Fevralın 28-də başlayan ABŞ-İsrail və İran arasında davam edən müharibənin yeddinci günündə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper proses ilə bağlı diqqətçəkən açıqlama verib.
Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, Kuper İranın kamikadze tipli pilotsuz uçuş aparatının (PUA) dizaynını ələ keçirərək araşdırdıqlarını və eyni sistemi istehsal etməyə başladıqlarını deyib.

Admiralın sözlərinə görə, əldə olunan PUA-ların daxili quruluşu tam analiz edilib. Nəticədə həmin texnologiya əsasında oxşar sistemlərin istehsalına başlanılıb:
“PUA-ları söküb araşdırdıq, dizaynını tam şəkildə öyrəndik. Onlara Amerika etiketi vurduq və yenidən cəbhəyə göndərdik”.
ABŞ rəsmisinin sözlərinə görə, həmin PUA-lar artıq İran hədəflərinə qarşı istifadə olunur.
Müdafiə mütəxəssisləri bu hadisənin müharibənin texnoloji ölçüsünü tamamilə dəyişdirdiyini və ucuz başa gələn pilotsuz sistemlərin müasir müharibədə getdikcə daha kritik hala gəldiyini deyirlər. İranın uzun müddət istifadə etdiyi kamikadze pilotsuz uçan aparat konseptinin ABŞ tərəfindən yerləşdirilməsi münaqişədə yeni eranın başladığı kimi şərhlərə səbəb olub.
Qeyd edək ki, ABŞ və İsrail İranın hava hücumundan müdafiə sistemlərinin böyük hissəsini sıradan çıxardıqlarını bildirirlər. İran isə cavab olaraq ABŞ hərbi bazalarına, İsrail ərazisinə və Körfəz bölgəsindəki bəzi hədəflərə zərbələr endirməyə davam edir.
Hesablamalara görə, müharibənin hər günü ABŞ ordusuna təxminən 1 milyard dollara başa gəlir. İranın döyüş meydanındakı əsas üstünlüklərindən biri isə aşağı maliyyətli pilotsuz uçuş aparatlarıdır. Xüsusilə kamikadze dronlardan istifadə İranın daha az xərclə hücum həyata keçirməsinə imkan verir. /Cebheinfo.az/