İranla müharibənin iqtisadi silkələnməsi – Azərbaycanda hansı məhsullar bahalaşacaq?


ABŞ, İsrail və İran arasında hərbi gərginlik artıq 12 gündür davam edir. Qonşu ölkə İranda baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başlayıb.

Son günlər mediada tikinti materialları bazarında müəyyən durğunluğun yarandığı barədə məlumatlar yayılır. Bildirilir ki, idxal olunan məhsulların qiymətində, xüsusilə İrandan gətirilən tikinti materiallarında bahalaşma hiss olunur. Bəzi proqnozlara görə, yaxın aylarda həm qiymətlərin, həm də alıcılığın artması mümkündür.

Maraqlıdır, İranda hərbi gərginliyin davam etməsi Azərbaycanın daxili bazarında hansı iqtisadi nəticələrə səbəb ola bilər? Hansı məhsulların bahalaşması gözlənilir?

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, baş verən proseslərin həm qlobal, həm də regional səviyyədə iqtisadi və siyasi təsirləri qaçılmazdır:

BakuPost

“Proses nə qədər uzun davam edərsə, təsirləri də bir o qədər dərin olacaq. Bu təsirlər, təbii ki, qonşu ölkələrə də sirayət edir. Azərbaycan da İranın qonşusu olduğundan müəyyən təsirlərin olması mümkündür”.

İqtisadçının sözlərinə görə, ticarət dövriyyəsinin həcminə baxdıqda görünür ki, İranla iqtisadi əlaqələrimiz ümumi ticarət dövriyyəmizdə böyük paya malik deyil:

“Azərbaycanla İran arasında ticarət dövriyyəsi ümumi dövriyyəmizin təxminən 1,3 faizini təşkil edir. Bu da 600 milyon dollardan bir qədər artıqdır. Bunun cəmi 28 milyon dolları ixracın, qalan hissəsi isə idxalın payına düşür.

İdxal məhsulları arasında tikinti materialları mühüm yer tutur. Bundan başqa, yer kökü, kələm, badımcan kimi kənd təsərrüfatı məhsullarının idxalında İranın payı yüksəkdir. O cümlədən balıq idxalında da İran məhsulları üstünlük təşkil edir və bütün bunlarda müəyyən qədər bahalaşmaların baş verməsi mümkündür”.

E.Əmirov hesab edir ki, mövcud vəziyyətin uzunmüddətli xarakter alacağı ehtimalı böyük deyil:

“Əgər münaqişə uzanarsa, alternativ tədarük istiqamətlərindən idxalın artacağı gözlənilir. Çünki bazar bu kimi prosesləri müəyyən müddətdən sonra özü tənzimləyir. Amma qiymət artımlarının qısa müddətli də olsa baş verməsi təbii haldır. Bu, bazarın reaksiyasıdır”.


MANŞET XƏBƏRLƏRİ