İranda proseslər nəzarətdən çıxdı: Rejim dəyişir yoxsa, islahat başlayır? - ŞƏRH


Son günlər Amerika Birləşmiş Ştatları və İsrail qüvvələri ilə İran arasında hərbi əməliyyatlar genişmiqyaslı müharibə mərhələsinə keçib.

ABŞ və İsrailin koordinasiyalı zərbələri nəticəsində İran ərazisində bir sıra strateji obyektlər hədəfə alınıb. Məlumatlarda İranın ali dini lideri Əli Xameneinin öldürüldüyü iddiası da yer alır ki, bu da qarşıdurmanı daha da kəskinləşdirib.

Münaqişə yalnız İran və İsrail arasında məhdudlaşmır. İranın cavab hücumları çərçivəsində raket və pilotsuz uçuş aparatları ilə İsrail ərazisi, eləcə də ABŞ qüvvələrinin yerləşdiyi Körfəz bölgəsindəki obyektlərin hədəfə alındığı bildirilir. Bu isə qarşıdurmanın regional miqyas aldığını göstərir.

Bölgədə hərbi və diplomatik gərginlik artmaqda davam edir. Körfəz ölkələri münaqişəyə cəlb olunma riskini qiymətləndirir, humanitar və iqtisadi təzyiqlər güclənir. Analitiklər xəbərdarlıq edirlər ki, hadisələrin bu istiqamətdə inkişafı münaqişənin həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğurmasına səbəb ola bilər.

Maraqlıdır görəsən, İranda bundan sonra vəziyyət necə inkişaf edəcək? Mövcud hakimiyyət davam edəcək, yoxsa ölkədə rejim dəyişikliyi baş verə bilər?

Turkustan.az bu suallarla politoloq Zaur İbrahimliyə müraciət etdi.

Zaur İbrahimli:

Zaur İbrahimli

Bu suala birmənalı cavab vermək çətindir. Lakin qəti şəkildə demək olar ki, hazırda ABŞ və İsrailin uzunmüddətli strateji məqsədlərindən biri İranda rejim dəyişikliyinə nail olmaqdır. Bunun hansı vasitələrlə həyata keçirilə biləcəyi isə bir neçə mümkün ssenari ilə izah olunur. İlk mərhələdə əsas hədəf İranın hərbi və müdafiə potensialının maksimum dərəcədə zəiflədilməsidir. Xüsusilə hücum proqramının əsasını təşkil edən zavodların, hərbi obyektlərin və tədqiqat mərkəzlərinin sıradan çıxarılması prioritet sayılır.

İlkin zərbələr zamanı İranın hava hücumundan müdafiə sisteminin əhəmiyyətli hissəsinin zərərsizləşdirildiyi və ölkə ərazisinin müxtəlif nöqtələrinin bombardman edildiyi müşahidə olunur. Ehtimal etmək olar ki, qarşıdakı həftələrdə İranın hərbi potensialına daha sarsıdıcı zərbələr endirilməsi davam etdiriləcək. Bununla yanaşı, idarəetmə mərkəzlərinin və hökumət strukturlarının hədəfə alınması da strategiyanın tərkib hissəsi kimi görünür. Məqsəd yalnız hərbi gücü zəiflətmək deyil, həm də mərkəzi idarəetmə mexanizmini iflic vəziyyətinə salmaqdır. Açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, strategiyanın əsas xətti mərkəzi idarəetmənin sıradan çıxarılması və bunun ardınca daxildə kütləvi etirazların təşviq edilməsidir.

Alternativ və daha arzuolunan variant kimi isə İran rəhbərliyinin danışıqlara başlaması və mərhələli şəkildə kapitulyasiya prosesinə getməsi göstərilir. Bu ssenari Qərb üçün daha az riskli hesab olunur. Lakin bu baş verməzsə, ikinci ssenari – daxili etirazlar və mərkəzi hakimiyyətin idarəetməni itirməsi ehtimalı gündəmə gələ bilər.

Belə bir vəziyyətdə etnik zəmində silahlı qarşıdurmaların başlanması riski də mövcuddur. Ayrı-ayrı regionlarda silahlı qrupların nəzarəti ələ keçirməsi, dövlət strukturlarının fəaliyyətinin dayandırılması kimi proseslər ölkənin parçalanmasına gətirib çıxara bilər. Bu halda Liviya və ya Suriya tipli ssenarilərin reallaşması istisna edilmir. Digər bir ehtimal isə İranın uzunmüddətli müqavimət göstərmək imkanını qoruyub saxlamasıdır. Əgər Tehran aylarla davamlı müqavimət göstərə bilsə, regional və qlobal dinamika dəyişə bilər.

ABŞ siyasətinə qarşı mövqe tutan ölkələrin, xüsusilə Çinin İrana daha ciddi dəstək verməsi mümkündür. Uzunmüddətli qarşıdurma həm də ABŞ və İsrailin daxili siyasi gündəminə təsirsiz ötüşməyə bilər. Hazırkı mərhələdə İran mərkəzi hakimiyyəti müəyyən dayanıqlıq nümayiş etdirir. Raket zərbələri ilə cavab verilməsi, hərbi idarəetmənin qorunması və genişmiqyaslı kütləvi etirazların müşahidə olunmaması bunu göstərir. Lakin bu dayanıqlığın nə qədər davamlı olacağı açıq sual olaraq qalır.

Taktiki baxımdan ABŞ və İsrail üçün əsas hədəf İranın hərbi potensialını maksimum dərəcədə zəiflətmək və onu sıfıra yaxın vəziyyətə salmaqdır. Siyasi məqsədlərə tam nail olunmasa belə, hərbi hədəflərə fokuslanma davam edəcək. Qarşıdakı həftələr həlledici ola bilər. Əgər İran 7–10 gün ərzində öz hərbi potensialını qoruyub saxlaya bilsə, proses tamamilə yeni mərhələyə keçə və regional balans dəyişə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ