İspaniyanın Baş naziri Pedro Sançez ABŞ və İsrailin İrana qarşı “böyük bir səhv və tamamilə qanunsuz” hücumlarının təkcə dünya sülhünü təhdid etmədiyini, həm də ailələrin rifahına və iqtisadiyyata mənfi təsir göstərdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Sançez bu açıqlamaları İspaniyanın cənubundakı Huelvada keçirilən 36-cı İspaniya-Portuqaliya Hökumətlərarası Zirvə Görüşündən sonra Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında verib.
Sançez vurğulayıb ki, Yaxın Şərqdə baş verən hadisələr “dərin narahatlıq” doğurur:
– Bu, real təhlükədir. Təkcə dünya sülhünə deyil, həm də ailələrin rifahına, əmin-amanlığına və milli iqtisadiyyata ciddi təhdiddir.
Baş nazir əlavə edib:
– Bu müharibə böyük bir səhvdir və tamamilə qanunsuzdur. Biz beynəlxalq qanunçuluğu müdafiə edirik. Müttəfiq ölkələrin səhv etdiyini qeyd etməsi yaxşıdır. Bu müharibənin nəticələri artıq görünür: neft və qaz qiymətlərinin artması, bölgədəki insanların əzabları və ölənlər.
Sançez Ukrayna və Qəzza məsələlərinə də toxunaraq bildirib ki, beynəlxalq hüquq və insan hüquqları açıq şəkildə pozulub və buna görə İspaniya müvafiq mövqe tutur.
Aytən Yaşar/ Turkustan.az