Dövlət rəhbərlərinin siyasi fəaliyyəti, hakimiyyətə gəlişi, həyat yoldaşları və övladları barədə çox yazılıb. Lakin onların bacı-qardaşları haqqında məlumatlar o qədər də məlum deyil.
Dünya liderlərinin ailə tarixçələri bir-birindən maraqlı məqamlarla fərqlənir. Bəziləri ailənin yeganə övladı olub, bəziləri bacı-qardaşlarını erkən yaşda itirib, kiminin yaxınları siyasətdə, kimininki biznesdə və ictimai həyatda özlərinə yer edib.
Modern.az saytı dünyanın müxtəlif ölkələrinə rəhbərlik edən dövlət başçılarının bacı-qardaşları, onların həyat yolu və ailə tarixçələri ilə bağlı maraqlı məqamları araşdırıb.
Vladimir Putin – iki qardaşını heç vaxt görməyib
Rusiya Prezidenti Vladimir Putinin ailə tarixçəsində diqqətçəkən məqamlardan biri onun iki böyük qardaşının olmasıdır. Lakin Putin onların heç birini tanımayıb. Çünki hər ikisi onun dünyaya gəlməsindən əvvəl vəfat edib.
Vladimir və Mariya Putinlərin ilk övladı Albert 1930-cu illərin ortalarında dünyaya gəlib və körpə ikən həyatını itirib. İkinci oğulları Viktor isə 1940-cı ildə doğulub. Leninqradın blokadası zamanı, 1942-ci ildə difteriya xəstəliyindən və aclıqdan vəfat edib.
Vladimir Putin 1952-ci il oktyabrın 7-də dünyaya gəlib. O, ailənin sağ qalan yeganə övladı olub. İkinci Dünya müharibəsi və Leninqrad blokadası Putinin ailəsinin həyatında ağır izlər buraxıb.
Bu barədə məlumatlar Putinin öz müsahibələrinə əsaslanan bioqrafik materiallarda da yer alıb.
Aleksandr Lukaşenko – böyük qardaşı da olub
Belarus Prezidenti Aleksandr Lukaşenko uşaqlığını atasız keçirib. Anası Yekaterina Trofimovna onu təkbaşına böyüdüb.
Lukaşenkonun özündən böyük bir qardaşının olduğu, lakin onun uşaqlıqda vəfat etdiyi barədə məlumatlar var.
Belarus lideri 1954-cü il avqustun 30-da anadan olub. Aleksandr Lukaşenko da Putin kimi böyük qardaşı görə bilməyib və tək böyüyüb.
İlham Əliyev – bacısı tanınmış simadır
Azərbaycan Prezidenti İlham Əliyevin bir bacısı var – Sevil Əliyeva. O, Heydər Əliyev və Zərifə Əliyevanın ailəsində İlham Əliyevdən 6 il əvvəl dünyaya gəlib.
Sevil Əliyeva 1955-ci il oktyabrın 12-də, İlham Əliyev 1961-ci il dekabrın 24-də dünyaya gəlib. S.Əliyeva əvvəlcə Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib, sonra Moskvada SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub. 1981-ci ildə elmi tədqiqatını başa çatdırıb və namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olub.
Musiqi sahəsində də fəaliyyət göstərən S.Əliyeva bir sıra mahnıların, o cümlədən anası, mərhum akademik Zərifə Əliyevaya həsr etdiyi “Ana” elegiyasının müəllifidir. Onun adı Azərbaycanda televiziya fəaliyyəti ilə də bağlıdır: Space TV-nin qurucusudur.
Bu yaxınlarda verdiyi açıqlama o, 2017-ci ildən etibarən Bakıda, ata evində yaşadığını bildirib. Bir oğlu, bir qızı var.
Məsud Pezeşkian – ailə faciəsi ilə yadda qalan həyat
İran Prezidenti Məsud Pezeşkian 1954-cü ildə İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olub. Məsud Pezeşkian bir neçə müsahibəsində “Atam da türkdür, anam da və mən türk olduğum üçün fəxr edirəm!” deyib.
Məsud Pezeşkianın atası Məhəmməd Əli əczaçılıqla məşğul olub. Prezidentin anası Məhbubə Sudbaxş evdar qadın olub.
Məhəmməd Əli və Məhbubə Sudbaxş cütlüyünün 7 övladı dünyaya gəlib. İlk övlad Qüdrət doğulandan altı ay sonra ölüb. Ondan sonra ailədə daha 6 uşaq dünyaya gəlib: Mahmud, Sürəyya, Huriyə, Məsud, Yusif və Ziba.
M.Pezeşkianın həyatının ən ağır hadisəsi 1994-cü ildə baş verib. Həmin il xanımı Fatimə Məcidi və kiçik oğlu yol qəzasında həlak olublar. Məsud Pezeşkian qalan iki oğlu ilə bir qızını tək böyüdüb və bir daha evlənməyib.
Nikol Paşinyan – iki qardaşı Qarabağ müharibəsində iştirak edib
Ermənistanın Baş naziri Nikol Paşinyanın iki böyük qardaşı var. Onlar Armen və Artak Paşinyandır.
Paşinyanın anası Svetik Ovannisyan 1987-ci ildə xəstəlikdən vəfat edib. Həmin vaxt Nikolun cəmi 12 yaşı olub. Atası – idman müəllimi olan Vova Paşinyan sonradan ikinci dəfə ailə qurub. Nikol və qardaşları ögey anaları Yercanik Çibuxçyan tərəfindən böyüdülüblər.
Paşinyanın qardaşları ilə bağlı maraqlı məqamlardan biri onların Qarabağ müharibəsində iştirak etməsidir. Ermənistan mətbuatında yayılan materiallarda Armen və Artakın müharibədə iştirak etdiyi, Nikolun isə bu səbəbdən hərbi xidmətdən azad olunduğu bildirilir. Ermənistan qanunlarına görə, ailədə iki qardaş müharibədə iştirak edibsə, üçüncü qardaş bu öhdəlikdən – hərbi xidmət keçməkdən azaddır.
Paşinyanın özü 1975-ci il iyunun 1-də İcevan şəhərində anadan olub. O, ailənin üç oğlundan ən kiçiyidir.
Rəcəb Tayyib Ərdoğan - iki ögey, iki doğması var
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın atası Əhməd Ərdoğan iki dəfə evlənib.
Rəcəb Tayyib Ərdoğanın Mustafa adlı doğma qardaşı və Vəsilə adlı doğma bacısı var. Mustafa 1958-ci, Vəsilə isə 1965-ci ildə anadan olub.
Bundan başqa, Ərdoğanın atasının əvvəlki nikahından iki ögey qardaşı da olub. Onlar Mehmet və Həsən Ərdoğandır. Mehmet 1926–1988, Həsən isə 1929–2006-cı illərdə yaşayıb.
Ərdoğan 1954-cü il fevralın 26-da İstanbulda dünyaya gəlib. O, ailənin ən kiçik övladlarından biri kimi böyüyüb.
Şavkat Mirziyoyev – həkim ailəsində böyüyüb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 1957-ci il iyulun 24-də Cizzax vilayətinin Zəmin rayonunda həkim ailəsində dünyaya gəlib.
Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilən bioqrafiyada onun valideynləri, təhsili və siyasi fəaliyyəti barədə məlumatlar yer alsa da, bacı-qardaşları haqda bilgi verilmir.
Özbəkistan mediasının məlumatına görə, Şavkat Mirziyoyevin bir qardaşı, üç bacısı var.
Bacısı İnobat Mirziyoyeva ailənin ən böyük övladıdır və Şavkat Mirziyoyev uşaq yaşlarında anası vəfat etdikdən sonra onun böyüməsində əsas rol oynayıb.
Prezidentin İnobatdan başqa daha iki bacısı və bir qardaşı da var.
Şavkat Mirziyoyevin ailə həyatı ilə bağlı məlumdur ki, onun həyat yoldaşı Ziroaton Mirziyoyevadır. Üç övladı – iki qızı və bir oğlu var.
Asif Əli Zərdari – iki bacısı Pakistan siyasətində tanınır
Pakistan Prezidenti Asif Əli Zərdarinin bacı-qardaşları arasında siyasi fəaliyyəti ilə tanınan şəxslər var. Onun üç doğma bacısı və bir süd (övladlığa götürülmüş) qardaşı var.
Asif Zərdarinin iki bacısı – Azra Fazal Peçuho və Faryal Talpur siyasətlə məşğuldurlar.
Azra Fazal Peçuho həkimdir və Pakistan parlamentində deputat olub. Faryal Talpur da Pakistan Xalq Partiyasının tanınmış nümayəndələrindəndir. O, Sind əyalətində siyasi fəaliyyət göstərib və parlamentdə təmsil olunub.
Fövziyyə Abbasi digər iki bacısından fərqli olaraq siyasətdən uzaq, ictimaiyyətə qapalı həyat tərzi sürür.
Oveys Müzəffər Prezidentin övladlığa götürülən süd qardaşıdır və vaxtilə Sind əyalət hökumətində müxtəlif siyasi vəzifələrdə çalışıb.
Asif Zərdarinin özü 1955-ci il iyulun 26-da Sind əyalətində, bəlucların yaşadığı ailədə anadan olub. O, Pakistanın sabiq baş naziri Benazir Bhuttonun həyat yoldaşı olub.
Kasım-Jomart Tokayev – iki qardaşı, iki bacısı var
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin atası Kemel Tokayev tanınmış qazax yazıçısı, detektiv janrının yaradıcılarından biri olub. O, İkinci Dünya müharibəsinin iştirakçısı idi. Anası Turar Şabarbayeva isə Almatı Xarici Dillər Pedaqoji İnstitutunda çalışıb.
Tokayev 1953-cü il mayın 17-də Almatıda anadan olub. Qazaxıstan Prezidentinin iki qardaşı, iki bacısı var. Kasım-Jomart ailənin ilk övladıdır.
Prezidentin böyük bacısı Karlıqa Tokayeva 1956-cı ildə anadan olub. Qazaxıstanlı diplomat Temirtay İzbastin ilə evlidir və biznes sahəsində fəaliyyət göstərir.
Digər bacısı Karlıqaş Tokayeva 1960-cı ildə anadan olub. Siyasi elmlər namizədidir.
Prezidentin qardaşları Bakıt və Kanat Tokayevlərdir.
Mixeil Kavelaşvili – futbolçu prezidentin ailəsi
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili siyasətə gəlməzdən əvvəl futbolçu kimi tanınıb. O, uzun illər Gürcüstanın milli komandasında çıxış edib, İngiltərənin “Mançester Siti” klubunda da oynayıb.
1971-ci il iyulun 22-də Bolnisi şəhərində anadan olan Kavelaşvilinin şəxsi həyatı barədə açıq məlumatlar məhduddur.
Gürcüstan Prezidentinin rəsmi bioqrafiyasında onun evli olduğu və dörd övladının olduğu qeyd edilir. Lakin bacı-qardaşlarının sayı və kimliyi barədə məlumat verilmir.
Mixeil Kavelaşvili məşhur gürcü müğənnisi Liza Baqrationinin bacısı Tamar Baqrationi ilə evlidir. Cütlüyün Mariam, Quram və Elizabet adlı üç övladı, həmçinin Kavelaşvilinin həyat yoldaşının ilk evliliyindən olan Georgi adlı ögey oğlu var.
Serdar Berdiməhəmmədov – iki bacısı var
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun ailəsi barədə məlumatlar digər region liderləri ilə müqayisədə daha məhdud olsa da, onun bacıları haqqında bioqrafik məlumat mövcuddur.
Serdar Berdiməhəmmədov 1981-ci il sentyabrın 22-də Aşqabadda dünyaya gəlib. O, Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovun yeganə oğludur.
Prezidentin iki doğma bacısı var. Xarici KİV-lərdə dərc olunan məlumatlarda onun bir ögey bacısının olduğu da bildirilir.
Serdar Berdiməhəmmədovun özü də ailəlidir və dörd övladı var.
Sadır Japarov – 11 uşaqlı ailədə böyüyüb
Qırğızıstan Prezidenti Sadır Japarovun ailəsi siyahımızdakı ən böyük ailələrdən biridir.
“Novastan” nəşrinin məlumatında bildirilir ki, Sadır Japarov çoban ailəsində, özündən başqa daha 10 uşağın olduğu ailədə böyüyüb. Beləliklə, ailədə ümumilikdə 11 uşaq olub: 7 qardaş, 4 bacı.
Onun valideynləri Stalin repressiyalarından qaçaraq 1930-cu illərdə Çinə köçüblər, sonradan Qırğızıstana qayıdıblar.
Sabır Japarov Prezidentin böyük qardaşıdır və müxtəlif tikinti, mədənçıxarma və yanacaq şirkətlərində pay sahibi və rəhbər kimi fəaliyyət göstərib.
Dövlət başçısının digər qardaşları Davletbek, Orozbek, Jumakadır, Erkinbek, Askarbek müxtəlif sahələrdə çalışırlar.
Prezidentin bacıları Raykul, Saltanat, Rayxan və Gülbara sahibkarlıq, pedaqoji, maliyyə sahələrində işləyirlər.
Sadır Japarovun ailə həyatı da maraqlı məqamlarla zəngindir. S.Japarovun həyat yoldaşı Aygül Asanbayeva ilə dörd övladı var. Prezident qardaşlarından birinin həyat yoldaşı ilə birlikdə avtomobil qəzasında vəfat etməsindən sonra onun oğlunu da öz ailəsində böyüdüb.
Donald Tramp – bir qardaşı alkoqol asılılığından vəfat edib
ABŞ Prezidenti Donald Tramp beş uşaqlı ailədə böyüyüb. Onun özündən böyük iki bacısı, böyük qardaşı və kiçik qardaşı olub.
Böyük bacısı Merian Tramp uzun illər federal hakim kimi çalışıb. O, ABŞ Apellyasiya Məhkəməsinin hakimi olub və 2023-cü ilin noyabrında 86 yaşında vəfat edib.
Trampın böyük qardaşı Fred Tramp pilot olub. O, alkoqol asılılığından əziyyət çəkib və 1981-ci ildə, 43 yaşında dünyasını dəyişib.
Trampın digər bacısı Elizabet Tramp bank sektorunda çalışıb.
Kiçik qardaşı Robert Tramp isə ailə biznesində fəaliyyət göstərib və 2020-ci ildə 71 yaşında vəfat edib.
Donald Trampın özünün dəfələrlə qardaşının alkoqol asılılığından əziyyət çəkməsinin ona təsir etdiyini, məhz bu səbəbdən alkoqoldan uzaq durduğunu söylədiyi bildirilir.
Emmanuel Makron – qardaşı kardioloq, bacısı nefroloqdur
Fransa Prezidenti Emmanuel Makron üç uşaqlı ailənin böyük övladıdır. Onun özündən kiçik Laurent və Estelle adlı qardaşı və bacısı var.
Makronun qardaşı Laurent tibb sahəsində çalışır və kardioloqdur. Bacısı Estelle isə nefroloqdur. Hər ikisi valideynlərinin peşə yolunu seçərək tibb sahəsində fəaliyyət göstəriblər.
Fransa mediasının məlumatına görə, Laurent Makron qardaşı ilə tələbəlik illərində Parisdə eyni mənzildə də yaşayıb.
Makronun ailəsinin digər üzvləri kimi, bacı-qardaşları da ictimai diqqətdən uzaq qalmağa üstünlük verirlər. Onlar Emmanuelin siyasi fəaliyyətinə fəal şəkildə qoşulmayıblar.
Corcia Meloni – bacısı da siyasətdədir
İtaliyanın Baş naziri Corcia Meloninin ailəsində ən çox tanınan şəxs onun böyük bacısı Ariannadır.
Meloni 1977-ci il yanvarın 15-də Romada anadan olub. Valideynlərinin ayrılmasından sonra anası onu və böyük bacısı Ariannanı tək böyüdüb. Ailə Romanın fəhlə məhəllələrindən biri olan Qarbatedellada yaşayıb.
Arianna Meloni də bacısı kimi siyasətlə məşğuldur. O, Corcia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” partiyasında mühüm vəzifə tutur və partiyanın siyasi katibliyinə rəhbərlik edir.
Arianna İtaliyanın kənd təsərrüfatı naziri Françesko Lollobricida ilə ailəlidir.
Meloninin atası ailədən ayrıldıqdan sonra Kanar adalarına köçüb. Onun sonrakı nikahından Corcianın dörd ögey bacı-qardaşının olduğu barədə də məlumatlar yayılıb.
Endi Börnhem – iki qardaşı müəllimdir
Böyük Britaniyanın Baş naziri Endi Börnhemin də ailə həyatı maraqlı məqamlarla zəngindir.
Endi Börnhem üç oğlan uşağının ortancılı olub. Onun iki qardaşı var və hər ikisi müəllimlik fəaliyyəti ilə məşğuldur.
BBC-nin materialında Börnhemin böyük və kiçik qardaşlarının Uorrinqton bölgəsində müəllim işlədiyi bildirilir.
Qardaşlarından biri Nik Börnhem sonradan kollec direktoru, digəri Con Börnhem isə məktəb rəhbəri kimi tanınıb.
İmomali Raxmon – bacısının ölümü qalmaqalla yadda qalıb
Tacikistan Prezidenti İmomali Raxmonun 7 uşaqlı ailədə böyüyüb - yəni özündən başqa 6 bacı-qardaşı olub. O, ailənin üçüncü övladıdır.
Prezidentin bacı-qardaşları haqqında geniş məlumatlar yoxdur. Mətbuatda və açıq mənbələrdə adı çəkilən bəzi bacı-qardaşları bunlardır:
Fayziddin Raxmonov (qardaşı). 1959-cu ildə Sovet Ordusunda hərbi xidmət zamanı həlak olub.
Nuriddin Raxmon (böyük qardaşı). Kənd təsərrüfatı (traktorçu və fermer) ilə məşğul olub və 2017-ci ildə 67 yaşında ürək çatışmazlığından vəfat edib.
Qurbanali Raxmonova (bacısı). 2021-ci ilin iyul ayında COVID-19 xəstəliyindən vəfat etdiyi bildirilib.
Prezidentin bacısının koronavirusdan ölməsi qalmaqalla yadda qalıb. Mətbuatda yayılan məlumatlara görə, hadisədən sonra Prezidentin bacısı onun oğulları Tacikistanın səhiyyə naziri və xəstəxananın həkimlərindən biri ilə münaqişə yaradıb.
İmomali Raxmon 1952-ci il oktyabrın 5-də Dangara rayonunda kəndli ailəsində anadan olub. O, 1994-cü ildən Tacikistana prezidentlik edir.
Tacikistan rəhbərinin ailəsi ilə bağlı digər maraqlı məqam isə övladlarının dövlət idarəçiliyində mühüm vəzifələr tutmasıdır. Oğlu Rustam Raxmon Düşənbənin meri, qızı Ozoda Raxmon isə prezident administrasiyasının rəhbəri olub.
Volodimir Zelenski – ailənin tək övladıdır
Ukrayna Prezidenti Volodimir Zelenski ailənin tək övladıdır. Volodimir Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərindən olan ziyalı ailəsində dünyaya gəlib.
Ukrayna liderinin valideynlərinin yəhudi kökənli olduğu bildirilir.
Atası Oleksandr Zelenski professor, anası Rima Zelenskaya isə mühəndisdir. Prezidentin valideynləri hazırda təqaüddədirlər. Atasının 79, anasının 76 yaşı var.
Ukrayna Prezidenti Yelena Zelenskaya ilə evlidir və iki övladı var.