İpoteka limitini əldə edə bilməyənlər üçün hələ də şans var.
Növbəti 7-10 gün ərzində imtinaların olması gözlənilir.
Çünki qalib olan şəxslər arasında sənədləri uyğun gəlməyən və ya ödəmə qabiliyyəti bank tələblərinə cavab verməyənlər olur. Bankla görüşdən sonra bu müraciətlər ləğv edilir və onların kabinetdəki yerləri boşalır.
Bu səbəbdən vətəndaşlara şəxsi kabinetlərini həftəiçi saat 18:00-dan sonra yoxlamaq tövsiyə olunur. İmtina baş verən kimi boşalan limiti götürmək mümkün ola bilər.
Bundan əlavə, limiti əldə edən bəzi şəxslər ev axtarışı mərhələsində də çətinliklərlə üzləşirlər. Bəziləri uyğun mənzil tapa bilmir, bəzilərinin seçdiyi ev isə sənədlərə görə ipotekaya uyğun olmur. Bu hallarda da növbəti 40-45 gün ərzində imtinalar baş verir.
Bu müddət ərzində proses bir qədər yorucu olsa da, şəxsi kabinetə daxil olaraq imtinaları izləyənlər boşalan limitlərdən yararlana bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Adi ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbulu 05.03.2026-cı il tarixində, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-cı il tarixində həyata keçirilib. /Milli.az/