Nizami Tağısoy
professoru
(əvvəli BU LİNKDƏ)
Dünənin Axıska – Axılkələk. Bugünün Qazaxıstan Tərəkəmə / Qarapapaqları, yenə də Ali Kafkasyalının “Qarapapaq türkləri”, Gülnara Qoçayeva – Məmmədovanın “Qarapapaq-Borçalı türklərində xalq pedaqogikasının istiqamətləri”, Salih Yılmazın “Qafqaziya topluluqlarından qarapapaq – tərəkəmə türkləri kimdir?”, Fəxri Valehoğlunun (Hacıyev) “1806-1812-ci illər Türk-rus müharibəsi və qarapapaqlar” və s. kimi mənbələlərdə qarapapaqlarla bağlı xeyli informativ bilgilər vardır. Məsələn, nəzərdən keçirdiyimiz materiallar sırasında Fəxri Valehoğlunun “Qarapapaqlar və onların XIX əsr hərb tarixi” adlı iki fəsil və “Əlavələr”dən ibarət bu kitabda Qarapapaqların mənşəyi və etnik sərhədləri. Gürcüstan və Quzey Azərbaycan qarapapaqları, Cavaxet qarapapaqları, Qərbi Azərbaycan, Türkiyə, Güney Azərbaycan qarapapaqları və XIX yüzil qarapapaq hərb tarixinə nəzər salınmaqla onlarda İran-rus və türk-rus müharibələrində, Rusiya-İran döyüşlərində, Krım müharibəsində qarapapaqların 1877-1878-ci illər türk-rus savaşı, Mehralı bəyin həyat və fəaliyyəti ilə bağlı bilgilər və s. təqdim olunmuşdur.
Bu tipli materiallar sırasında diqqəti cəlb edən yazılardan biri də akad. Ziya Bünadovun 1993-cü ildə “Borçalı” jurnalının birinci sayında nəşr etdirdiyi “Qarapapaqlar” məqaləsidir.
Adlarını çəkdiyimiz mənbə və materiallarda bizimçün ən mühümü qarapapaqların etnogenezinin daha praqmatik yöndən işiqlandırılması məsələsidir. Təbii ki, qeyd etdiyimiz kontekstdə Z.Bünyadovun bu yazısında qarapapaqların adının onların baş geyiminin qara quzu dərisindən papaq geydikləri ilə bağlı olub, qarapapaq adı ilə eyni məna daşıyan qarapapaq arasında bir yaxınlıq axtarmaqla bərabər, qıpçaqlardan qarabörklü əşirətinin də qarapapaqlar ilə bir yerdə öyrənilməsinin mümkünlüyünü vurğulanmasıdır. Çünki dilimizdə börk, papaq və qalpaq kimi sözlərin hamısı baş geyimi mənasını daşıyır. Akademik eyni zamanda buraya belə bir fikri də əlavə edir ki, “Dəryaldan keçən qıpçaqlar Qazax, Borçalı, Sığınaq (Siqnaxi) və Zaqatala tərəfində, Dərbənddən keçənlər isə Azərbaycanın mərkəz bölgələrində yerləşmişlər. Şərqi Gürcüstandakı Sığınaqlar qıpcaqlar tərəfindən təsis olunduğu kimi, Qazax mahalındakı Qarapapaq kəndi ilə Göyçay mahalına (daha doğrusu Ucar rayonundakı Qarabörk kəndi ilə) eyni əşirətin müxtəlif qolları tərəfindən qurulması kimi qəbul edilə bilər”. Müəllif bu fikirdən sonra onu da söyləyir ki, qarapapaqların 1828-ci ilə qədər sahillərində yaşadığı çayın və mahalın adı olan Borçalı ilə qıpçaqlardan Borcoğlu əşirətinin adı arasındakı oxşarlıq da təsadüfi ola bilməz.
Sonralar bu əşirətlər cənuba daha da yayılaraq, İranın fars əyalətində Qaşqay türkləri arasında yaşayan və “külah-isiyah” kimi tanınan türklərin varlığı ilə bağlıdır.
Əslində Z.Bunyadovun “Qarapapaqlar” məqaləsində bu tayfanın (qövmün, əşirətin və s.) mənşəyi ilə bağlı xeyli ipucular ortaya çıxır. Və, fikrimizcə, tarixçi alimin belə yanaşması qarapapaqların, qarabörklü və qaraqalpaqlarla eyni kökdən olmaları üçün məntiqə söykənən əsaslar verir.
Fəxri Valehoğlunun yuxarıda adını çəkdiyimiz “Qarapapaqlar və onların XIX əsr hərb tarixi” kitabında da qarapapaqların mənşəyi ilə bağlı fikirlər söylənildikdə o, bu istiqamətdə dominant mənbə olaraq M.F.Kırzıoğlunun “Yuxarı Kür və Çoruk boylarında qıpçaqlar” mənbəsinə baxmağı doğru hesab etməklə, həm də “Tiflisskiye vedomosti” qəzetinə müraciət edir və orada yer almış bir materialın aşağıdakı hissəsini təqdim edir: “K.A.Ş” imzalı müəllif rusdilli “Tiflisskiye vedomosti” qəzetinin 1830-cu il 14 avqustunda nəşr olunmuş 65-ci sayında yazıb: “Qarapapaqlar 1078-ci ildə, yəni Gürcüstanda II Georginın çarlığı dövründə Ciqun çayını keçib, indiki Qazax distansiyasının ərazisində məskunlaşmış, oradan qonşu əyalətlərə və Ermənistana yayılmış Qazaxlar tayfasına daxildirlər”. Eyni zamanda F.Valehoğlu burada onu da əlavə edir ki, “Qazaxların Qazax bölgəsinə XI əsrdə köçməsi fikrini eyni adlı mətbuat orqanının başqa bir sayında fransız mənşəli rus etnoqrafı və tarixçisi İvan Şopen də təkrarlayır”. İ.Şopenin “Qafqazın qədim tarixi və onun əhalisi ilə bağlı yeni qeydlər” kitabında müəllif qazaxları Türk-Aran mənşəli tayfaların arasında qıpçaqların bir qolu adlandırır və “qazax” etnoniminin əmələ gəlməsinə dair müxtəlif izahlar verir: “Zixiyanın arxasında Papaqiya, Papaqiyanın arxasında Qazaxiya, Qazaxiyanın arxasında Qafqaz dağları və Alanlar (yəni Asiya dağlıları) ölkəsi yerləşir...
Qazax sözü – türk-tatar sözü qıpçaqcadan əmələ gəlib qaşaq, qoçaq atlı deməkdir. Bu tipli mənbələr araşdırıldıqca biz nəhayət praqmatik təfəkkür üçün əsaslar verən qarapapaq qaraqalpaq qarabörklü – qazax tayfalarının etnik birliyinə aid məqamların üstünə birmənalı şəkildə yönələ bilirik. İ.Şopen adını çəkdiyimiz əsərində qarapapaqlardan təbii və təhtəlşüura uyğun olaraq “qazax”, “kazax”, “kazak” kimi etnonimlərinə keçid alır və Şimali Qaqaz, Rostov-na-Donu, Stavropol, Krasnodar, Ukraynanın Zaporojye və digər ərazilərində, IX əsrdən sonra məskunlaşmış kazaklar, yaxud kazaxlar üzərinə keçid alırıq. Burada bir daha qeyd etməyi zəruri hesab edirik ki, biz 2007-ci ildə “Karakalpakskaya literatura” kitabında qaraqalpaq, qarapapaq, qarabörklü, xəzər və qaqauzlarla bağlı bəzi məqamları araşdırarkən bu məsələni bir də yenidən diqqət mərkəzinə çəkməklə 2010-cü ildə nəsr etdirdiyimiz “Etnos və epos: keçmişdən bugünə” adlı monoqrafik araşdırmamızda türk xalqlarının etnogenezinə, o cümlədən xəzərlərə həsr etdiyimiz materialda ətraflı və inandırıcı nəzər nöqtəsi ortaya qoymağa çalışmışıq.
Təbii ki, problemə dair mövcud ədəbiyyatları və materialları dərindən saf-çürük etdikcə birmənalı olaraq müəyyənləşdirmək olur ki, biz heç bir halda artıq minillik ərzində fərqli coğrafiyalarda yaşamaq zorunda qalmış qarapapaq türklərinin qaraqalpaq, qarabörklü, xəzər, qazax, qıpçaq qövmlərindən izolə edilmiş halda muxtar olaraq movcudluğunu qəbul edə bilmərik. Araşdırıb ortaya çəkdiyimiz və eyni zamanda çəkmədiyimiz mənbələrin hamısı məsələyə etnogenetik, etnik birlik, etnik tarix, etnik fəlsəfə və psixologiya kontekstində yanaşmağımızın doğru-dürüst mənzərəsini yaradır. Eyni zamanda problemin bu tərəfinə nüfuz etdikdə biz türkiyəli tədqiqatçılar professor Ali Kafkasyalının “Qarapapaq türkləri” və yenə də onun “Qazaxıstan qarapapaqları. Dünənin Axısqa-Axılkələk, Bugünün Qazaxıstan Tərəkəmə / Qarapapaqlar materiallarının ortaya çıxma səbəbləri də aydınlaşır. Professor Ali Kafkasyalı onları ona görə Qazaxıstan qarapapaqları adlandırır ki, birinci, qazaxlarla qarapapaqların etnik komponentləri yetərincə üst-üstə düşür, ikinci, qarapapaqların Şimali və Cənubi Qafqaz ərazilərinə gəlişi X əsrdən gec olmayaraq başlamışdır ki, həmin dövrlərdə qazaxlarla qarapapaqlar (oxu və düşün qaraqalpaqlar) eyni regionda məskunlaşmış və xeyli cəhətləri ilə bir-birinə doğma tayfa olaraq nəzərdən keçirilirdilər.
Məlumat üçün bildirək ki, 1925-ci ildə yaradılmış Qaraqalpaq Muxtar Vilayəti 1925-1936-cı illər arasında RSFSR-ın və Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. 1936-cı ildə Qaraqalpaq Muxtar Respublikası Özbəkistan SSR tərkibinə daxil edilmişdi. Uzun əsrlər boyunca qazaxlarla qaraqalpaqlar arasında ən sıx etnik-mədəni, ədəbi-fəlsəfi, siyasi-ideoloji münasibətlər olmuşdur. Türk xalqları arasında qazax, qaraqalpaq, qırğız və noğaylar arasında olan sıx münasibətləri bəlkə heç bir türk qövmləri arasında müşahidə etmək mümkün deyildir. Eyni zamanda burada onların dil baxımından da eyniliyini qeyd etməliyik. Qazaxların və qaraqalpaqların etnik, psixoloji, tarixi, şifahi, epik və yazılı örnəkləri də bir-biri ilə sıx vəhdətdədir. Eyni zamanda bu gün Qaraqalpaqıstanda qazax kəndləri, yaşayış məskənləri mövcud olduğu kimi, Qazaxıstanda da qaraqalpaqların məskunlaşdığı tarixi yaşayış məskənləri var və bu günün özündə də onlar həmin yerlərdə kompakt yaşamaqdadırlar. Qaraqalpaqlar türk dillərinin qıpçaq-noğay qrupuna aiddirlər. Eyni zamanda qaraqalpaqlar özləri qıpçaq türkləri olsa da, Qafqaz arealında onların oğuzlarla daha dərindən qaynayıb-qarışması qıpçaq komponentini bir qədər arxa plana keçirmişdir.
(ardı var)
![]()
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur