Avropa Kosmik Agentliyinin (ESA) Hera kosmik aparatı NASA-nın 2022-ci ildə qəsdən toqquşdurduğu Dimorphos asteroidini və onun ətrafında hərəkət edən Didymos asteroid sistemini araşdırmağa başlayıb.
Turkustan.az xəbər verir ki, Almaniya Aerokosmik Mərkəzinin (DLR) məlumatına görə, Hera aparatı asteroidlərin ilk yaxın görüntülərini Yerə ötürüb. Şəkillərdə asteroidlərin səthində çoxsaylı iri daşlar, kraterlər və qeyri-adi geoloji strukturlar qeydə alınıb.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da NASA-nın DART kosmik aparatı təxminən 6,1 km/s sürətlə Dimorphos asteroidinə çırpılmışdı. Təcrübənin məqsədi səma cisminin hərəkət istiqamətini dəyişdirməyin mümkünlüyünü yoxlamaq idi.
Nəticədə asteroidin daha böyük Didymos ətrafında dövr etmə müddəti təxminən 33 dəqiqə azalıb. Bu, insan müdaxiləsi nəticəsində bir səma cisminin hərəkətinin ölçülə bilən şəkildə dəyişdirildiyi ilk uğurlu təcrübə hesab olunur.
Hazırda Hera missiyasının əsas məqsədi toqquşmanın asteroidin səthinə və daxili quruluşuna təsirlərini araşdırmaqdır. Alimlər əldə ediləcək məlumatların gələcəkdə Yer kürəsini təhlükəli asteroidlərdən qorumaq üçün istifadə oluna biləcəyini düşünürlər.
Missiyanın daha ətraflı görüntülərinin noyabrın 25-də ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. /crossmedia.az/