ABŞ-ın texnologiya şirkəti Google-un keçmiş mühəndisi, Maşın Zəkası Tədqiqat İnstitutunun (MIRI) prezidenti Neyt Soares süni intellektin yaratdığı risklər səbəbindən insanların 10 il ərzində mövcudluğunu itirə biləcəyini düşündüyünü bildirib.
Turkustan.az xəbər verir ki, o, bu ehtimala görə təqaüd üçün pul yığmadığını deyib.
“The Atlantic” nəşrinə danışan Soares süni intellektin inkişafı nəticəsində növbəti 10 il ərzində bəşəriyyətin yox olmaq ehtimalını 50 faiz qiymətləndirdiyini bildirib.
Soares qeyd edib ki, Google-da işlədiyi dövrdə pensiya yığımları edib, lakin təxminən 10 ildir ki, həmin yığımlara əlavə vəsait yatırmır.
Süni intellektin mümkün təhlükələri ilə bağlı müzakirələr digər texnologiya rəhbərlərinin açıqlamaları fonunda da davam edir. Belə ki, sentyabrın 12-də dərc olunan məqalədə “Anthropic” şirkətinin baş direktoru Dario Amodei sürətlə inkişaf edən süni intellekt texnologiyasının təhlükəsizliyini təmin etmək üçün bu prosesin balanslaşdırılmış, nəzarət altında və əməkdaşlıq şəraitində aparılmasının vacibliyini vurğulayıb.
Bu açıqlama süni intellekt modellərinin inkişafının yavaşladılması ilə bağlı çağırışları yenidən gündəmə gətirib. Bununla belə, bəzi texnologiya rəhbərləri və siyasi xadimlər inkişaf tempinin azaldılmasının sektorda inhisarçılığa yol aça və Çinin bu sahədə mövqeyini gücləndirə biləcəyindən narahat olduqlarını bildiriblər.
Aytən Yaşar/Turkustan.az