Ukrayna Vladimir Putinin sevimli “layihəsi” sayılan Krım körpüsünü tamamilə məhv etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, hərbi mənbələrin bildirdiyinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski komandanlığa birbaşa göstəriş verib. O, körpünün qalan bütün aşırımlarının tamamilə dağıdılmasını tələb edir.
Xatırladaq ki, 10 gün əvvəl Ukrayna dronları və qanadlı raketləri Krımı Rusiya ilə birləşdirən bu körpüyə zərbə endirib. Həmin vaxt zərbə nəticəsində yolun dördzolaqlı hissəsi dayaq arkası ilə birlikdə Kerç boğazının sularına çöküb.
“The Telegraph”ın məlumatına görə, bu hadisə Rusiyanın Krımdakı qoşunlarını təchiz etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.
Bundan əlavə, Ukraynanın “Neptun” raketlərinin körpünün möhkəmləndirilmiş dəmir yolu aşırımını da ciddi zədələdiyi bildirilib.
“Prezident onun tamamilə məhv edilməsini istəyir”, - deyə hərbi mənbə qeyd edib. Mənbə yeni zərbələrin artıq hazırlandığını da əlavə edib.

Krım körpüsünün tamamilə məhv edilməsi nə demək olardı?
Nəşrin yazdığına görə, bu, Zelenski üçün mühüm siyasi qələbə olardı, çünki o, bununla Rusiyanın işğal altındakı Krım üzərində nəzarətini zəiflətməyə çalışır.
Kerç körpüsü də adlandırılan Krım körpüsünün tikintisinə Putin 2014-cü ildə Krımın qanunsuz ilhaqını qeyd etmək üçün göstəriş verib. O, 2018-ci ildə 19 kilometrlik keçidin sükanı arxasında yük maşını sürərək açılışı təmtəraqla qeyd edib.
Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri körpünü sıradan çıxarmağa dəfələrlə cəhd edib. Məqsəd dəyişməz qalıb, Rusiyanı işğal olunmuş yarımadanı və Ukraynanın cənubundakı qüvvələrini təchiz etmək imkanından məhrum etmək.
Jurnalistlərin qeyd etdiyinə görə, bu cəhdlərin heç biri bu il noyabrın 18-dək tam uğurlu olmayıb. Genişmiqyaslı əməliyyatda 11 müxtəlif silah növü tətbiq olunub və bu, mürəkkəb yeddimərhələli planın kulminasiyası sayılıb. Əvvəlcə Ukrayna qüvvələri körpü ətrafındakı Rusiya müdafiəsini tədricən zəiflədib, yalnız bundan sonra əsas zərbəni endirib.
Körpüyə ilk zərbələr davam edərkən hücuma “Neptun” raketləri ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin raket briqadası da qoşulub. Gecəyarıdan dərhal sonra səyyar buraxılış qurğularındakı hərbçilər Ukraynanın cənub sahili boyunca əvvəlcədən hazırlanmış mövqelərə çıxıblar.
Gizli mövqelərdən Ukrayna istehsalı olan “Neptun” gəmi əleyhinə qanadlı raketlərindən iri yaylım atəşi açılıb. Mühərrik yanacağının alovlanmasından yaranan parlaq narıncı işıq ətrafı bürüyən kimi briqada rusların mümkün cavab zərbəsindən yayınmaq üçün sürətlə geri çəkilib.

“The Telegraph”ın yazdığına görə, “Neptun”ların hədəfi məhz yük qatarlarının ağırlığına tab gətirmək üçün xüsusi möhkəmləndirilmiş dəmir yolu aşırımı olub. Məhz buna görə raket briqadası növbəti gecə “ikinci zərbə” üçün geri qayıdıb.
Bu hücumla körpünün dəmir yolu hissəsi zəiflədilib. Hərbçilər ikinci yaylım atəşindən sonra əmrin şəxsən Zelenski tərəfindən verildiyini öyrəniblər.
Daha əvvəl UNİAN xəbər verib ki, dron hücumundan sonra Rostov vilayətindəki Neft Emalı Zavodunda və Samara yaxınlığındakı neft habında yanğın baş verib. Böyük ehtimalla yanacaq çənləri alışıb, lakin zərərin miqyasını dəqiq demək mümkün deyil.
Həmçinin bildirilib ki, Kerç körpüsü olmadan rusiyalılar Krıma “ölüm yolu” ilə getməli olurlar. “Telegram” kanallarında sürücülər belə səfərlər zamanı təhlükəsizlik və sağ qalmaq üçün xüsusi təlimatlar paylaşırlar. /Musavat.com/