Mətbuat tariximizin unudulmazı - Görkəmli istiqlalçı və mətbuat xadimi Ceyhun Hacıbəyli - 135


Rövşən Yerfi

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi olan Ceyhun Hacıbəylinin bu il 130 yaşı tamam olur. Ölkəsinin müstəqil dövlət kimi tanıdılmasında xidmətləri olan bu böyük şəxsiyyətin yubileyini qeyd etməyi təəssüf ki, ictimaiyyət yada salmır. Onun yazıçı, jurnalist, tərcüməçi, etnoqraf, redaktor kimi vətən və millət qarşısında gördüyü işlərə görə xatırlanmağa haqqı çatır.

Hər şeydən əvvəl mətbuat tariximizdə özünə iz qoyan Ceyhun Hacıbəylu 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşada, Haşım bəy Vəzirovun müdir olduğu məktəbdə almışdır. Təhsilinin ardını Bakıda real məktəbində davam etdirmişdir. Orta təhsilini alandan sonra 1908-ci ildə xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə Peterburqda universitetin hüquq fakültəsinə qəbul olmuşdur. Daha sonra, o, Fransaya getmiş, Sorbon universitetində və Ali Poliexnik Elmlər Məktəbində təhsilini davam etdirmişdir.

Ceyhun bəy yaradıcılığına Peterburqa getməmişdən əvvəl, 1905-ci ildən başlamışdır. Həmin dövrdəki məqalələri, mətbu hekayələri, felyetonları tədqiq olunmadığından, toplanmadığından parakəndə halındadır. 1907-ci ildə “Proqres” qəzetində dərc edilən “Pristav Ağa” felyetonu daha çox diqqəti cəlb edəndir.

Az bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində dərs deyir. 15 avqust 1906-cı ildə Bakıda təşkil olunan Müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak etmişdir. O da xüsusi qeyd edilməlidir ki, Ceyhun bəy dahi bəstəkarımız Üzeyir Hacıbəylinin qardaşı olmuşdur. Şərqdə ilk operanın yaranışı sayılan – 1908-ci il yanvarın 12-də Hacl Zeynalabdin Tağıyevin teatrında “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasında onun da əməyi olmuşdur. Belə ki, tamaşada İbn Səlam və Nofəl rollarını oynamış, onun uğurlu alınmasına bütün bacarığını əsirgəməmişdir.

1909-cu ildə böyük rus yazıçısı İvan Turgenevin “Pulsuzluq” komediyasını tərcümə edərək Azərbaycan oxucuna çatdırır. 1910-cu ildə, o, “Hacı Kərim” povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Ali təhsilini bitirib Azərbaycana qayıtdıqdan sonra, Ceyhun bəy müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində çoxsaylı məqalələrlə çıxışlar etmişdir. Xalq Cümhuriyyəti qurulana qədər “Kaspi”, “Proqres”,“Baku”, “İrşad” və başqa qəzetlərlə əməkdaşlıq edərək, yüzlərlə publisistik məqalə, hekayə dərc etdirmiş, həm də
həmin dövrdə "Известия" (Kaspidə), "İttihad" qəzetlərinin redaktoru olmuşdur.

Mətbuatdakı fəallığının nəticəsidir ki, Xalq Cümhuriyyəti qurulanda dövlətin əsas qəzeti, mətbu orqanı – “Azərbaycan” qəzetinin redaktorluğu ona etibar edildi. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi Elmi məlumat kitabxanasında saxlanılan “Azərbaycan “ qəzeti nüsxələrinin 7 oktyabr 1818-ci ildən 16 yanvar 1919-cu ilədək dövründəki saylarda Ceyhun bəyin aparıcı fəaliyyətini aşkar surətdə görmək mümkündür.


İlk sayı 15 sentyabr 1918-ci ildə Gəncədə çap olunan “Azərbaycan” qəzeti hökumət Bakıya köçürüldükdən sönra, oktyabr ayından başlayaraq daha həftədə 2 dəfə yox, ictimai-ədəbi, siyasi qəzet kimi gündəlik olaraq azərbaycan və rus dillərundə nəşr edildi. Əvvəlki saylar redaksiya heyəti adından çap olunurdusa, məhz 7 oktyabr tarixindən qəzetdə ilk rəsmi redaktor kimi Ceyhun Hacıbəylinin adı yazılır. O, eyni zamanda Şəfi bəy Rüstəmbəyov ilə birlikdə “Azərbaycan” qəzetinin rus dilində çıxan nəşrinə də redaktorluq edirdi.

Həm azərbaycan, həm də rus dilində dərc edilən yetmişədək qəzet sayının işıq üzünə çıxmasında göstərdiyi əvəzedilməz xidmət Ceyhun bəyə mətbuat tariximizdə əbədi yer qazandırmışdır.

1919-cu ilin yanvarında isə ona Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfrasında iştirak etmək vəzifəsi tapşırıldı. Məqsəd istiqlalımızı dünyada söz sahibləri olan ölkələrin nümayəndələrinə tanıtmaq və müstəqilliyimizi onlara qəbul etdirmək idi. Aylarla çəkən görüşlərin, müzakirələrin səmərəsi oldu, Cümhuriyyətin varlığı de-fakto tanındı. Təəssüflər olsun ki, bolşevik örtüyünə bürünən Rusiya müstəqilliyimizin möhkəmlənməsinə, de-yure tanınmasına imkan vermədi. 1920-ci ilin aprelində Rusiyanın işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ceyhun Hacıbəylinin həyatının mühacirət dövrü başlandı. O, Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərini yazır. Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan və rus dillərində çıxan "Azərbaycan" jurnallarının redaktoru kimi fəaliyyət göstərir. Mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli bütün ömrünü Azərbaycan həqiqətlərinin yayılmasına sərf edir. "Azadlıq" radiostansiyasının Azərbaycan redaksiyasının yaradıcılarından sayılan Ceyhun bəy Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü də seçilmişdir

Onun mühacirətdə qələmə aldığı publisistika nümunələrində də bədii əsərlərində olduğu kimi, sovet ideologiyası, rejimi, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, din siyasəti və sair problemləri konkret, tutarlı faktlarla kəskin, eyni zamanda yüksək sənətkarlıqla tənqid edirdi. Əsərləri arasında xüsusi əhəmiyyət kəsb edənlərdən biri də “İslam əleyhinə kampaniya və onun Azərbaycanda metodları” adlı iri həcmli tədqiqat əsəridir.

Adını Azəərbaycanın azadlıq tarixinə yazdıran Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı ömrünün son gününədək əqidə və amalından dönməmiş, sovet imperiyası ilə ideoloji mübarizə aparmış, ölkəsinin müstəqilliyi uğrunda bacarığını əsirgəməmişdir. Azərbaycanın istiqlalı naminə daima mühacirləri bir bayraq altında toplaşmağa, birləşməyə səsləmiş, hər cür qruplaşmaya qarşı olduğunu bildirmişdir.

Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə vəfat etmiş və burada Sen-Klu məzarlığında dəfn edilmişdir. O, nə vaxtsa Azərbaycanın yenidən istiqlala qovuşacağına inanırdı. Xalqımız müstəqilliyi əldə edən kimi bu yolda ömürlərini fəda etmiş bir çox oğulları kimi onun da xatirəsini əbədiləşdirmək üçün paytaxtın mərkəzi hissəsinin küçələrindən birinə Ceyhun Hacıbəyli adı verilmişdir. Haqqında sənədli film çəkilmişdir.

İnanırıq ki, böyük ziyalımızın dəyərli irsi, işıqlı xatirəsi qədirbilənlərimiz tərəfindən daim qorunacaq, xatırlanacaq və gələcək nəsillərə ötürüləcəkdir.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ