Buzlar əridikcə təhlükə artır: Dünyanın ən böyük aysberqi parçalandı


Dünyanın ən böyük aysberqi kimi tanınan A23a parçalanmağa başlayıb.

Turkustan.az xəbər verir ki, qlobal istiləşmə nəticəsində onun yarıdan çoxu əriyib və nəticədə "ən böyük aysberq" statusunu itirib.

Bu nəhəng buz kütləsi 1986-cı ildə Antarktidadakı Filchner-Ronne buz şelfindən qoparaq yaranmışdı. A23a təxminən 1,1 trilyon ton ağırlığında və 3672 kvadrat kilometr ərazini əhatə edirdi – bu, ABŞ-ın Rod-Aylend əyalətindən bir qədər böyükdür.

Aysberq uzun illər Antarktida sularında sabit qaldıqdan sonra 2024-cü ilin mart ayında Cənubi Corciya adasının sahillərinə qədər hərəkət etdi. Yay aylarında isə yenidən üzərək şimala, daha isti sulara doğru sürüklənməyə başladı.

Britaniya Antarktika Tədqiqatı qurumu A23a-nın parçalanmağa başladığını və artıq bir neçə böyük hissəyə ayrıldığını bildirib. Aysberqin ölçüsü 1700 kvadrat kilometrə qədər kiçilib – bu, təxminən Londonun sahəsinə bərabərdir.

Rəsmi mənbələr bildirir ki, A23a "uzun müddət isti sulara məruz qalıb və demək olar ki, içəridən çürüyüb". Bu isə onun yaxın zamanda tamamilə yox olacağı anlamına gəlir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ