O sevginin ilahi pıçıltısı, sözə çevrilmiş nəfəsi idi
29 dekabr 1945-ci ildə Ağstafa torpağında bir oğul dünyaya gəldi. O torpaq ki, onun küləyində nisgil, çiçəyində ümid, sükutunda şeir var idı. Həmin oğul illər sonra Azərbaycan poeziyasının ən kövrək, ən səmimi, ən ürəkdən danışan səsinə çevriləcəkdi. Azərbaycanda sevgi şeirinin ayrıca bir nəfəsi varsa, o nəfəsin içində mütləq Nüsrət Kəsəmənlinin səsinin olduğunu göstərəcəkdi. O, məhəbbəti şirin sözlərlə yox, yanğı ilə yazdı. Onun şeirlərində sevgi ideal deyildi, həqiqi idi. Ağrılı idi. Qısqanc idi. Sədaqətli idi. Bəzən üsyankar, bəzən təslim, amma həmişə dürüst idi. Nüsrət Kəsəmənli şeir yazmadı, şeiri yaşadı. Onun misraları qəlbinin içindən gəlirdi. Sanki hər misra bir etiraf hər şeir bir ürək döyüntüsü idi. “Səni unutsam…Bu şəhər məni bağışlamaz…”Baxın, bu, sadəcə bir sevgi etirafı deyil, sevginin müqəddəsliyinə imandır.
Azərbaycan poeziyasında sevgidən çox yazılıb. Amma Nüsrət Kəsəmənli sevgini başqalarının yazdıqlarına oxşatmadı. O, məhəbbəti nağıl kimi yox, həqiqət kimi yazdı. Sevgini çiçək kimi yox, alov kimi gördü. “Daha nağıllara inanmıram mən…” Bu misra ilə o, romantikanı dağıtmadı, əksinə onu böyütdü. Çünki onun sevgisi uşaq inamından çıxıb həyatın ağrısından keçmişdi. “Məhəbbətdən küsəndə Dünya da küsür adamdan…” Onun şeirlərində sevgi ilahidir – amma bu ilahilik göydə deyil, insanın içindədir. O, sevginin həm dua, həm günah, həm də xilaskar olduğunu göstərdi. Nüsrət Kəsəmənli “Sevirsənsə” dedi. “Gözlərimin qarası” dedi. “Təklikdə danışaq” dedi. Bu kitab adlarının özü belə pıçıltıdır. Onun şeirlərində kişi qüruru ilə sevən bir ürəyin kövrəkliyi var idi. O, sevgidə zəif görünməkdən qorxmadı. Əksinə, zəifliyin güc olduğunu sübut etdi. “Mənə inanmırsan bir yuxu kimi, İnanma, əzizim… inan, əzizim…” Bu iki misra arasında bütöv bir sevgi fəlsəfəsi var: inciklik də var, yalvarış da, qürur da, təslimiyyət də.
Nüsrət Kəsəmənlinin 150-dək şeirinə musiqi bəstələndi. Çünki o misraların özü artıq melodiyalı idi. Hər şeir bir nəğmə kimi doğulurdu. Kiminin toyunda səsləndi, kiminin ayrılıq gecəsində. Kimi o misralarla sevdiyini tapdı, kimi o misralarla itirdi. Beləcə Nüsrət Kəsəmənli sevginin şairi idi – amma o sevgi təkcə iki insan arasında deyildi. O, Vətəni də sevirdi. “Vətən alov etsin odunu sənin…” Bu misrada sevgi artıq qadınla kişi arasında yox, torpaqla insan arasındadır.
Nüsrət Kəsəmənli poeziyada kövrək olmağın cəsarət olduğunu da göstərdi. Onun şeirlərində kişi ağlaya bilir, etiraf edə bilir, darıxa bilir,həsrət çəkə bilir. “Mənsiz qalacaqdır bu dünya bir gün…” Bu misra nə qədər sakit səslənsə də, içində böyük bir fəlsəfə var. Dünya qalacaq, amma sevən ürək gedəcək. Ona görə də o, yaşadığı hər hissi yazmağa tələsirdi, böyük şair.
15 oktyabr 2003-cü ildə Təbrizdə haqqa qovuşdu, dünyasını dəyişdi. Amma şairlər ölmür. Onlar sadəcə fiziki olaraq susurlar. Sözləri isə danışmağa davam edir. Bu gün onun 80 illiyini qeyd edərkən anlayırıq ki, Nüsrət Kəsəmənli məhəbbəti Azərbaycan ədəbiyyatında başqa bir mərtəbəyə qaldırdı. O, sevgini ilahiləşdirdi – amma insanilikdən ayırmadı. Onun şeirlərini oxuyanda adam özünü görür. Öz incikliyini. Öz susqunluğunu. Öz yarasını görür. Və anlayır ki, sevgi zəiflik deyil. Sevgi insanın ən uca halıdır.
Bu gün böyük şair 80 yaşındadır. Bəlkə də hansısa gənc yenə pəncərə yanında onun şeirini oxuyur. Bəlkə hansısa qadın göz yaşını onun misralarına gizlədir. Bəlkə hansısa kişi ilk dəfə sevgisini onun sözləri ilə etiraf edir. Əgər bir şair bu qədər ürəkdə yaşayırsa, deməli, o ömür hədər getməyib.
Sonda bu böyük şairin, böyük ustadın taleyimdə az qala sönən bir ümidi necə yandırdığını demək istəyirəm. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin birinci kursunda Müasir Azərbaycan dili fənni tədris edilirdi bizə. Müəllimə çox çətin adam idi.Azərbaycan dilində danışıram, yazıram, məqalələrim çap olunur, bu millətin, bu dilin oğluyam. Amma öz dilimdən qiymət ala bilmirəm. Müəllimə isə qəsdimə durmuş kimi məni universitetdən xaric etməyə çalışır. Bax belə bir məqamda tələbə yoldaşlarımın məsləhəti ilə Yazıçılar İttifaqına getdim, Nüsrət müəllimə üz tutdum. Dərdimi çəkinə-çəkinə ona danışdım. Ayağa qalxdı, gəl mənimlə dedi. Məni də öz avtomobilinə oturdub fakültəyə gəldi. Dərs vaxtı idi. Qapını açıb içəri daxil oldu. Bir az keçmiş məni çağırdı. Qiymət kitabçanı ver dedi. Elə auditoriyada müəllimə mənə məqbul yazdı. Beləcə mən universitetdən xaric edilməkdən qurtardım. Beləcə Nüsrət müəllim tək şair kimi yox, xeyirxah insan kimi də könül dünyamı fəth elədi.
Ruhun şad olsun, sevdanın, insanlığın şairi. Sənin misraların hələ çox ürəklərdə özünə ünvan tapacaq, çox insanın ümidi, yol yoldaşı, sirr dostu olacaq.
Qalib Rəhimli.