Aydın Mədətoğlu Qasımlı
Filologiya üzrə fəlsəfə doktoru
Ucundadır dilimin
Həqiqətin böyüyü
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Bilirmisən, cahillər
Nə etdilər Vətənə?
-Nə qoydular uyuya
Nə qoydular oyana.
...Ayıltmadı qələmim,
Şu Türk ilə Əcəmi
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.
(Əli bəy Hüseynzadə)
Bu düşündürücü şerin yazarı bütün türk dünyasının mücahidi, bütün Türk aləmində bir haqq elçisi, bütün Türk xalqlarının siyasi və milli əsarətdən azad olması uğrunda mübariz, hələ öz sağlığında
“Yalavac” (Peyğəmbər) adlandırılan böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.
Milli tariximizdə filosof, ideoloq, publisist, tənqidçi, şair, tərcüməçi, rəssam kimi tanınan, milli qurtuluş, istiqlaliyyət məramının carçısı, Türk xalqlarını “Vahid Turan” ideyası ətrafında birləşdirməyə çalışan, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideoloji sisteminin yaradıcısı Əli bəy Hüseynzadə 1864-cü ildə Azərbaycanın Salyan qəsəbəsində anadan olmuşdur.
İlk təhsilini “Tiflis Türk-müsəlman məktəbində alan ” (Mahir Qəribli, Azərbaycanın mühacirətdəki mütəfəkkiri Əli bəy Hüseynzadə. Bax: Azərbaycan dünyası dərgisi, Ankara 1999, №1, səh.31), 1885-ci ildə Tiflis Gimnaziyasını müvəffəqiyyətlə bitirib həmin ildə Peterburq Universitetinin Fizika-Riyaziyyat bölümünə qəbul olunan, 1889-cu ildə oranı bitirərək İstanbula gələn, İstanbul Ali hərbi Məktəbində təhsil alan Əli bəy Hüseynzadənin yetkinləşməsində Qafqazın o dövrkü Şeyxülislamı olmuş ana babası, Şeyx Əhməd Səlyaninin, böyük Azərbaycan mütəfəkkirləri Mirzə Fətəli Axundov və Şeyx Cəmaləddin Əfqaninin xüsusi xidmətləri olmuşdur.
Qədim Şərq, Yunan və Qərbi Avropa fəlsəfəsinə, Alman, İngilis, Fransız, Rus və Şərq ədəbiyyatına dərindən bələd olan, “İstanbul Tibb Məktəbində Qərb fikirlərini, Qərb irfan və mədəniyyətini məktəbin professorlarından daha çox tanıdan”, tələbə yoldaşları üzərində “bir Peyğəmbər təsiri buraxan” Əli bəy Hüseynzadə tələbə yoldaşlarından biri olan məşhur Abdullah Cövdətin dediyi kimi: “bir Allah elçisi idi” (Bax: Yusuf Akçura, Türkçülüyün tarixi, İst., 1990, səh.143).
Əli bəy Hüseynzadə Türkiyədə olduğu ilk illərdə “Tərəqqi və İttihad Cəmiyyəti”nin fəal üzvlərindən biri olmuş, 1897-ci ildə hərbi hakim rütbəsi ilə Osmanlı-Türk-Yunan müharibəsinin iştirakçısı olmuş, “Cəmiyyət” üzvləri davamlı təqib edildiyindən əvvəl İtaliyaya, sonra isə 1903-cü ildə doğma Azərbaycana gəlmişdir. Artıq bu dövrə qədər özünü Türk ictimai həyatında bir “Turançı” kimi tanıtdıran Əli bəy Hüseynzadə Misirdə Əli Kamal bəyin redaktorluğu ilə nəşr olunan “Türk” qəzetində çap etdirdiyi məşhur “Məktubi-məxsus” məqaləsində ilk dəfə olaraq Türk dünyasında göstərmişdir ki: “Tatar” deyə adlandırılan bir xalq yoxdur. Kırımlıların, Qazanlıların, Orenburqluların hamısı Türk oğlu Türkdür... Türklər hər harada olurlarsa – istər Osmanlıda, istər Qafqaz və İranda, istər Baykal gölünün ətrafında, ya Qaraqum ətrafında olsun, bir-birlərini tanımalı, sevməli, sünni-şiəlik və daha bilməm “nəlik” adları ilə məzhəb təəssübünü azaldıb... dinin əsasının Quran olduğunu bilmiş olarlarsa, əlverişli olmazmı? Bir millət üçün hər şeydən əvvəl arzu ediləcək şey güclü olmaqdır. Bir millətin güc qazanması onlar arasında mənəvi əlaqənin artmasına bağlııdır. Xüsusilə, onlar arasında qarşılıqlı sevginin artmasına çalışılmalıdır... Məsələ bir-birimizi tanımaq, sevmək, mədəniləşmək yolunda bir-birimizə yardım etmək məsələsidir”.
Onun ən böyük fəaliyyəti doğma Azərbaycana dönüşündən sonra başlamış, yeddi illik bu dövrdə (1903-1910) o, daha çox “mütəfəkkir bir ideoloq kimi fəaliyyət göstərərək gələcək “Türkçülük hərəkatı”nın nəzəri-ideoloji əsasını təşkil edən fəlsəfi əsərlərini yazıb “Türk”, “İrşad”, “Həyat” və s. kimi qəzetlərdə və özünün redaktoru olduğu “Füyuzat” (Tərəqqi-A.M.) jurnalında çap etdirmişdi” (Rəfail Əhmədli, Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi, Türkçülük, Müasirlik, İslamçılıq, Bakı 2007, səh.163). Böyük ideoloqun “Məktubi-məxsus”, “Türklər kimdir və kimlərdən ibarərdir?”, “Bizə hansı elmlər lazımdır?”, “Yazımız, dilimiz, birinci elimiz”, “Nicat məhəbbətdir”, “Məcnun və Leylayi-İslam”, xüsusilə, “Siyasəti-Fürusət” adlı əsərlərinin əsas mövzusu milli ideologiya ilə yanaşı, istibdadın:, çarizmin yeritdiyi müstəmləkəçilik siyasətinin ifşası, İran Məşrutə inqilabının tərənnümü, Əmir Teymurun müsəlman xalqlarını İslam bayrağı altında birləşdirməsi, Türk sülalələrindən Səfəvi hökmdarı Şah İsmayıl Xətayinin İran, İraq və Azərbaycan xalqlarını birləşdirərək mərkəzləşmiş dövlət yaratması, yadellilərə qarşı mübarizə aparıb Azərbaycan və İranı əsarətdən qurtaran Azərbaycan Türklərinin Əfşar boyundan olan Nadir şah Əfşarın müsəlman ölkələri arasındakı sünni-şiə ixtilafına son qoymağa çalışması təşkil edir. Mütəfəkkirin bu əsərlərində irəli sürdüyü ideyalar əsasında “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” ideoloji sistemi yaranmışdır. Onun bu üç sütunlu ideoloji sistemi Türk aləminin hər tərəfinə tezliklə yayılmış və “Gənc Türklər” inqilabından sonra İstanbulda geniş vüsət almış, xüsusilə, onun “Turançılıq” ideyası çar Rusiyası senzurasını, rus və erməni irticaçılarını dərindən narahat etmişdi. Ona görə də təqiblərə məruz qalmış, o da Əhməd bəy Ağaoğlu və Yusif Akçuraoğlu kimi vətəni tərk etməyə məcbur olmuşdu. Onların vətən Azərbaycanı tərk etməsi irticaçıları və xüsusilə, erməniləri çox sevindirmiş, milli ziyalılarımızı isə məyus etmişdi...
(ardı var)
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur