapapaq adı altında çeşidli variasiyalarda təqdim edilmiş bu nominasiyaların bir-birindən təcrid edilib, təqdim edilməsinin nə etnoqrafik, nə etnonimik, nə tarixi, nə paleoqrafik, nə də dil baxımından kənarda nəzərdən keçirib, öyrənilməsinin heç bir elmi-nəzəri əsası yoxdur. Qarapapaqların etnik tarixi və mənşəyi ilə məsələ müəyyənləşdirildikdən sonra “qarapapaq” etnoniminin bütün digər tərəflərini çevrələyən məsələlərin öyrənilməsi və yanaşmanın doğru-dürüst bünövrə əsasında təhlili məsələyə münasibətdə qarışıqlığı aradan götürəcəkdir. Əlbəttə, biz belə qənəatlərə sırf özümüzün fərdi yanaşmalarımız nəticəsində gəlmir, araşdırmaya cəlb etdiyimiz nümunələrdən gələnlərin bazasında yiyələnə bilirik. Bir də bir şeyi nəzərdən qaçırmaq olmaz ki, etnonimin inandırıcı və təkzibolunmaz nüvəsi müəyyənləşdirilmədən bütün digər məsələlər bizi daim mahiyyətdən uzaqlaşdırmağa sövq edəcəkdir. Türk xalqlarının həyatında gedən bu günkü inteqrativ proseslərin inkişaf dövrünü yaşadığı bir ərəfədə alimlərimizin fundamental nəzər nöqtəsi ortaya qoyması üçün tutarlı baza yaradacığına inamımızı artıracaqdır.

Təqdim etdiyimiz materialların həm tarixi, həm genetik, həm geneoloji və həm də digər çoxsaylı kəsimlərində diqqətimizi daha çox məşğul edən, yuxarıda bildirdiyimiz kimi, akad. Ziya Bünyadovun, prof. Fəxrəddin Kırzıoğlunun, prof. A.Kafkasyalının, bu sətirlərin müəllifinin, prof. S.Yılmazın, F.Valehoğlunun nəzər nöqtələridir. Əslində belə metodoloji yanaşma çoxdan idi ki, öz vaxtını gözləyirdi. Bunu da nəzərdən qaçırmaq olmaz ki, əgər hər hansı qəbilə, tayfa, əşirət, qövm, etnos, xalq, millət haqqında danışırıqsa, deməli, biz həm də onun tarixi ilə bağlı mülahizələr söyləməyi diqqət mərkəzinə qoymalıyıq. Onların mövcud yaxınlığının kökünü dürüst öyrənmədən haqqında digər məqamları əks etdirən müddəalar baza prinsiplərindən kənarda qalacaqdır. Belə müddəanı ön plana çəkən prof. Salih Yılmaz “Kafkasya topluluqlarından qaraqapaq – tərkəmə türkləri kimdir?” məqaləsinin giriş hissəsində yazır: “Günümüzdə Türkiyə başda olmaq üzrə Gürcüstan, Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Ermənistan kimi ölkələrdə yaşayan sayları bir milyon civarında olan və özlərini qarapapaq, yaxud tərəkəmə olaraq adlandıran bu türk topluluğuna dair yazılı mətnlər son dərəcə məhduddur.

Bu türk topluluqlarının hansı türk qövmləri ilə qohumluğu, yaxud haradan gəlmələri, miqrasiyaları və s. ilə bağlı bir sıra baxışlar irəli sürülməkdədir. Qarapapaq, yaxud digər adla tərəkəmələrin – peçeneqlərin, xəzərlərin, qıpçaqların, oğuzların birləşməsindən ortaya çıxan bir qövm olduğu anlaşılmaqdadır”. Salih Yılmaz 2006-cı ildə nəşr etdirdiyi “XVI-XX yüzillərdə qaraqalpaq türkləri tarixi” kitabında isə qarapapaq əvəzinə mənbələrdə mövcud olan qaraqalpaq istilahından istifadə etmişdir. Bu isə onu göstərir ki, tədqiqatçı qarapapaqla qaraqalpaq etnonimləri arasında heç bir ciddi fərq görmür. Görəsən belə olduğu təqdirdə bəzi alim və tədqiqatçılar bunları nə üçün fərqli etnonim və nominativ anlayışlar kimi nəzərdən keçirməyə və onları bir-birindən ayırmağa səy göstərirlər?! Və həqiqət naminə deyək ki, S.Yılmaz bütün bunları kompetensiyalı edir: yəni problemə aydın baxış ortaya qoyarkən müəllif, bir tərəfdən, mənbələrin dəyərləndirilməsinə – arxiv vəsiqələri, vəkalətnamələri (vakayinamələr), səyahətnamələr; qaynaqları tədqiq edən əsərləri isə rus, türk, ingilis, alman, fransız və farsca qaynaqlara əsaslanaraq incələyir, yalnız bundan sonra qaraqalpaq (oxu qarapapaq), çyornıye klobuki (oxu qarabörklü, yaxud yenə də qarapapaq) terminlərinin açıqlamasını aparır. Bundan sonra qaraqalpaq türklərinin ortaya çıxmasına nəzər salır, qaraqalpaqların (qarapapaqların) peçeneq və qıpçaqlarla əqrəbalığını və noğaylarla qohumluq əlaqələrini incələməyə səy göstərir. Əslində müəllifin məsələyə belə metodoloji yöndən münasibət sərgiləməsi onun təsəvvürlərinin aydınlığı ilə əlaqədardır. Lakin təəssüf ki, qarapapaqların sonrakı əsrlərdəki həyatı, yaşam tərzi, demək olar ki, tam şəkildə Şimali və Cənubi Qafqaz, İran və Türkiyə coğrafiyasından avtonom şəkildə təhlil olunur. Fikrimizcə, bu da təbiidir. Çünki IX əsrin sonlarından qıpçaq türklərinin bizim və Şimali Qafqazdan Rusiyanın və Ukraynanın geniş ərazilərinə olan köçləri Orta Asiya və Türküstanda qaraqalpaq adlanan qıpçaq türkləri ilə bizim regionda qarapapaq adlandırılanlar arasında bağlar nəzərəçarpacaq dərəcədə zəifləmişdir. Rus knyazlıqlarının, Rus imperiyasının basqıları nəticəsində getdikcə bu münasibət və qohumluqlar zəifləyərək aradan çıxmışdır. Lakin bir fakt faaktlığında qalır ki, Türküstandan bizim regiona köç edən qaraqalpaq – qarapapaq burada qıpçaq-oğuz çevrəsində örüyüb-artmaqla yeni etnosun sintezinin ortaya çıxmasına səbəb olmuşdur. Odur ki, sonrakı mərhələlərdə qaraqalpaqların qarapapaqlar, yaxudda əksinə bir-birləri ilə olan bağları ilə mövcud elementar təsəvvürlər aradan çıxmışdır.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ