NYT: İranın qisas hücumları nəticəsində 17 ABŞ obyektinə ziyan dəydi


“The New York Times” (NYT) qəzeti ABŞ və İsrailin hücumlarına cavab olaraq İranın həyata keçirdiyi əks-hücumlar nəticəsində 17 ABŞ obyektinə ziyan dəydiyini yazıb.

Turkustan.az xəbər verir ki, qəzet məlumatı peyk görüntüləri, təsdiqlənmiş sosial media videoları və ABŞ ilə İran rəsmilərinin açıqlamalarına əsasən hazırlayıb. Bildirilir ki, hücumlar başlayandan bəri İran ən azı 17 ABŞ hərbi və diplomatik obyektini hədəfə alıb.

Məlumata görə, bəzi obyektlər bir neçə dəfə vurulub. Hücumların miqyasının ABŞ administrasiyasının bəzi rəsmilərinin gözlədiyindən daha geniş olduğu, İranın münaqişəyə hazırlıq səviyyəsinin isə ehtimal ediləndən yüksək ola biləcəyi qeyd olunur.

Hesabatda bildirilib ki, İran ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki hərbi hədəflərinə minlərlə raket atıb və dronlar göndərib. ABŞ rəsmilərinin sözlərinə görə, zərbələrin böyük hissəsinin qarşısı alınıb.

Bununla belə, bölgədə yerləşən ən azı 11 ABŞ hərbi bazası və ya obyektinin zədələndiyi, bunun da ərazidəki bütün obyektlərin təxminən yarısına bərabər olduğu bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ