Azərbaycan təsəvvüf ədəbiyyatında Miskin Abdal mərhələsi


No description available.

Sədrəddin Hüseyn
BMU-nun dosenti. F.ü.f.d.

(əvvəli BU LİNKDƏ)

... Araşdırmalardan çıxan nəticə odur ki, təsəffüfün yayılmasında, inkişafında şeyxlərdən, mütəsəvvüf alimlərdən, yəni bu missiyanın nəzəriyyəçilərindən daha çox təsəvvüf şairləri mühüm rol oynamışdır. Onlar sadəcə mənsub olduğu və ya başında durduğu təriqətin ideyalarını yaymırdılar, həm də Quranı ərəbcə oxuyub öyrənməyə əli çatmayan sadə insanlara onu şeir dili ilə çatdırır, bəzən hətta təfsir edirdilər. Miskin Abdal da bu missiyanı yerinə yetirənlərdən idi. Fərq onda idi ki, o bir təriqət şeyxi kimi klassik əruz vəznli təsəvvüf şeirini xəlqiləşdirdi, heca vəznli şeirlərlə xalqın ruhuna hopdurdu (Yunus İmrə kimi). Şeirləri və dastanları ilə birgə qucaqdan sinəyə qaldırdığı qopuzu saza çevirib təkmilləşdirdi, bəstələdiyi saz havaları ilə milli musiqi saz məktəbinin əsasını qoydu. Ən önəmlisi də bunları təsəvvüf-irfan ruhuna köklədi. Mövləvilərdəki neyin missiyasını Miskində saz əvəz elədi. Aşiqin ahını, naləsini, həsrət duyğularını simlərin diliilə bəyan elədi. Yanan təkcə Kərəm deyildi, onunla birgə “Yanıq Kərəmi” də yanırdı. Füzulinin aləmləri yandıran ahı Miskinin qara sazı idi. Füzuli “Ey həkim” qəzəlində necə dərdi ilə məsud olub onu dərman bilirdisə, Miskin də “Ey ilahi, sən məni bi eşqi-canan eyləmə, Eşqilə şadəm, dəxi, dərdimə dərman eyləmə!” deyirdi.

Miskinin şeirləri büsbütün haqq əhlinin ən uca məqamı olan Abdallığın bədii tərcümanı idi:

Yazıq könlüm, nə sızlarsan, bülbülə tay olmusan,

Haçan yardan yarımısan, sevilib bay olmusan,

Sən dərvişsən, haqq yolunda haqqı istə, haqqı sev,

Nə olsun ki, bel bükülüb, kamana tay olmusan.

Yəni sən dərvişsənsə dünya gözəlliyi səni aldatmasın, xilasın ancaq haqla haqq olmaqdadır. Burada incə bir məqam var. Qocalığı, zəifliyi çox vaxt kamana təşbeh edirlər, amma bunun bir gizlini də odur ki, dartılan, yəni əyilən kamanın bir nəticə verir, sonucu olur. Bu sonuc ondan çıxan oxdur. Nə qədər çox gərilsə, bir o qədər oxu hədəfə sürətlə çatdirir və dərin “yara” açır (Daş dələr ahım oxu...Füzuli) Təsəvvüf kodu odur ki, çilən nə qədər çox olsa, eşq yolunda nə qədər çox yansan, kamanın nə qədər çox gərilsə, mərtəbən bir o qədər yüksək olar. Dastanlarda aşiqlərin butasını Hz. Əli verdiyi kimi, eşq yolunda Miskinin də ustadı, mürşidi Əlidir. Sənubərin ölümündən sonra uzun zaman özünə gələ bilməyəm Miskin bir gün yuxusunda Hz.Əlini görür. O, Miskinə Haqq yolunda bundan sonra görəcəklərini bir-bir ilham edir. “Allah-taala tərəfindən heç kəsə nəsib olmayan bir qismətin var. ...müqəddəs bir övliyalıq məqamına yüksələcəksən. Nə qədər darda, çətində olsan, ulu Tanrı səni hər cür bəladan hifz eyləyəcək.” Sonra ona dərya cinsindən Haçadil atın, ildırım çaxmağından sonra dağılan qayanın yanında çinar ağacının, orada çağlayacaq bulağın müşdəsini verir və deyir ki, o sudan götürüb evinizdəki təknəyə boşalt, təknə su ilə dolub daşacaq və evin bir ocaq olacaq. Hamı sənə pənah gətirəcək. Dərdlilərə dəva, xəstələrə şəfa olacaqsan. Ayılandan sonra Miskin yuxusunu şeirlə belə bəyan eləyir:

Bu gecə vayğamda gördüm Əlini,

Səni pir sahibi görürəm, -dedi.

Gülüb kürəyimə vurdu əlini,

Ömrünə bir çələng hörürəm, -dedi.

Allahın şiriyəm, bir bax didəmə,

Qoru din-məzhəbi olmaz sədəmə,

Dolan bu dünyanı, yoruldum demə,

Dalında dağ kimi dururam, -dedi.

Sərində ağıl var, qüvvət qolunda;

Məhəbbət qoruyur, sağı, solun da.

Seyidsən. Dərvişsən haqqın yolunda,

Allaha hax payı verirəm, -dedi.

Miskin Abdal övliyaların piri, mürşidi, darda qalanların dadına yetən Xızır ilə atbaşı yürüyən Hz.Əlini həyatı boyu unutmur, əsərlərində vəsf edir:

Bey bismillah əzbərimdi, hey xudadan, ya Əli,

Ən ibtida gəldi səda ərş-əladan, ya Əli.

Badi sər-sər, lohi qələm oldu dünya olmamış,

Bir Cəbrayıl qalxdı göyə tək dəryadan, ya Əli.

...Göyçəlidi Miskin Abdal, yoxdu heç bir günahım,

Hər kəlmədə, hər ayədə sən ol mənim pənahım,

Puli-sirat, haqq divandı, ol xudadan köməyim,

Vəli sənsən, vəkil sənsən, sirri-Yəzdan, ya Əli!

Aşiq şair şeirlərində dərvişliyin sirlərini və özünün bu çevrədə yerini də bilir və bildirir:

Guşə-guşə yanıb nara yaxıldım,

Cismim od-atəşə qalanıf gedər.

İmtahan eyləllər könlüm şəhrini,

Eşqi haqdan qeyri talanıf gedər.

Dərviş olan getməz fitnə feliynən,

Yandırar şamını o öz əliynən,

Yalan peymanıynan, haça diliynən

Könül yar yolunda allanıf gedər.

Başqa mütəsəvviflərdə olduğu kimi, Miskində də anlamağı çətin olan sirrə, hikmətə bürünmüş deyimlər çoxdur. Birbaşa Qurana bağlanan bu deyimlər sonrakı aşıqlarda deyişmələrin, bağlamaların mövzusu olur, aşıqların dərinliyini bildirir, ustadlığının, Haqq aşiqliyinin simvolu olur:

Təmiz əkilmişəm, pak doğulmuşam.

Atadan, anadan lütfi-halalam.

Dərsimi hax verib, ağdan almışam,

Dilimdə əzbərdi doxsan min kəlam.

Qafdan qərar tapmış, kafdan kainat,

Ismi-feyli-hərfi olmuş, əsli-zat,

Veydən bina tutuf, kaf-nunnan nicat,

Yeydən bişərikdi, bişərikdi lam.

Əlifdən əladı, alidən ali,

Cimdən düçahandı, böyük cəlalı,

Mimdən mehribandı məddi-məalı,

Nun –hər vaxt zəmini xəlq edif tamam.

Sin şükrü sənalar, vav vahid ismə,

Hey həlim, rey rəhmi acı yel əsmə,

Zey zəlil bəndədən, sin nəzər kəsmə,

Sad sahib ixtiyar, mən həqir qulam.

Ocaxzadə bir təb əhli nökərəm,

Kuyində qələndər, sinə dəftərəm,

Mimnən Məhəmmədəm, cimnən Cəfərəm,

Ləqəbi çox olan Miskin Abdalam

Miskin Abdalın Haqq dərgahındakı bir yeri, məqamı da “Qırxlar piri”ndən dərs almasıdır.

“Qırxlar piri” özü verib dərsimi ümman mənim,

Çətin girə ürəyimə ləini-şeytan mənim,

Seyyid Miskin Abdal mənəm, söz mənim, meydan mənim,

Qoruyanım, özün qoru, xain dostlardan məni.

“Narın üzə bilmərəm” divanisi isə başdan başa dərvişliyinin, abdalllığının manifesti kimi səslənir:

Ey dost, sənin bağın cənnət, narın üzə bilmərəm,

Ha silkinsəm, dərya dərin, narın üzə bilmərəm.

“Qırxlar piri” özü düzüb ayağıma atəşi,

Alışaram Səməndər tək, narın üzə bilmərəm.

...Miskin Abdal, eşq əhlisən, ömrü vermə bada hey,

Özün haqsan, haqq əlindən götür nuş et, badə hey,

Məhşər günü tab etməzsən, atəş ünlü bada hey,

Nə tutmusan, üzün dərviş, narın üzə bilmərəm.

Miskin Abdal dediyi kimi də edir, aşiqlərə, dərvişlərə xas ömür sürür və hesabat xarakterli “Yol vermədim” müxəmməsində “Sinəsi üstə mərdlərin yeridiyini, nadana, şeytana, hədyana, böhtana yol vermədiyini” bəyan edir. “Bir dostu incitmədiyini, sirrini yaymadığını, özünü şah saymadığını” dilə gətirərək tutduğu yola layiq bir həyat yaşadığını bildirir.

Miskinin yaradıcılığı sənətkarlıq baxımından da ədəbiyyat, sənət aləmində ayrıca bir mərhələ, bir dönüş nöqtəsidir. Bu da tam başqa bir sahənin mövzusudur. Onun həyatı, yaradıcılığı, dünyagörüşü, bütövlükdə irsi elə zəngin bir xəzinədir ki, belə yazılara sığışmaz. Burada sadəcə bəzi cəhətlərə toxunmaqla kifayətləndik.

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ